8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ulu öndər Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, onun böyüklüyünü hər dəqiqə, hər an, hər yerdə hiss edirsən, duyursan. Bu nurlu, dahi insanın siması gözlərimiz önündə yenidən canlanır və düşünürsən ki, o, səninlə birlikdə xalqımızın aydın sabahlarına doğru addımlayır.
Ulu öndərin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərini saymaqla qurtarmaz. Bu xatirə yazımda onun təhsil sahəsinə göstərdiyi diqqətdən, o cümlədən, keçmiş sovet respublikalarında yerləşən aparıcı universitetlərdə Azərbaycan Respublikası üçün mütəxəssis hazırlanması işinə verdiyi töhfədən, mənim bir mütəxəssis, şəxsiyyət kimi yetişməyimdə, həyatımda oynadığı əvəzedilməz roldan danışmaq istəyirəm.
Ulu öndər Heydər Əliyev respublikamıza rəhbər təyin olunduğu elə ilk dövrlərdən Mərkəzi hökumətin razılığını əldə edib Azərbaycan hökumətinin xüsusi Dövlət Proqramını qəbul etdirdi və 1969-cu ildən başlayaraq Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev, Voronej, Dnepropetrovsk və digər şəhərlərdə yerləşən nüfuzlu universitet və institutlara müsabiqədən kənar qaydada Azərbaycan ali məktəblərində hazırlığı aparılmayan nadir ixtisaslar üzrə təhsil alması üçün azərbaycanlı gənclərin göndərilməsinə nail oldu. O xoşbəxt anları yaşamış gənclərdən biri də mən olmuşam. Bu gün Heydər Əliyev ideyasının, işıqlı dühasının yetişdirdiyi mütəxəssislərdən biri olmağımla fəxr edir və qürur duyuram.
Hal-hazırda mən Bakı Dövlət Universitetinin Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professoru, geodeziya - kartoqrafiya elmləri sahəsində elmlər doktoru zirvəsinə yüksəlmiş ilk və yeganə azərbaycanlı aliməm. Ulu öndərin ümidlərini doğrultduğum üçün özümü xoşbəxt sanır, onun ruhu qarşısında baş əyirəm. Düşünürəm ki, yalnız öz məhsuldar elmi və pedaqoji fəaliyyətimlə, qismən də olsa, bu böyük insana olan mənəvi borcumu qaytarmış olaram.
Məqsəd Qocamanov
İndi isə bir az keçmişə qayıtmaq istəyirəm. 1977-ci ildə orta məktəbdə təhsilimi başa vurduqdan sonra Moskva Aviasiya İnstitutunda təhsilimi davam etdirmək niyyətində idim. Lakin Dövlət Proqramı üzrə bu instituta sənədlərin qəbulunun və müsabiqənin harada keçirildiyini bilmirdim. Böyük qardaşım o vaxtlar Azərbaycan İnşaat-Mühəndisləri İnstitutunda oxuyurdu və təklif etdi ki, əvvəlcə onların institutuna baş çəkək. Həmin instituta gəldik və gördük ki, müsabiqədən kənar qaydada Azərbaycan üçün qəbul aparılacaq Moskva, Leninqrad, Kiyev, Voronej, Dnepropetrovsk və digər şəhərlərin universitet və institutlarının siyahısında Moskva Aviasiya İnstitutunun adı yoxdur, amma həmin siyahıda sonralar təhsil aldığım Moskva Geodeziya Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunun adı birinci sırada yazılıb. Qəbul komissiyasının əməkdaşları görəndə ki, biz bu institutla maraqlanırıq, başladılar onu tərifləməyə ki, bu institutda respublikamız üçün çox vacib sayılan geodeziya-kartoqrafiya elm sahəsi üzrə mütəxəssislərin hazırlığı həyata keçirilir, burada həmçinin, mənim maraq göstərdiyim aviasiya sahəsi də mövcüddur. Qəbul komissiyası əməkdaşlarının sözünə qüvvət, qardaşım da dedi ki, “bu daha yaxşı, həm sən deyən, həm də respublikamız üçün gərəkli bir elm sahəsidir”. Bu fikirlərdən sonra Moskva Geodeziya Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunun tələbəsi olmağa razılığımı verdim. Lakin sənədləri qəbul edən komissiya bildirdi ki, bu institutda Azərbaycan üçün «astronomik-geodeziya» ixtisası üzrə cəmi bir yer ayrılıb, ona görə də müsabiqədə keçid balı çox güman yüksək olacaq və ona görə də imtahanlara daha yaxşı hazırlaşmaq lazımdır. Doğrusu, mən özümə əmin idim, yaxşı hazırlaşmışdım və bu səbəbdən imtahanlar məni elə də qorxutmurdu. Ona görə də qəbul imtahanlarını uğurla verib, Moskva Geodeziya Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunun (indiki Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universiteti) tələbəsi oldum. Qəbul komissiyası bizə bildirdi ki, 29 avqust 1977-ci il tarixində Respublika Sarayında (indiki Heydər Əliyev sarayı) Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin də iştirakı ilə birinci kursa qəbul olunmuş azərbaycanlı gənclərin yolasalınma tədbiri keçiriləcəkdir.
Həmin günü - 29 avqust 1977-ci il tarixini mən heç vaxt unuda bilmərəm. O gün mən ulu öndərin nurlu simasını ilk dəfə idi ki, yaxından görürdüm, olduqca doğma, pozitiv görünüşlü bir insan. Bizi xoş sözlərlə salamladı və çıxış etdi: hamınızı tələbə adı qazanmağınız münasibəti ilə təbrik edir, təhsil alacağınız respublikalarda, şəhərlərdə özünüzü ləyaqətli aparmağı, azərbaycan xalqının elçiləri olduğunuzu heç vaxt unutmamağı, yüksək təhsilə yiyələnməyi və biliklər qazanmağı, rus dilini mükəmməl öyrənməyi və sairə bu kimi öyüd-nəsihətlər verdi. Qəbul imtahanlarında yüksək nəticələr göstərmiş olsalar da tələbələr arasında orta məktəbdə azərbaycan bölməsini bitirdikləri üçün rus dilini zəif bilənlər vardı. Ona görə də ulu öndər həmin tələbələri əmin edirdi ki, narahat olmayın, qısa zaman ərzində rus dilini də mükəmməl öyrənə biləcəksiniz. Doğrudur, mən də Qazax rayonunun Daş Salahlı kəndinin 2 №-li orta məktəbini azərbaycan bölməsi üzrə bitirmişdim, amma bizim ailədə rus dili işlədilirdi, rəhmətlik atamın rus dilində tibbə dair çoxsaylı məlumat-sorğu kitabları vardı. Eyni zamanda mən özüm “kniqa-poçta” ilə sifariş edərək Moskvadan, Leninqraddan fizika və riyaziyyata dair çoxlu kitablar gətizdirib mütaliə edirdim və ona görə də rus dilini pis bilmirdim.
Yaxşı xatırlayıram, ulu öndər həmin görüşdə, “Siz getdiyiniz şəhərlərdə özünüzü kimsəsiz hiss etməyin, sizin arxanızda Azərbaycan xalqı, Azərbaycan dövləti durur, mən dururam”,- söyləmişdi. Qeyd etmək istəyirəm ki, o vaxtlar ulu öndərin bu sözləri mənim həyat eşqimi, gücümü birə-beş artırdı. Məsələ ondadır ki, instituta qəbul imtahanları verdiyim ərəfədə mən çox düşgün əhval-ruhiyyədə idim. Ona görə ki, təsadüf elə gətirmişdi ki, orta məktəbdə son buraxılış imtahanı verdiyim günlərdə atam dünyasını dəyişdi. Bu hadisə məni olduqca sarsıtmışdı. Hətta instituta qəbul imtahanlarında iştirak etmək istəmirdim. Lakin belə bir psixoloji durumda olmağıma baxmayaraq özümü toplayıb qəbul imtahanlarını uğurla verdim və institut tələbəsi oldum. Ulu öndərin yuxarıda qeyd etdiyim birinci kurs tələbələri ilə keçirdiyi yolasalma görüşü, o görüşdən aldığım təəssuratlar və enerji məni yenidən həyata qaytardı desəm, səhv etmərəm. Ona görə də ulu öndərin bu diqqət və qayğısına qarşı yüksək təhsilimlə cavab verəcəyimə söz verdim. Həqiqətən də, Moskvada böyük əzmkarlıqla çalışıb təhsildə yüksək nəticələr əldə etdim və əsasən «əla» qiymətlər almağa nail oldum.
Onu da qeyd edim ki, biz-tələbələr təhsil aldığımız illərdə ulu öndərin tapşırığı ilə Azərbaycan Respublikasının Moskva şəhərində yerləşən nümayəndəliyi, xüsusilə də nümayəndəliyin təhsil üzrə əməkdaşları tərəfindən daima qayğı və maddi-mənəvi köməkliklərlə əhatələnmişdik. Bunlarla yanaşı, Heydər Əliyevin özü də bizimlə - respublikadan kənar şəhərlərin universitet və institutlarında təhsil alan tələbələrlə daim maraqlanır və imkan yarananda görüşlər keçirirdi.
Yaxşı yadımdadır, ulu öndərin Moskva şəhərində oxuyan azərbaycanlı tələbə-gənclərlə belə bir görüşü 1979-cu ildə M.Qorki adına Moskva bədii-akademik teatrının sarayında keçirildi. İclas zalının rəyasət heyətində Azərbaycan Sovet Sosialist Respublikasının dövlət və hökumət rəhbərləri, o vaxtkı Azərbaycan Kommunist Partiyasının büro üzvləri, böyük vəzifəli şəxslər əyləşmişdilər. İndi dəqiq xatırlamıram ki, onlar həmin vaxtlar Moskvaya hansı tədbirdə iştirak etmək üçün belə ali tərkibdə gəlmişdilər, çox güman ki, sovet hökuməti rəhbərliyinin yüksək səviyyəli görüşü keçirilirdi və həmin tədbirdən sonra ulu öndər qərara alır ki, Moskvada təhsil alan azərbaycanlı tələbə-gənclərlə görüş keçirib uğurlarımızla tanış olsun.
Beləliklə, bizi Moskva şəhərində yerləşən Azərbaycan nümayəndəliyi tərəfindən həmin görüşə dəvət etdilər. Görüşə həmçinin bizim oxuduğumuz inversitet və institutların rektorları, prorektorları dəvət olunmüşdular. Mənim yanımda təhsil aldığım Moskva Dövlət Geodeziya və Kartoqrafiya universitetinin tədris işləri üzrə prorektoru, professor Bakanova Valentina Vladimirovna əyləşmişdi. Görüşdə bir sıra çıxışlardan sonra söz ulu öndər Heydər Əliyevə verildi. Salon sükuta qərq oldu və onun alovlu çıxışı hamını ağuşuna aldı, valeh etdi. Yüksək natiqlik məharəti və nitq mədəniyyəti ilə söylədiyi fikirlər, azərbaycanlı tələbələrə xitabən, “Elmlərin sirlərinə yaxşı yiyələnin, rus dilini mükəmməl öyrənin. Siz burada Azərbaycanın elçilərisiniz, çalışın xalqımızı yüksək səviyyədə təmsil edin”, - kimi öyüd-nəsihətləri onilliklər keçsə də, hələ də qulaqlarımda səslənir.
Yaxşı xatırlayıram, V.V.Bakanova Heydər Əliyevin çıxışından sonra özünü saxlaya bilməyib, “Nu kakoy on orator. Qovorit luçşe ruskoqo çeloveka”, - söylədi.
Bu görüşün məzmun və məqsədini ulu öndər öz uzaqgörənliyi ilə necə düşünmüşdüsə, elə də oldu: görüşdən sonra bizə oxuduğumuz institutların rəhbərlikləri tərəfindən diqqət daha da artırıldı. Sən demə, bu görüşün məqsədi həm də bir növ bizləri - azərbaycanlı tələbələri Moskva universiteti və institutlarının rəhbərlərinə tapşırmaq, bizlərə olan diqqətin daha da artırılmasını diplomatik gedişlə onların nəzərinə çatdırmaqdan ibarət imiş. Bunlar bizə sonradan aydın oldu.
Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, ötən əsrin 70-ci illərində, mənim Moskva şəhərinə ilk gəldiyim dövrlərdə, şahidlik edə bilərəm ki, orada «qafqazdanam»,- deyəndə, əsasən “qruzin və yaxud armyanin”,- deyə başa düşürdülər, çağırırdılar. Çünki bu millətlərin nümayəndələri Moskva şəhərinə çoxdan ayaq açmış və özlərini tanıda bilmişdilər. Bu isə bizə ağır gəlirdi ki, niyə heç azərbaycanlı deyən yoxdur. Lakin zaman keçdikcə, ildən-ilə bu balansın bizim xeyrimizə dəyişdiyini gördük, “Azərbaycan, azərbaycanlı” sözləri tez-tez işlədilməyə başladı. Mən hesab edirəm ki, bu istiqamətdə də müsbət dəyişikliyin baş verməsi yenə də ulu öndərin adı ilə bağlı idi. Məhz onun şəxsində Azərbaycanı, azərbaycanlıları daha çox tanımağa başladılar. Xüsusilə də Heydər Əliyevin artıq Moskvada işə çağırılması, Siyasi Büroya üzv seçilməsi bu prosesi daha da sürətləndirdi.
Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyəndə mən artıq Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetində əyani məqsədli aspiranturada oxuyurdum. Axşamlar istirahət saatlarında yataqxananın “Qırmızı Güşə”sində (rusca Krasnıy uqolok-yataqxananın televizor olan ümumi otağında) digər sovet respublikaları və xarici ölkələrdən olan aspirant və tələbələrlə birgə televizorda verilişlərə, o cümlədən xəbərlər proqramına baxardıq. Elə olurdu ki, ulu öndərin müxtəlif xarici ölkə nümayəndələri və yaxud da bir başqa məsələrlə əlaqədar SSRİ Nazirlər Sovetində görüşlər keçirməsi haqqında məlumatlar verilirdi. Bu anlarda dinləyicilər diqqətini mənə yönəldib soruşurdular: Məqsəd, Heydər Əliyev də azərbaycanlıdır? Mənim müsbət cavabımdan sonra, qibtə edirdilər ki, mənim millətimin belə böyük oğlu var və o, SSRİ kimi nəhəng bir dövlətin Siyasi Bürosunda təmsil olunmaqla yanaşı, yüksək bir vəzifədə çalışır. Mən bu münasibətdən qururlanır və fəxr edirdim ki, mənim Heydər Əliyevim var və mən də həmin böyük xalqın nümayəndəsiyəm. Səmimi deyirəm, o anlarda mən özümü çox xoşbəxt hesab edirdim. Əlbəttə, bu gün də ulu öndər Heydər Əliyevə minnətdaram ki, mənə elə xoş, unudulmaz anları yaşadıb.
1989-cu ildə Moskvada namizədlik dissertasiyamı müdafiə edib texnika elmlər namizədi elmi dərəcəsinə layiq görüldüm və Azərbaycana qayıtdım. Əvvəlcə Azərbaycan neft və kimya institutunda (AzNEFTKİMYA), 1992-ci ildən isə Bakı Dövlət Universitetində (BDU) baş müəllim, dosent, professor, Geodeziya və Kartoqrafiya kafedrasının müdiri, hal-hazırda isə həm də Coğrafiya fakultəsinin dekanı vəzifəsini icra edirəm.
Ulu öndərin nurlu siması ilə növbəti görüşüm 1998-ci il avqust ayının 31-də baş tutdu. İndiki Heydər Əliyev Sarayında ulu öndərin istəyi ilə 1969-1988-ci illərdə respublikadan kənar şəhərlərin universitet və institutlarında təhsil almış tələbə-gənclərlə görüş keçirilirdi və mən də o görüşün iştirakçısı idim. Giriş qapısı tərəfdən qabaqda ikinci sırada əyləşmişdim. Ulu öndər Saraya daxil olanda mənim lap yaxınlığımdan keçdi, biz hamımız ayağa qalxıb onu sürəkli alqışlarla salamladıq. Həmin görüşdə çıxışa yazılmasam da, aspirantura və doktorantura təhsilimizi davam etdirmək üçün təhsil almış olduğumuz universitetlərdə müvafiq şəraitin yaradılması xahişimizin ulu öndərə çatdırılmasını çıxışa yazılmış həmkarlarımızdan xahiş etmişdik.
Görüş başladı və ulu öndər əvvəlcə bizləri dinləmək istədiyini bildirdi. Bir sıra çıxışlardan sonra söz Heydər Əliyevə verildi. Həmişə olduğu kimi, ulu öndər yüksək natiqlik məharəti ilə öz çıxışına başladı, salon sükuta qərq oldu. O, öz çıxışında, “necə bizi öz balası kimi sevdiyini, bizlər üçün darıxdığını və ona görə də bu görüşün keçirilməsini istədiyini”, - bildirdi. Söylədi ki: “bizim hamımızı, əyani olmasa da, qiyabi tanıyır. Respublikadan kənar universitet və institutlara təhsil almağa göndərilən tələbələrin siyahılarını özündə əks etdirən kitabçaları o, öz arxivində saxlayır və zaman-zaman onu vərəqlədikcə, bizləri bir daha yadına salır”. Ulu öndər dedi ki: “siz Azərbaycan dövlətinin, xalqının ən qiymətli kapitalısınız. Sizləri Azərbaycanın dövlət və hökümət idarəetmə strukturlarına, institutlarına işə, qulluğa dəvət edirəm. Sizin potensialınızdan tam və səmərəli istifadə olunmalıdır”. Təhsil Nazirliyinə daha yüksək hazırlıq keçmiş mütəxəssislərin siyahısını tərtib edib, Azərbaycan Respublikasının Prezident Aparatına, Nazirlər Kabinetinə təqdim etməyi tapşırdı.
Heydər Əliyevin çıxışından yuxarıda gətirdiyim sitatdan da aydın görünür ki, o, respublikadan kənar universitet və institutlarda təhsil almış mütəxəssislərə - “inoqorodnik”-lərə necə yüksək qiymət verirdi.
Həmin görüşdə, həmçinin, ulu öndər Sovetlər Birliyi süquta uğradıqdan sonra sovet respublikalarının təhsil nazirlikləri arasında əlaqələrin zəifləməsi və bu səbəbdən elmi əməkdaşlıq sahəsində meydana çıxmış çətinliklərin aradan qaldırılması üçün tədbirlərin görülməsinə dair Təhsil Nazirliyinə müvafiq tapşırıqlar verdi. Məhz bu çalışmalar nəticəsində mənim 2002-ci ildə yenidən Moskva Dövlət Geodeziya və Kartoqrafiya universitetinə əyani məqsədli doktoranturaya göndərilməyim mümkün oldu və mən əzmkarlıqla çalışaraq üç il ərzində öz elmlər dokroru dissertasiya işimi tamamlayıb, uğurla müdafiə edərək geodeziya-kartoqrafiya sahəsində müvafiq elmi dərəcəyə layiq görülmüş ilk azərbaycanlı oldum.
Ulu öndərin dünyasını dəyişməsi xəbərini mən Moskvada doktoranturada təhsil alarkən eşitdim. Əlbəttə ki, bu xəbər məni olduqca kədərləndirdi. Səhərisi gün tezdən Azərbaycan Respublikasının Rusiyadakı səfirliyinə gedib ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, onun portreti önünə gül dəstəsi qoydum və xatirə kitabında başqa fikirlərlə yanaşı aşağıdakıları yazdım: ”Böyük şəxsiyyət Heydər Əliyevin öz xalqı qarşısında çoxsaylı, əvəzsiz xidmətlərinin ən əlamətdarlarından biri də onun Sovetlər Birliyində birinci olaraq Rusiya, Ukrayna, Belarus və başqa respublikaların nüfuzlu universitet və institutlarına nadir ixtisaslar üzrə azərbaycanlı gənclərin təhsil almağa göndərməsidir...”.
Mən deyərdim ki, ulu öndər öncədəngörmə qabiliyyətinə malik nadir, xalqını hədsiz sevən və onun gələcəyini daima düşünən bir fenomen insan idi. O, elə bil, əvvəlcədən görür, hiss edirdi ki, çox keçməz Azərbaycan müstəqil, öz taleyinin sahibi olan bir ölkə olacaqdır. Ona görə də hərbi ixtisaslar sahəsində, respublikamızda hazırlığı aparılmayan ixtisaslar üzrə keçmiş sovet respublikalarında yerləşən nüfuzlu universitetlərdə mütəxəssis işinə xüsusi diqqət yetirirdi. Xüsusi halda, onu qeyd etmək istəyirəm ki, SSRİ dövründə bizim respublikamızda ərazimizin geodezik-kartoqrafik baxımdan təminatı digər respublikalardan çağırılan, əsasən də slavyan mənşəli mütəxəssislər tərəfindən həyata keçirilirdi və o cümlədən, xəritələrin tərtibatı zamanı coğrafi obyektlərin adlarının (toponimlərin) yazılışında böyük qusurlar baş verirdi: onların qulaqları adları necə eşidirdisə, xəritələrdə elə də yazırdılar. Bu göstərdiyim o dövrlərdə geodeziya-kartoqrafiya sahəsində baş vermiş çoxsaylı qusurlara bir misaldır. Ona görə də ulu öndər geodeziya-kartoqrafiya sahəsinə diqqət göstərmiş, hər il müsabiqədən kənar qaydada Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinə 4-5 nəfər azərbaycanlı gəncin oxumağa göndərilməsinə nail olmuşdu. Həmin gənclərdən biri də mən idim. Bu gün müstəqil Azərbaycanın geodeziya-kartoqrafiya elmi və istehsalatı ulu öndərin yetişdirdiyi həmin mütəxəssislərin əlindədir, müstəqil dövlətimizin sərhədlərinin delimitasiya və demarkasiyasını, ölkə ərazisinin müasir geodeziya-kartoqrafiya təminatını həyata keçirirlər.
Heydər Əliyev dünyasını dəyişdikdən sonra nə yaxşı ki, onun böyük zəhmətlər hesabına formalaşdırdığı siyasi-iqtisadi kurs, o cümlədən təhsillə bağlı siyasəti dəyişilməz qaldı və bu gün ölkə prezidenti cənab İlham Əliyev, eləcə də ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün ölkə prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş “Neft potensialını intellekt kapitalına çevirək” devizi altında təhsildə geniş islahatlar aparılır, Heydər Əliyev fondu tərəfindən yeni məktəb binaları tikilir, köhnələri təmir edilir.
Məlum olduğu kimi, sovetlər dövründə respublikamız üçün nadir ixtisaslar üzrə mütəxəssis hazırlığı işini SSRİ dövlətinin hüdudları daxilində yerləşən nüfuzlu universitet və institutlarda aparmaq mümkün idi və bu zəruri işi ulu öndər Heydər Əliyev həyata keçirdi. Bu gün ölkəmiz müstəqillik əldə etdiyindən imkanlar genişlənmiş və Prezident İlham Əliyevin təşəbbüsü ilə xarici ölkələrin nüfuzlu universitetlərində azərbaycanlı gənclərin təhsil alması üçün xüsusi Dövlət Proqramları qəbul edilmiş və uğurla həyata keçirilir. Həmin proqramlar çərçivəsində oğlum Kanadanın Toronto universitetinin, qızım isə İngiltərənin Nottingam universitetinin məzunları olmuşlar. Bu müqabildə də mən Dövlət və Hökumətimizə, Prezidentimiz İlham Əliyevə, birinci vise-prezidentimiz Mehriban xanım Əliyevaya azərbaycanlı gənclərin xaricdə təhsil almaları üçün yaradılmış imkan və şəraitlərə görə öz dərin minnətdarlığımı bildirirəm.
Ulu öndər Heydər Əliyevlə bağlı əziz anları, xatirələri yada salaraq, onun nurlu simasını, dühasını heç vaxt unutmayacağımı söyləməklə, onun ideyalarının uğurla həyata keçirildiyinin şahidi olduğumu bildirməklə, Allahdan ona rəhmət diləyirəm.
Məqsəd QOCAMANOV
Bakı Dövlət Universitetinin Geodeziya və kartoqrafiya kafedrasının müdiri texnika elmlər doktoru, professor Respublikanın Əməkdar müəllimi