Prezident İlham Əliyev və İtaliya Prezidenti Mattarella Bakıda Bəyanatla Çıxış Etdi

 Sentyabrın 30-da Prezident cənab  İlham Əliyev və İtaliya Prezidenti  Sercio Mattarella Bakıda görüşərək mətbuata bəyanat verdilər. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi. Qeyd edilməlidir ki, Mattarella artıq ikinci dəfə Azərbaycana rəsmi səfər edir və bu fakt özü münasibətlərin davamlı inkişafına dəlalət edir.

       Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələrin əsas sütununu enerji sahəsi təşkil edir. İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşı olmaqla yanaşı, həm də ölkəmizin neft və qaz ixracında əsas istiqamətlərdən biridir. Xüsusən Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi iki ölkə arasında əməkdaşlığın bariz nümunəsidir. Cənab  Prezidentin vurğuladığı kimi, 2020-ci ildən etibarən Azərbaycan qazı məhz TAP vasitəsilə İtaliyaya çatdırılır. Bu, təkcə İtaliya üçün deyil, bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyi üçün mühüm hadisədir.

      Hazırda Azərbaycan Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı istiqamətində də əməkdaşlıq üzərində işləyir. Bu layihə həm Cənub Qaz Dəhlizi, həm də gələcəkdə Xəzərin dibi ilə Orta Asiyadan ötürüləcək elektrik enerjisi üçün yeni imkanlar açır.

İkitərəfli münasibətlərin mühüm tərəflərindən biri də humanitar əməkdaşlıqdır. İtaliya-Azərbaycan Universitetinin açılışı bu sahədə böyük addım hesab olunur. Cənab Prezident  İlham Əliyevin 2020-ci ildə irəli sürdüyü təşəbbüs artıq reallığa çevrilib. Universitet ADA ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsinin əməkdaşlığı əsasında qurulub.

       Hazırda burada 600-dən çox tələbə təhsil alır və bir sıra ixtisaslar üzrə ikili diplom proqramları həyata keçirilir. Təhsil ocağının müasir laboratoriyaları, tədqiqat mərkəzləri və yaradıcı emalatxanaları elm, mədəniyyət və sənayeni birləşdirən mühüm mərkəz rolunu oynayır. Bu layihə həm Azərbaycan təhsil sisteminin inkişafına, həm də iki ölkə arasında uzunmüddətli dostluğun möhkəmlənməsinə xidmət edir.

      İtaliya, həmçinin, Azərbaycan–Avropa İttifaqı əlaqələrinin inkişafında mühüm tərəfdaşdır. Prezident  cənab İlham Əliyevin bəyanatında vurğulandığı kimi, Roma həmişə bu münasibətlərin güclənməsinə dəstək verib. Son illərdə bu sahədə müsbət dinamika müşahidə olunur və bu da Bakı ilə Brüssel arasında dialoqun gələcəyi üçün yeni imkanlar yaradır.

       Azərbaycan–İtaliya əlaqələri təkcə enerji və iqtisadi sahə ilə məhdudlaşmır, həm də elm, təhsil və humanitar istiqamətlərdə dərinləşir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sənədləri bu əməkdaşlığın möhkəm hüquqi bazasını təşkil edir.

Bakı və Roma arasındakı münasibətlər regional və beynəlxalq miqyasda nümunə ola biləcək uğurlu əməkdaşlıq modelidir. İki ölkə arasındakı strateji tərəfdaşlıq gələcəkdə həm iqtisadi, həm də humanitar sahələrdə yeni perspektivlər vəd edir.

Yusif İbrahimov

Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti