Dostluq və əməkdaşlıq dənizi

Bu həftənin əsas siyasi hadisələrindən biri iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısının keçirilməsi oldu. Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşdə dövlət başçıları Xəzər dənizində əməkdaşlığa, aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Xəzərin ekoloji problemlərinə dair müzakirələr aparıblar.
Azərbaycan dövləti Xəzər dənizinə hər zaman sahilyanı ölkələrlə dostluğu və əməkdaşlığı daha da möhkəmləndirən bir imkan kimi yanaşıb. Təsadüfi deyil ki, respublikamızın həyata keçirdiyi enerji və nəqliyyat layihələri, nəhəng logistik infrastrukturun yaradılması Xəzəryanı dövlətlər arasında iqtisadi inteqrasiyanı gücləndirib, onların Xəzər dənizi vasitəsilə Avropa və dünya bazarlarına çıxışına böyük töhfələr verib.
Bütün bunlarla yanaşı, rəsmi Bakı Xəzərlə bağlı müzakirələrdə özünün milli maraqlarını qətiyyətlə təmin edib. Bu mənada 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiya ölkəmizin xarici siyasətinin böyük uğurudur. Bu konvensiya ilə 20 ildən artıq davam edən danışıqlara yekun vuruldu, Xəzərin hüquqi statusu müəyyən olundu.
Bundan əlavə, həmin vaxt Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında protokol imzalanmışdı.
Ümumiyyətlə, Azərbaycan Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib, bu işə özünün tarixi töhfələrini verib. Hələ 12 il əvvəl, 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısı Xəzəryanı dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə yol açıb. Məhz həmin Zirvə toplantısında regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdı. Sazişdə ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılmışdı. Bununla yanaşı, Bakıda keçirilən toplantıda Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri də razılaşdırılmışdı. Bu prinsiplər Azərbaycanın hər zaman bəyan etdiyi kimi, dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir.
4 il əvvəl Aktauda imzalanan konvensiya isə Xəzərin təhlükəsizlik və sabitlik dənizinə çevrilməsi üçün hüquqi baza yaratdı, bu bölgədə mehriban qonşuluğu, qarşılıqlı faydalı əməkdaşlığı möhkəmlətmək üçün yeni imkanlara yol açdı. Prezident İlham Əliyev Aktauda keçirilmiş V Zirvə Toplantısında bildirmişdi ki, qəbul edilən qərarlar Xəzəryanı ölkələr arasında əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi, Xəzər regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
Ötən dövrün mənzərəsi göstərir ki, indi sahilyanı dövlətlər arasında münasibətlər daha da möhkəmlənib. Başqa cür desək, Xəzər dənizi sahilyanı dövlətlər arasındakı dostluğu və əməkdaşlığı daha da gücləndirib. Prezident İlham Əliyevin VI Zirvə Toplantısında qeyd etdiyi kimi, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir.
Xəzəryanı dövlətlərin dövlət başçılarının sonuncu Zirvə toplantısı 4 il əvvəl keçirilmişdi. Təbii ki, aradan ötən dövrün məzmunu müzakirələr üçün gündəlik formalaşdırıb. Bu baxımdan Aşqabadda keçirilən VI Zirvə Toplantısı vacib müzakirələrlə yadda qaldı. "Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır" deyən Prezident İlham Əliyev ölkəmizin bu məsələyə verdiyi töhfələri diqqətə çatdırıb.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın mühüm töhfəsidir. Zəngəzur dəhlizi isə Xəzəryanı dövlətlərin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına və şaxələnməsinə yol açacaq.
Bütövlükdə Azərbaycanın həyata keçirdiyi layihələr Xəzəryanı ölkələrin əməkdaşlığını daha da dərinləşdirir. O cümlədən respublikamızda görülən işlər Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük potensialın olduğunu göstərir.

Tahir Səfərov Qaraçuxur bələdiyyəsinindr müavini



Oxşar Xəbərlər

Xəbər lenti