Dostluq və əməkdaşlıq görüşü

Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.” Bu fikirləri mayın 19-da Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi söyləyib.
“Qız Qalası” hidroqovşağının açılışını və “Xudafərin” hidroqovşağının istismara verilməsini tarixi hadisə adlandıran ölkəmizin başçısı qeyd etmişdir ki, İlk növbədə, bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlarımıza təşəkkürümü bildirmək istəyirəm. Burada da qeyd olundu ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var. Bu gün biz əyani şəkildə gördük ki, bu layihə doğrudan da böyük bilik, səriştə və təcrübə tələb edirdi. 
Qeyd edək ki, azad edilmiş Azərbaycan rayonlarında İranın investisiya fəaliyyətləri üçün açılmış imkanlar demək olar ki, tam yeni istiqamətdir. Ərazilərimizin bərpasında İranın özəl və dövlət sektorunun iştirakı iki ölkənin münasibətlərini daha da zənginləşdirəcək. İki ölkənin sərhədində qanunsuz işğal rejiminə son qoyulması Azərbaycan və İran üçün həm də müstəsna əhəmiyyətli, daha möhkəm təhlükəsizlik məsələsidir. İran-Azərbaycan münasibətlərindəki yeni dövr Şimal-Cənub dəhlizində əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərir. Astaraçay üzərində yeni körpunun salınması belə imkanların hələ genişlənəcəyini göstərir. Ölkəmizin başçısı bunu yüksək qiymətləndirərək bildirmişdir ki, “Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Həm Şimal-Cənub, eyni zamanda, Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq.”
İran-Azərbaycan münasibətlərinin nəqliyyat, logistika imkanlarını genişləndirdiyini bildirən ölkə başçısı bunu yüksək qiymətləndirərək bildirdi ki, Şimal-Cənub nəqliyyat dəhlizi hər iki ölkənin imkanlarını artırmaqla yanaşı, ticarətin və iqtisadiyyatın inkişafında da mühüm rol oynayacaqdır.
İranın bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin edilməsi istiqamətində çox önəmli və dəyərli səylər göstərdiyini qeyd edən cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməlidir. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir. Məhz problemləri qarşılıqlı anlaşma şəraitində həll etməyin nümunəsi olaraq hazırda Azərbaycanla-Ermənistan arasında birbaşa danışıqları göstərmək olar. Ölkəmizin başçısı bu nüansı belə ifadə etmişdir: “Azərbaycan Ermənistanla olan məsələni - öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla, beynəlxalq hüquq, beynəlxalq humanitar hüquq çərçivəsində həll edib və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edib. İndi isə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Bu prosesin ilkin müsbət nəticələrini görürük və sərhədimizin şimal hissəsində artıq delimitasiya və demarkasiya başlanmışdır.”
Azərbaycan-İran əməkdaşlığı hazırkı məzmununa görə müharibədən əvvəlki dövrlə müqayisədə daha geniş, çoxşaxəli və sürətlidir. Yüksək səviyyəli münasibətlər Azərbaycanın qalibiyyətli müharibə ilə bölgədə yaratdığı yeni reallıqların və iki ölkə rəhbərliyinin yeni imkanlara tam real baxa bilmələrinin nəticəsidir.
Arzu Miriyev

Suraxanı rayonu, 65 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti