8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirildi. Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olundu. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi apardı.Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verildi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb.Prezident İlham Əliyev: Cənubi Qafqaz regionunda deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir.Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Bizə elə gəlirdi ki, mesajımızı çatdıra bilmirik. Biz özümüzü günahlandırırdıq, resurslarımızı səfərbər edirdik, beynəlxalq ictimaiyyəti maarifləndirirdik. Daha sonra biz dərk etdik ki, bir çox insanlar, müxtəlif fərdlər bizim mesajları eşitmək istəmir, onlar vəziyyəti tamamilə fərqli şəkildə təqdim etmək istəyir. Ona görə də bu məsələyə yanaşmanın ən yaxşı yolu budur: 30 il müstəqil olan ölkə nə edə bilər? Sizin kimi şəxsləri Bakıya və bölgələrimizə dəvət etmək və bizim nə işlər gördüyümüzü, planlarımızı təqdim etmək, gözləntilərimizi sizə çatdırmaqdır ki, biz dövlət quruculuğunda nələrə nail olmuşuq. Məhz bu, ən səmərəli üsuldur. Biz uzun illərdir üzləşdiyimizi bu gün görürük ki, Amerika Prezidenti də buna məruz qalıbdır. Prezident Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır. Elə, sadəcə, bunu görəndə biz özümüzü bir az rahat hesab edə bilərik. Yəni, bu gün diqqət Azərbaycandan yayınıbdır. Əlbəttə, biz çox arzu edirik ki, media obyektiv olsun, hər kəs obyektiv olsun. Ancaq medianın xüsusi məsuliyyəti var. Çünki medianın mesajları, məsələni işıqlandırması bir çox insanların həyatına təsir edir.
Siyasi qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. Ticarət dövriyyəsi artır. Rusiya ilə Ermənistan arasında olduğu kimi deyil. Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Bu, bizə çox maraqlıdır. Maraqlıdır ki, Ermənistan nəyin hesabına öz ixracını bu qədər artıra bilib. Bu, necə deyərlər, ritorik sualdır. Ancaq bizim ticarət dövriyyəmiz son bir ildə təxminən 17 faiz artıb - 4 milyard 300 və ya 4 milyard 400-ə bərabər olub. Bu, sabit artımdır.Ancaq çoxtərəfli əməkdaşlıqla bağlı məsələlərə gəldikdə, bu sahədə əlbəttə ki, həm tərəfdaşların, həm də başqa ölkələrin iştirakı ilə müzakirə etdiyimiz, həll etdiyimiz mövzular çoxdur. Bu, ilk növbədə, geosiyasi vəziyyət və Azərbaycan ərazisində bu layihənin bütün seqmentlərinin artıq yaradıldığı nəzərə alınarsa, bu gün Rusiya yükgöndərənləri üçün həmişəkindən daha vacib olan Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Biz bu dəhlizin buraxılış imkanlarının genişləndirilməsi barədə danışıqlar aparırıq. Lakin bir çox başqa mövzular da var.Əlbəttə ki, bizə xüsusilə yaxın olan məsələlər müzakirə olunmadan heç bir Zirvə görüşü keçirilmir. Bu, humanitar əməkdaşlıqdır, insanlar arasında təmasdır, mədəni əməkdaşlıqdır, təhsildir. Yəni bu, hamımızın yaxşı bildiyimiz böyük bir sahəni əhatə edir. Əminəm ki, münasibətlərimizin belə intensiv inkişafı davam edəcək. Bu, həm ölkələrimiz, həm də bütövlükdə region üçün son dərəcə zəruridir.Bilirsiniz ki, Sovet İttifaqının süqutundan sonra Qərbdə və keçmiş sovet respublikalarının çoxunda belə bir fikir var idi ki, irəli getməyin və mövcudluğunu təmin etməyin yeganə yolu böyük ölkələrin diktəsi altında yaşamaqdır. Biz fərqli yol seçdik. Bu, asan deyildi. Bizim ölkədə sabitliyi pozmaq səyləri oldu. 2000-ci illərin əvvəllərində narıncı inqilablar, rəngli inqilablar cəhdləri olurdu. Eyni zamanda, bizim seçimimiz Azərbaycanın satellit ölkəyə, “proksi” ölkəyə, vassal, qul ölkəyə çevrilməsinin qarşısını aldı və bu da əlbəttə ki, bizim xalqımızın çox dəhşətli dərəcədə əziyyət çəkməsinə imkan vermədi. Biz de-fakto və de-yure müstəqilliyi seçdik. Müstəqil xarici siyasət, özünü təmin edən iqtisadiyyat, tərəfdaşlarımızla, - o ölkələrlə ki, onlar bizimlə əməkdaşlığa can atırdı, - səmərəli əməkdaşlıq.Biz Cənubi Qafqaz ölkələrindən bəhs ediriksə, bu ölkələrin hər birində çox ciddi siyasi və xarici siyasi transformasiyalar baş vermişdir və baş verməkdədir. Hətta deyərdim ki, kəskin dəyişikliklərə yaxın transformasiyalar baş vermişdir və bu da Cənubi Qafqazda yeni vəziyyətin üzə çıxması deməkdir və biz bunu dərindən başa düşməliyik. Bundan irəli gələrək Gürcüstanın, Ermənistanın, Azərbaycanın xarici siyasət vektorlarının necə inkişaf etməsindən asılı olaraq, biz sizin sualınıza cavab verə bilərik ki, hansı Cənubi Qafqazda yaşamaq istəyirik. Hamı deyəcək ki, biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Lakin bu, badə qaldıranda gözəl kəlamlardır, real siyasət üçün belə deyil. Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, - Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, - biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun.Eyni zamanda, Azərbaycan bəlkə yeganə ölkədir ki, bizim regionumuzda və postsovet məkanında Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Yəni, Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Biz İslam Əməkdaşlıq Təşkilatının üzvüyük. Biz “OPEC Plus” formatının üzvüyük. Biz neft hasil edən ölkələrlə fəal şəkildə işləyirik. Biz müəyyən təkliflər irəli sürmüşük ki, neftlə zəngin ölkələr maliyyə mənbələrinin toplanılmasında, səfərbər edilməsində necə daha vacib rol oynaya bilər.Prezident İlham Əliyev: Mən deyə bilərəm ki, ötən görüşümüzdən bu günədək Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb. Biz ən böyük Günəş Elektrik Stansiyasını - 230 meqavat gücündə stansiyanı istifadəyə verdik. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışını edəcəyik. Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda biz üç Günəş və külək elektrik stansiyasının təməlini qoyduq, ümumi həcm bir qiqavatdır. Biz bu sahədə çox böyük işlər görürük. Böyük potensialımız var, həm texniki, həm də iqtisadi potensialımız. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki, biz 27 qiqavat həcm istehsal edə bilərik, yəni, həcm böyükdür.Milli Mətbuatımızın 149 illik inkişaf tarixi ilə indiki səviyyəyə gəlib çatması, ölkəmizdə ən müasir tələb və standartlara uyğun medianın mövcudluğu dövlətimizin bu sahəyə dəstəyinin nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin media nümayəndələri ilə mütəmadi görüşləri, müsahibələri milli mətbuatımızın davamlı inkişafına müsbət təsir göstərir. Dövlətimizin başçısı İlham Əliyev söz azadlığının təmin olunmasını prioritet məsələ hesab edir və bununla bağlı böyük siyasi iradə nümayiş etdirərək lazımi addımları atır.Həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən Azərbaycan mediası böyük Zəfərimizin müjdəçisi oldu. Jurnalistlərimiz 44 günlük Vətən müharibəsində cəbhə xəttində xəbər istehsalçısı kimi böyük fədakarlıq göstərdilər. Onlarla jurnalistimiz qismən səfərbərlik proqramının iştirakçıları kimi qələmini süngüyə çevirərək hərbi əməliyyatlarda iştirak etdi. Göstərdiyi igidliklərə görə müxtəlif medallarla təltif edildi. Ölkə mediası o tarixi günlərdə Azərbaycan həqiqətlərinin dünyaya düzgün çatdırılması missiyasını uğurla həyata keçirdi və indi də bu missiyanı davam etdirərək ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verməkdədir. Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumuna geniş müsahibələri mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı.Forumda tədbir iştirakçılarına BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində nümayiş edilən dayanıqlı yanaşma barədə geniş məlumat verildi. Belə bir istək ifadə edildi ki, Azərbaycanda keçiriləcək COP29 məhz həmrəylik tədbiri olsun. Mürsəlova Gülnar
Suraxanı rayonu, 196 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi
Sozcu.info