Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir

Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiyanın strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi regiondur. Bu ölkələrin xalqları əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər.
1990-cı illərdən - Sovetlər İttifaqının süqutundan sonra 5 türk dövləti müstəqillik əldə etdi. Bu da bu kimi səbəblərdən biri-birindən onillərlə ayrı salınmış türk dünyasında bir canlanma əmələ gətirdi. Mərkəzi Asiya ölkələrinin ümumi ərazisi 4 milyon kv.km təşkil edir ki, bu da keçmiş sovetlər birliyinin ərazisinin 17 faizə qədərdir. Hazırda bölgəyə Rusiya, Çin, Hindistan, İran, ABŞ nüfuz etmək üçün rəqabət aparır. Bundan əlavə Birləşmiş Ərəb Əmirlikləri və Qatar da regionla əməkdaşlığa can atır. Pakistan da geoiqtisadi layihələrin tərkibi olmaq istəyir. Həmçinin geosiyasi və iqtisadi olaraq Çinin Uyğur bölgəsi və Əfqanıstanın şimal hissəsi Mərkəzi Asiyanın təsir dairəsinə düşür. Dünya əhalisinin yarısından çoxunu təşkil edən bu coğrafi məkan dominant ölkələr üçün ciddi siyasi və iqtisadi perspektiv vəd edir. Türkiyə və Azərbaycanın aktiv şəkildə bu təşkilatla əməkdaşlığı gələcəkdə mühüm regional layihələrdən pay almaq şansını artırır. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə intensiv və davamlı görüşləri perspektivdə bütünlüklə Asiyanın dünyanın tranzit daşımalarına bağlanması deməkdir.
Azərbaycan Mərkəzi Asiya, o cümlədən bütün türkdilli dövlətlərlə yaxından münasibət qurur. Müstəqillik əldə etdikdən sonra bu işdə olduqca fəallıq göstərən Azərbaycan hərtərəfli əlaqələri gücləndirməyə başladı. Hazırda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edir.
Prezident İlham Əliyevin nüfuzlu tədbirlərdə iştirakı və dünyada baş verən hadisələrə obyektiv münasibəti, həmçinin ölkəmizin inkişafı, sülh tərəfdarı olması haqqında ətraflı məlumat verməsi bir daha Azərbaycanın yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya birliyinin fəal üzvü kimi beynəlxalq mövqeyini ildən-ilə gücləndirir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət milli maraqlarımızı qlobal miqyasda layiqincə təmin edir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfər edib. Avqustun 9-da isə Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Tacikistan prezidenti Emoməli Rəhmon, Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan prezidenti Şavkat Mirziyoyev çıxış ediblər.
Prezident İlham Əliyevin bir sıra mühüm əhəmiyyətli tədbirlərdə, o cümlədən Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirakı dövlətimizin başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsinə, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin bariz nümunəsidir. Dövlət başçısının Qazaxıstanın paytaxtı Astanada keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının görüşünə dəvət edilməsi ölkəmizin reytinqinin yüksəldiyini təsdiqləyən daha bir nümunədir. 
Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindəki Qələbəmizdən sonra Azərbaycanın dünya birliyindəki nüfuzu daha da artmış, ölkəmizlə əməkdaşlıq qurmaq istəyən dövlətlərin sayı getdikcə çoxalmışdır. Onların arasında Mərkəzi Asiya dövlətləri vacib yer tutur. Son illər Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, keçirdiyi görüşlər, o cümlədən qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təkcə respublikamız və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütövlükdə, Türk dünyası üçün xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın belə görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.
Prezident İlham Əliyev son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfər edib. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarının Azərbaycana ümumilikdə 15 rəsmi səfəri olub. Bu da ondan irəli gəlir ki, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və digər ortaq dəyərlər birləşdirır. Dövlətimizin başçısının Astanadakı çıxışından bəzi məqamları xatırlayaraq demək olar ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni, coğrafi regiondur. 
Qürurverici haldır ki, Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti, ordumuzun yüksək səviyyədə hazırlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı və bütün Azərbaycan xalqının "Dəmir yumruq" ətrafında birləşməsi nəticəsində xalqımız haqqı bərpa edərək, öz gücü ilə öz doğma torpaqlarını düşməndən təmizlədi. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı tikinti-bərpa işləri aparılır. Artıq keşmiş məcburi köçkünlər böyük sevinc hissi ilə öz dədə-baba yurdlarına qayıdırlar.Bu tikinti bərpa işlərində qardaş ölkələr də yaxından iştirak edir. Hər biri dost Azərbaycana öz töhfəsini verməyə çalışır. Belə ki, ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Eyni zamanda bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək. Prezidentin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcəkdir.
Rəsmi Bakının Türk dünyasının birliyinin möhkəmlənməsində göstərdiyi səylər Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən bəyənilir və yüksək qiymətləndirilir. Mərkəzi Asiyanın dövlət başçılarının Qazaxıstanın paytaxıt Astanada keçirilən VI Məşvərət görüşünə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunması çox əlamətdar hadisədir. Bu, hazırda Türk dünyasında Azərbaycanın nə qədər önəmli olduğunu bir daha göstərir. İlham Əliyevin türk dövlətlərinin inteqrasiyasındakı rolu danılmazdır. Yəni Prezident İlham Əliyev türk birliyinin gücləndirilməsi üçün var qüvvəsi ilə çalışır. Hazırda Azərbacyan Türk dünyasının əsas aparıcı qüvvəsidir. Buna görə də Mərkəzi Asiyanın dövlət başçılarının VI Məşvərət toplantısına Prezident İlham Əliyev dəvət olundu. Şübhəsiz ki, bu səfər çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, səfər zamanı çox mühüm görüşlər keçirildi, liderlər şam yeməyində bir araya gəldi, həmçinin müxtəlif formatda iki tərəfli görüşlər baş tutdu. Hazırda Qazaxıstanla Azərbaycan arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətlə inkişaf edir. Son zamanlarda iki ölkə arasında ticarət dövriyyəsi xüsusilə artıb. Həmçinin enerji mübadiləsi sahəsində də əməkdaşlıq geniş vüsət alıb. 
Azərbaycan liderinin qətiyyəti sayəsində bu gün türk dövlətləri mühüm məsələlərdə həmrəylik nümayiş etdirə bilirlər. Məlum olduğu kimi, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu hərəkətda təmsil olunan dövlətlərin ümumi, qlobal məsələlərdə birliyinə, həmrəyliyinə nail oldu. Artıq türk dövlətləri önəmli məsələlərdə bir-birinə dəstək verirlər. 
Ümumiyyətlə, Azərbaycan lideri türk dövlətləri, Mərkəzi Asiya dövlətləri arasında çox güclü nüfuza malikdir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentini Qazaxıstana səfəri zamanı Astanada Nursultan Nazarbayev adına beynəlxalq hava limanında birbaşa ölkənin baş naziri qarşıladı. Bu bir daha Azərbaycana, onun liderinə verilən önəmin göstəricisidir.

Namiq İbadov

Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti