Azərbaycan və Belarusiya Strateji Tərəfdaşlığın Yeni Səhifəsi

16 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ikitərəfli münasibətlərin yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu səfər zamanı imzalanan çoxsaylı sənədlər və keçirilən görüşlər iqtisadi əməkdaşlığın dərinləşməsindən, regional sabitliyin təmin olunmasına və beynəlxalq arenada ortaq mövqeyin möhkəmlənməsinə qədər geniş spektrli məsələləri əhatə etdi.
İki ölkə arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri sənaye kooperasiyası və birgə istehsalın genişləndirilməsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu, ilk növbədə, maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı və nəqliyyat sahələrini əhatə edir. Belarus şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunması isə iqtisadi əməkdaşlığın yeni və mühüm bir istiqamətini müəyyən edir.
Belarusiyanın şəhərsalma, müasir texnologiyalar və aqroşəhərciklərin tikintisi sahəsindəki təcrübəsi Qarabağın dirçəldilməsi üçün əvəzsizdir. Prezident Əliyevin qeyd etdiyi kimi, birinci dərəcəli vəzifə keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaq və onları müvafiq işlə təmin etməkdir. Bu prosesdə Belarus şirkətlərinin iştirakı həm Azərbaycanın iqtisadi inkişafına təkan verəcək, həm də Belarus şirkətləri üçün yeni bazarlar açacaqdır.
Azərbaycan və Belarus prezidentləri arasındakı dostluq münasibətləri təkcə ikitərəfli əlaqələrin deyil, həm də regional sabitlik və inkişafın təmin olunmasında mühüm rol oynayır. Prezident Lukaşenkonun Azərbaycanın son illərdə əldə etdiyi böyük nailiyyətləri, xüsusilə də Qarabağ münaqişəsinin həllini yüksək qiymətləndirməsi və Prezident İlham Əliyevin liderliyini vurğulaması bu dostluğun təzahürüdür.
Prezident Lukaşenkonun qeyd etdiyi kimi, Azərbaycanın müharibədən sonrakı quruculuq və sülh quruculuğu təcrübəsi Belarus üçün də çox vacibdir. Bu təcrübə həm Belarusun özünün inkişafı, həm də regional sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. İki ölkə liderlərinin şəxsi dostluğu və qarşılıqlı etimadı bu təcrübənin mübadiləsi və birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
Azərbaycan və Belarus beynəlxalq arenada da bir-birinə dəstək verən strateji tərəfdaşlardır. Hər iki ölkə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq humanitar hüquqa hörmətlə yanaşır. Bu ortaq dəyərlər əsasında iki ölkə bir çox beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT və Qoşulmama Hərəkatında birgə fəaliyyət göstərir və regional və qlobal məsələlərdə ortaq mövqe nümayiş etdirir.
Fuad Rəhimov
Yeni Suraxanı bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti