Azərbaycanın regional geosiyasi mərkəzə çevrilməsi

Azərbaycanın regional geosiyasi mərkəzə çevrilməsi

 

Dünya miqyasında geosiyasi dinamika o dərəcədə mürəkkəbləşib ki, gənc müstəqil dövlətlərin suverenliyi və inkişaf perspektivləri ciddi nəzəri-praktiki problemə çevrilib. Mütəxəssislər bütün bunları nəzərə alaraq bir sıra dövlətlərin, məsələn, Ermənistanın müstəqil dövlətçiliyinin baş tutmadığını yazırlar. Onlar hesab edirlər ki, müstəqil dövlət quruculuğu çoxlu sayda ciddi faktorun vəhdəti sayəsində baş tuta bilər. Bu çərçivədə Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq qəbul edilməsi çox aktual nəzəri və praktiki faktor kimi diqqəti çəkir. Şübhəsiz, məsələnin bu aspekti geniş araşdırılmalıdır. Çünki Azərbaycan özü üçün çox çətin olan geosiyasi mənzərəni ardıcıl atdığı addımlarla tamamilə yeniləşdirə bildi. Bir zamanlar Azərbaycanı qəbul etmək istəməyən böyük dövlətlər indi onunla əməkdaşlığı genişləndirmək planları üzərində çalışırlar. Bu heç də asan gəlinməyib. Ölkənin həyata keçirdiyi müstəqil dövlət quruculuğu kursu əsas rol oynayıb.

Dəqiq düşünülmüş kurs: Azərbaycanın müstəqillik yolunda inamlı addımları

İndiki tarixi mərhələdə müstəqil dövlətin gücü daxili potensialı ilə beynəlxalq aləmdəki mövqeyinin vəhdətində ifadə olunur. Bu iki aspekt bir-birini tamamladıqda, ölkə daha sabit inkişaf xəttinə çıxır. Azərbaycan daxili iqtisadi inkişafını təmin etməklə yanaşı, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən, nüfuzunu artıran tədbirləri də davamlı surətdə həyata keçirib. Mütəxəssislər haqlı olaraq buna sübut kimi Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Bakı-Tbilisi-Qars dəmiryolu xəttini və başqa layihələri göstərirlər.

Son 15 ildə həyata keçirilən layihələr Azərbaycanı yeni bir təkamül xəttinə çıxarıb. Artıq ölkə Cənubi Qafqazın geosiyasi, geoiqtisadi, nəqliyyat və logistika mərkəzi kimi qəbul edilir. Bu, çox ciddi tarixi irəliləyiş, nailiyyətdir. Çünki hazırda dünya miqyasında və regionda geosiyasi vəziyyət son dərəcə mürəkkəbdir və hətta böyük dövlətlər mövcud mövqelərini saxlamaq üçün ciddi mübarizə aparırlar. Azərbaycan bütün istiqamətlərdə hər il yeni zirvələr fəth edir. Digər tərəfdən, Azərbaycanın geosiyasi, geoiqtisadi, nəqliyyat-logistika uğurları bir-birini üzvi şəkildə tamamlayır. Bu, nəzəri baxımdan çox aktual məqamdır və həmişə dərin təhlilinə ehtiyac var. Başqa səbəblərlə yanaşı, həm də ona görə ki, Azərbaycan müstəqilliyinə nail olan ölkə kimi bir inkişaf modeli ortaya qoyur. Bu təcrübənin yalnız region dövlətləri üçün deyil, bütövlükdə dünya üçün əhəmiyyəti dərk edilməlidir. Məsələnin geosiyasi aspekti çox maraqlıdır. Azərbaycan keçən əsrin 90-cı illərində özü üçün yaranmış mürəkkəb, ziddiyyətli və mənfi təsirli geosiyasi mənzərəni həyata keçirdiyi konkret proqramlar sayəsində tamamilə dəyişə bildi. Bunu, obrazlı desək, kimsənin himayəsinə sığınmadan, öz "biləyinin gücü ilə" etdi. İndi regionda geosiyasi mənzərə Azərbaycan üçün əlverişli istiqamətdə inkişaf etməkdədir. Və bu prosesdə Azərbaycanın regional geosiyasi mərkəz olması ciddi rol oynamaqdadır.

Azərbaycanın İranla təhlükəsizlik sahəsində qarşılıqlı anlaşma içərisində olduğu məlumdur. Tehran Azərbaycanın geosiyasi maraqlarını nəzərə alır və təhlükəsizliyin təminində ortaq hərəkət etməkdədir. Türkiyə qardaş dövlət kimi zatən Azərbaycanın təhlükəsizliyi üçün əlindən gələni edir. ABŞ rəhbərliyinin bəyanatları onu göstərir ki, Vaşinqton Azərbaycanda sabitlik və inkişafın olmasında maraqlıdır. Eyni qayda ilə Avropa İttifaqının böyük dövlətlərinin hamısı Azərbaycanın geosiyasi təhlükəsizliyinin təmin edilməsində maraqlı olduqlarını bildiriblər. Deməli, bütün böyük güclər faktiki olaraq Azərbaycanın Cənubi Qafqazın geosiyasi mərkəzi olduğunu qəbul edirlər.

Regional inkişafın bütün yollar Bakıdan keçir

Geoiqtisadi və nəqliyyat-logistika aspektlərində də Azərbaycan regionun mərkəzi qovşağı halına gəlib. Bu sırada öncə "Yeni İpək Yolu" layihəsi ilə Azərbaycanın coğrafi, iqtisadi, energetik və nəqliyyat-logistika özəlliklərinin yğunlaşdırılması vurğulanmalıdır. Sadalanan istiqamətlərdə sistemli fəaliyyət göstərmək üçün Azərbaycanın strateji yol xəritələri hazırdır. Məsələn, "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi" 2020-2025-ci illər və 2025-ci ildən sonrakı dövr üçün qısa, orta və uzunmüddətli perspektiv istiqamətləri müəyyən edir. Sənəddə logistika üzrə inkişaf perspektivini özündə əks etdirən strateji məqsəd və hədəflər konkret ifadəsini tapıb. Eyni zamanda, bu məqsəd və hədəflərə çatmaq üçün prioritetlər də müəyyənləşdirilib. Daha konkret səviyyədə əsas və digər icraçıların, icra müddətlərinin, nəticə indikatorlarının əks olunduğu tədbirlər planı hazırlanıb. Strateji yol xəritəsində mühüm faktor kimi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək məsələsi göstərilib. Bu iki istiqamətin işləməsinin nəqliyyat və iqtisadi əhəmiyyətindən başqa, geosiyasi rolu da şübhəsizdir. Onlar faktiki olaraq Qərb, Rusiya, İran və Çinin maraqlarının kəsişdiyi sahəyə aiddir. Bu səbəbdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində ölkəmiizn rəqabət qabiliyyətliliyinin təmin edilməsi mühüm məsələdir. Bununla Azərbaycan özünün geosiyasi dəyərini təsdiqləmiş olur. Çünki indi elə qüvvələr var ki, Azərbaycan miqyasında olan ölkələri yalnız tranzit punktu statusunda görmək istəyirlər. Geosiyasi və geoiqtisadi aspektlərin vəhdəti çərçivəsində məsələnin mahiyyəti də bundan ibarətdir. Azərbaycan həm nəqliyyat dəhlizlərinin kəsişdiyi coğrafi məkan, həm də ciddi rəqabət qabiliyyətinə malik dövlət olaraq bu prosesdə iştirak edirsə, onu hər kəs regionun geosiyasi, iqtisadi, kommunikasiya və logistika mərkəzi kimi qəbul etməyə məcburdur. Bu aspektdə Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması xüsusi əhəmiyyəti olan hadisədir.

Azərbaycan öz geosiyasi, iqtisadi, energetik və logistika dəyərlərini yaratmaqla, əməkdaşlıq və təhlükəsizliyə öz töhfəsini verməlidir. Onu qeyd edək ki, həmin məqam xarici ekspertlərin fikirlərində də geniş yer tutur. Onlar Azərbaycanın əsaslı və ardıcıl olaraq inkişaf kursunu həyata keçirdiyini açıq etiraf edirlər. Cənubi Qafqazda beynəlxalq əhəmiyyətli layihələrin hamısında Bakının imzası var. Bunun region üçün çox gözəl nəticələrinin olacağına şübhə yoxdur. Çünki Cənubi Qafqazda lider funksiyasını Azərbaycandan başqa ölkənin yerinə yetirməyəcəyi artıq məlumdur. Digər dövlətlərin liderlik səviyyəsinə uyğun imkanları yox dərəcəsindədir. Bunu təcrübə sübut edir. Azərbaycan isə dövlətçilik xəttinə, inkişaf kursuna və əməkdaşlıq formatlarının rəngarəngliyinə görə çox fərqlənir. O, sülhsevər, sivil, dinc yanaşı yaşama fəlsəfəsini dövlətçiliyində böyük ölçüdə nəzərə alan və davamlı inkişaf edən ölkədir. Liderlik xüsusiyyəti Azərbaycan dövlətçiliyinin mahiyyətindədir.

Regional imkanların gücü

Hər bir dövlətin dünyadakı nüfuzu onun həyata keçirdiyi milli inkişaf və təhlükəsizlik siyasəti ilə birbaşa əlaqəlidir. Xüsusilə də təhlükəsizlik siyasəti ölkənin siyasi, iqtisadi, sosial və mənəvi inkişafının mühüm göstəricilərindən biri kimi dəyərləndirilir. Buna görə də, beynəlxalq münasibətlərin müstəqil subyekti olan, Azərbaycan daxili və xarici siyasət vasitələrindən istifadə edərək mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətini formalaşdırır. Azərbaycan xüsusilə də Avropa və Avratlantik siyasi, təhlükəsizlik, iqtisadi və digər strukturları ilə strateji əməkdaşlığın inkişafı məsələsinə diqqət yetirir. Milli Təhlükəsizlik Konsepsiyasında göstərildiyi kimi, Azərbaycan Avratlantik strukturları ilə tərəfdaşlığı bütövlükdə ­Av­r­atlantik məkanında ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Artıq uzun illərdir ki, ölkəmiz Avropa və Avratlantik məkanında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşür. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Avratlantik Tərəfdaşlıq Şurası və NATO-nun "Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən tam gücü ilə istifadə edir.

"Köhnə dünya” ölkələri ilə siyasi-iqtisadi, eyni zamanda, humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi mövqeyindən çıxış edən Azərbaycan Avropa İttifaqı ilə çoxşaxəli qarşılıqlı əlaqələr yaratmışdır. Azərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətləri "MDB Ölkələrinə Texniki Dəstək” (TACIS), "Avropa – Qafqaz – Asiya Nəqliyyat Dəhlizi” (TRACECA) və digər proqramlar çərçivəsində inkişaf etdirilir. Azərbaycan ilə Avropa İttifaqı arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratiyanın inkişafına kömək, eləcə də iqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu üçün əlverişli çərçivə yaradır.

Yeni qonşuluq və strateji hədəflər

Azərbaycanın 2004-cü ildə Avropa İttifaqının "Yeni Qonşuluq Siyasəti”nə daxil edilməsi və bu siyasət çərçivəsində 2006-cı ildə qəbul edilmiş Azərbaycan – Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsi siyasi dialoq və siyasi, iqtisadi və institusional islahatlar sahəsində əməkdaşlığı daha da inkişaf etdirir. Ötən müddət ərzində regional inkişafın davamlılığını artıran enerji-nəqliyyat və kommunikasiya layihələrinin reallaşdırılması təhlükəsizliyin gücləndirilməsində Azərbaycan ilə Avratlantik məkan arasında dialoqun daha intensiv aparılmasına və əlaqələrin günün reallıqlarına uyğun səviyyədə inkişaf etdirilməsinə əsas yaradır. Bu gün bütün dünyada təhlükəsizlik anlayışı dövlətlərin malik olduğu müdafiə potensialı ilə ölçülərək, yalnız hərbi hazırlıq sahəsini əhatə etmir. Müasir dövrdə ayrı-ayrı dövlətlərin və bütövlükdə, regionların təhlükəsizliyi siyasi, iqtisadi, ən mühümü isə enerji təhlükəsizliyinin təminatı baxımından səciyyələndirilir. Xüsusilə, iqtisadi təhlükəsizlik ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olub, dövlətin geosiyasi gücü hesab edilməklə müstəqilliyin möhkəmlənməsinə xidmət göstərir. Artıq 29 ildir müstəqil dövlət kimi balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan həm də nadir coğrafi mövqeyə malik olmaqla bir deyil, bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geosiyasi faktor kimi çıxış edir. Düşünülmüş xarici siyasət nəticəsində bu gün Azərbaycan hətta son zamanlar münasibətləri gərginləşmiş güc mərkəzləri arasında dialoq məkanına çevrilmişdir. Belə ki, 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter daşıyır.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələrinin ölkəmizin regional güc mərkəzi statusunu daha da möhkəmləndirməsi artıq heç kimə sirr deyil. Azərbaycan özünün sülhpərvər mövqeyi, region və bütövlükdə əməkdaşlığa meyilli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi, inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir. Ən əsası, Azərbaycan malik olduğu geosiyasi və geoiqtisadi potensialdan yararlanaraq regionun sabit inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir.



Oxşar Xəbərlər

Xəbər lenti