Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi

Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri əlamətdar olur – yeni infrastruktur obyektlərinin, yolların açılışı, evlərinə dönən insanlarla səmimi görüşlər və s. Bu gün azad olunan digər rayonlarımız kimi Kəlbəcər də kompleks şəkildə sürətlə yenidən qurulur. Ermənilərin vaxtilə vandallığa məruz qoyduqları, yandırdıqları, təbiətinə dağ çəkdikləri Kəlbəcərdə artıq yeni həyat başlayır.

      Avqustun 21-də Kəlbəcər şəhərinə ilk köç baş tutdu. Aparılan quruculuq işləri Prezidentin qətiyyətinin və dövlətimizin gücünün təntənəsi, Azərbaycanın siyasi və iqtisadi gücünün əks etdirir.

      Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rayona səfərləri çoxsaylı təməlqoyma mərasimləri və infrastruktur obyektlərinin açılışı, yerli sakinlərlə görüşlərlə yadda qaldı. Bütün bunlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərinin nə qədər əzəmətli, genişmiqyaslı olduğunu, kompleks məzmun daşıdığını göstərir. Cəmi 5 ilə yaxın müddətdə azad edilmiş ərazilərdə xeyli dəyişikliklər baş verib. Şuşa, Füzuli, Laçın, Xocalı şəhərlərinin, Zəngilanın Ağalı, Laçının Zabux və Sus, Tərtərin Talış kəndlərinin sakinləri artıq öz doğma evlərinə qayıdıblar.

       Müzəffər Ali Baş Komandanın “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” sözlərini eşitmək qürur verir. Bu sözlər səslənərkən doğma yurdlarına qayıdan insanların üzlərindəki sevinci görməmək mümkün deyildi. “Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik və bugünkü tədbir bir daha onu göstərir ki, Azərbaycan xalqı iradəli xalqdır. Azərbaycan xalqı öz doğma torpağına bağlıdır və bütün çətinliklərə baxmayaraq, işğal dövründə biz nəinki inamımızı itirməmişik, hər birimiz - bütün xalq hər gün bu müqəddəs günü yaxınlaşdırırdı”, - dövlət başçısı sakinlərlə görüşdə vurğulayıb.

       Bu gün Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. İnsanlar “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcərə köçürülür və proses gələcəkdə də davam edəcək. Prezident bəyan edib ki, şəhərdə dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq və onlar lazım olan bütün digər infrastruktur layihələri də icra edilib: “İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. İndi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək. Ancaq builki dərs ilini kəlbəcərli uşaqlar modul tipli məktəbdə oxuyacaqlar”.

        Ölkə Prezidenti də kəlbəcərlilərlə görüşündə bu məsələyə xüsusi yer ayırıb. Bildirib ki, “Kəlbəcərin işğalı bizim üçün bütün başqa yaşayış məntəqələrimizin işğalı kimi böyük faciə idi. Ancaq Kəlbəcərin işğalı strateji nöqteyi-nəzərdən Azərbaycan üçün çox böyük problemlər yaradırdı. Çünki Ermənistanla ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi bağlantı yaradılırdı. 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi artıq o bağlantını yaratmışdı və o vaxt “Laçın dəhlizi” adlandırılan yol faktiki olaraq bizim torpaqlarımızın gələcək işğalına yol açmışdı”. Prezident əlavə edib ki, Kəlbəcərin işğalı isə çox böyük bir coğrafi ərazi üzrə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmışdı və beləliklə, digər torpaqlarımızın işğalına yol açmışdır: “Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi xəyanətkarlıq və satqınlıq siyasəti apararaq doğma diyarımızı qoruya bilməmişdir. Hələ 1992-ci ilin may ayında Şuşa və Laçının işğal altına düşməsi o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində mümkün olmuşdur. Alınmaz qalamız Şuşa demək olar ki, ermənilərə təhvil verilmişdir”.

        Prezident cənab İlham Əliyevin rəhbərliyi altında özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan, həmçinin bölgədə sülh gündəliyinin müəllifi kimi çıxış edir və bu gündəliyə dünya güclərinin imza atmasına nail olur. Ölkənin artan nüfuzu "Böyük qayıdış"la yanaşı "Böyük sülh"ü də sürətlə yaxınlaşdırır.


Nəsib İsmayılov

Bülbülə bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti