BMT tribunasında: “Böyük Qayıdış və Azərbaycanın Yeni Qlobal Missiyası"

Prezident  cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın yeni inkişaf yolunu, bərpa və quruculuq strategiyasını, beynəlxalq əməkdaşlıq sahəsində liderliyini aydın şəkildə nümayiş etdirdi. Qalib dövlət kimi Azərbaycan artıq yalnız regional deyil, həm də qlobal proseslərdə söz sahibidir.

       Qələbədən dərhal sonra dövlətimiz azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa proqramına start verdi. Ermənistanın işğal dövründə yerlə-yeksan etdiyi şəhərlər və kəndlər, dağıtdığı tarixi abidələr və 65 məscid indi yenidən qurulur. “Böyük Qayıdış” proqramı çərçivəsində artıq 50 mindən çox soydaşımız doğma yurdlarına dönüb. Bu, təkcə infrastrukturun deyil, həm də milli ruhun, xalqımızın tarixi yaddaşının bərpasıdır.

        Lakin qarşıda ciddi çətinliklər də qalır. Ermənistanın ərazilərimizdə basdırdığı minalar hələ də böyük təhlükə mənbəyidir. 2020-ci ildən bəri 400-dən çox vətəndaşımız mina partlayışlarının qurbanı olub. Bu, həm bərpa işlərinə, həm də köçkünlərin təhlükəsiz qayıdışına mane olur. Prezident cənab  İlham Əliyevin dünya ictimaiyyətinə çağırışı ondan ibarətdir ki, beynəlxalq təşkilatlar bu humanitar problemin həllinə dəstək göstərməlidirlər.

       Azərbaycan yalnız hərbi-siyasi sahədə deyil, həm də iqlim gündəliyində böyük uğur qazanıb. Ölkəmiz COP29-a ev sahibliyi etməklə qlobal iqlim proseslərinin mərkəzinə çevrildi. COP29-da qəbul edilən Bakı Maliyyə Hədəfi dünya iqlim maliyyələşdirməsində tarixi mərhələdir. 2035-ci ilə qədər inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan dövlətlərə illik 300 milyard dollara qədər dəstək göstərməsi öhdəliyi qəbul olundu. Bu, Azərbaycanın beynəlxalq etimadının və liderliyinin göstəricisidir.

      Prezident  cənab İlham Əliyev çıxışında yaşıl keçid məsələsinə də toxundu. O bildirdi ki, dünya hələ uzun müddət mədən yanacaqlarından imtina edə bilməz. Enerji təhlükəsizliyi sülh və inkişafla sıx bağlıdır. Azərbaycan bu sahədə etibarlı tərəfdaş olduğunu sübut edib. Hazırda ölkəmiz 14 dövlətə təbii qaz ixrac edir və boru kəməri ilə qaz ixracında dünyada birinci yerdədir. Bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.

      Bununla yanaşı, Azərbaycan bərpa olunan enerji sahəsində də böyük addımlar atır. 2030-cu ilə qədər enerji istehsalımızın 40%-i günəş, külək və su elektrik stansiyalarından təmin ediləcək. Bu həm iqtisadi, həm də ekoloji baxımdan strateji hədəfdir.

      Azərbaycanın regional əlaqələr sahəsində də uğurları böyükdür. Orta Dəhlizlə yüklərin həcmi son illərdə 90% artıb. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və 9 beynəlxalq hava limanı ölkəmizi qlobal nəqliyyat qovşağına çevirib. Prezidentimizin vurğuladığı “Rəqəmsal İpək Yolu” layihəsi isə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsini təmin edəcək.

     İqtisadi nailiyyətlər də diqqətəlayiqdir. Yoxsulluğun və işsizliyin 5%-ə enməsi, xarici borcun ÜDM-in cəmi 6,5%-i olması, valyuta ehtiyatlarının borcu 16 dəfə üstələməsi ölkəmizin güclü iqtisadi dayanıqlığından xəbər verir. Beynəlxalq reytinq agentliklərinin   Azərbaycana sərfəli investisiya dərəcəsi verməsi də bunun sübutudur.

Prezident cənab İlham Əliyev həmçinin Xəzər dənizində suyun sürətlə azalması probleminə toxundu. Bu, təkcə region üçün deyil, bütün dünya üçün ekoloji təhlükədir.  Azərbaycan bu məsələdə BMT ilə sıx əməkdaşlığa hazır olduğunu bəyan etdi.

Humanitar sahədə də Azərbaycan qlobal miqyasda nümunə göstərir. Pandemiya dövründə 80-dən çox ölkəyə yardım göstərilməsi, tibbi avadanlıq və vaksinlərin ianə edilməsi ölkəmizin humanist siyasətinin bariz nümunəsidir.

Təhsil sahəsində çalışan biri olaraq mən Möhtərəm Prezidentimizin çıxışından qürur duyuram. Çünki bu çıxışda həm qalib xalqın qətiyyəti, həm də sülhsevər dövlətin böyük vizyonu öz əksini tapır. Övladlarımız artıq müharibə yox, quruculuq və inkişaf şəraitində böyüyürlər. Biz müəllimlər övladlarımıza yalnız bilik deyil, həm də vətənpərvərlik tərbiyəsi verməliyik.

Azərbaycan artıq təkcə öz torpaqlarını azad edən deyil, həm də dünyaya sülh, ədalət və inkişaf yolunu göstərən bir ölkədir. Cənab Prezidentin BMT-dəki tarixi çıxışı da bunun sübutudur.


Aygün Səfərova

Suraxanı rayonu, 146 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti