Hər iki ölkə arasında əməkdaşlıq siyasi iqtisadi və humanitar sahələri əhatə edir

Öz əməlləri ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. O, müasir Azərbaycan dövlətçiliyinin banisi Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir və hər zaman ölkəmizi uca zirvələrə yüksəltməkdədir.  Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi, ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan loyal münasibətin formalaşmasını şərtləndirən əsas amillərdir.  
25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 28 iyun 1995-ci ildə qurulmuşdur.
2023-cü ildə Azərbaycan Respublikasının Serbiyadakı səfiri Kamil Xasiyev, eyni zamanda Şimali Makedoniyaya təyin olunmuşdur.

Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasında rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın martın 11-də Bakıda rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev görüşdə Azərbaycanın Şimali Makedoniya ilə əlaqələri gücləndirməkdə maraqlı olduğunu bildirib. O, xüsusilə siyasi dialoqun aktiv şəkildə davam etdiyini və iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğuladı. Bununla yanaşı, Azərbaycanın enerji sektoru üzrə Avropanın etibarlı tərəfdaşına çevrildiyini qeyd edərək, Şimali Makedoniyanın da bu əməkdaşlıqdan faydalana biləcəyini qeyd edib. 
Bu bəyanat Azərbaycanın beynəlxalq arenada mövqeyinin getdikcə gücləndiyini göstərir. Xüsusilə enerji sahəsində ölkəmiz təkcə öz regionu üçün deyil, Avropa üçün də strateji tərəfdaş rolunu oynayır. 
Adilə Bağırzadə
Suraxanı rayonu, Ə. Məmmədov adına 76 №-li tam orta məktəbin uşaq birliyi rəhbəri                
Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti