Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb


Xəzər dənizinin dayazlaşması bu gün regionun ən kəskin ekoloji problemlərindən biridir. Bütün Xəzəryanı ölkələr üçün əməkdaşlığı gücləndirmək, elmi məlumatları aktiv şəkildə mübadilə etmək və bu prosesin nəticələrini yumşaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir.

Sozcu.info-nun məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Kazinform" agentliyinə müsahibəsində bildirib.

"Bu gün Xəzər dənizi, təəssüf ki, bir sıra ciddi ekoloji çağırışlarla üzləşir. Ən kəskin problemlərdən biri dayazlaşmadır - həm ekoloji, həm də iqtisadi təhlükə daşıyan suyun səviyyəsinin sürətlə azalması. 2022-ci ildə keçirilmiş Altıncı Xəzər Sammitində mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib.

Xəzərdə suyun səviyyəsi sürətlə azalır və bunun səbəbləri təkcə iqlim dəyişikliyində deyil. Yaranmış vəziyyətdə bütün Xəzəryanı ölkələr üçün sıx əməkdaşlıq qurmaq, elmi məlumatları aktiv şəkildə mübadilə etmək və nəticələri yumşaltmaq üçün razılaşdırılmış tədbirlər hazırlamaq son dərəcə vacibdir", - deyə dövlət başçısı bildirib.

İlham Əliyevin sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla əlaqədar ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlığını təhdid edir.

"Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzər dənizinin qorunması təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər fonunda Xəzər artıq sadəcə su hövzəsi deyil və bizim ümumi məsuliyyətimizin və vahid fəaliyyətə ehtiyacımızın simvoluna çevrilir", - Prezident qeyd edib.

Report.az



Oxşar Xəbərlər

Xəbər lenti