Azərbaycan-Somali münasibətlərinin yeni mərhələsi

Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur.

   Xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Belə ki, ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq "siyasət səhnəsi"ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir.

     Fevralın 12-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin Somali Prezidenti Hasan Şeyx Mahmud ilə görüşü, iki ölkə arasında böyük strateji xarakter daşıyır. Azərbaycan-Somali münasibətləri iqtisadi potensiala, iqtisadi perspektivə söykənən münasibətlərdir. Ümumiyyətlə Azərbaycan tək Somali deyil, Afrika ölkələrinə kifayət qədər Qoşulmama hərəkatı çərçivəsində, COP29, Bakı təşəbbüs qrupu çərçivəsində öz tövhələrini verib və Fransanın müstəmləkəçilik siyasətinə qarşı ədalətli olmağa çağırış edib ki, bu da xüsusilə də COP29-da   Azərbaycanın çağırışları və sonda qəbul etdiyi qərarlarda öz əksini tapmışdır.

      Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan Qərb və Şərq, Şimal və Cənub ölkələrini birləşdirən ən qısa nəqliyyat və enerji dəhlizidir. Strateji əhəmiyyətli energetika və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin arxitekturasında mühüm yer tutur. Azərbaycanın özünü aqrar sektorda təmin edən kənd təsərrüfatı modeli ilə Somalinin potensialını birləşdirməyə imkan verir. Azərbaycanın aqrar sahədə tətbiq etdiyi çağdaş texnologiyalar və suvarma sistemləri Somali üçün vacib təcrübə ola bilər. Yatırım sahələrinin infrastruktur, liman qurğuları və kənd təsərrüfatı kimi əsas sahələri əhatə etməsi, qarşılıqlı iqtisadi inteqrasiyanın səmərəli olacağını göstərir. Liman qurğuları sahəsində işbirliyi, Azərbaycanın daşımaçılıq-logistika imkanlarını genişləndirmək və qlobal ticarət yollarında yeni mövqelər qazanmaq baxımından önəmlidir.

    Müdafiə sənayesi sahəsində Azərbaycanın Somali ilə işbirliyi qurması, təhlükəsizlik və sabitlik baxımından önəm daşıyır. Azərbaycanın hərbi texnologiyaları və hərbi təlim sahəsindəki təcrübəsi, Somalinin terrorçuluq və silahlı qruplaşmalara qarşı mübarizəsində önəmli rol oynaya bilər.

       Azərbaycanın İslam mədəniyyətinə verdiyi töhfələr, Somalinin mədəni irsi ilə inteqrasiyada önəmli rol oynaya bilər. Bu sahədə, habelə qarşılıqlı turist axını ilə bağlı layihələrin  Azərbaycan və Somali arasında humanitar diplomatiyanı daha da gücləndirəcəkdir.

 

Dadaş Baba-zadə
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti