17-10-2025, 18:29
14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
"Burada yaşayacaq insanların sayı çoxalacaq. Eyni zamanda, bu gün Cəbrayıl şəhərində məscidin təməlini qoyacağam".
Sozcu.info xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüş zamanı deyib.
"Bununla bərabər bilirsiniz ki, Cəbrayıl rayonunda iş yerləri də yaradılır. "Araz Vadisi" sənaye zonası artıq fəaliyyətdədir. Orada üç müəssisə fəaliyyət göstərir. Amma yaxın gələcəkdə onların sayı təqribən 20-yə çatacaqdır. Yəni, iş yerləri ilə bağlı burada heç bir problem olmayacaq.
O cümlədən Cəbrayıl şəhərində bu gün iki Günəş Elektrik Stansiyasının təməli qoyulacaq. Üçüncü, ən böyüyü isə artıq icra müddətindədir. Onu da bildirməliyəm ki, bu bölgənin çox gözəl kənd təsərrüfatı potensialı var. Eyni zamanda, burada Günəş enerjisi də istehsal olunacaq. Burada istehsal olunacaq Günəş enerjisi bütün bu bölgəni təmin edəcək. Çünki Cəbrayıl və Zəngilan rayonlarında icra edilmiş və ediləcək Günəş və su elektrik stansiyalarının gücü təqribən 400 meqavata çatacaq. Yəni, 400 meqavat böyük bir şəhərin tələbatını ödəyən gücdür.
Eyni zamanda, biz daim iş yerlərinin yaradılması ilə bağlı işləyirik. Burada da kənd təsərrüfatı ilə, heyvandarlıqla məşğul olmaq üçün şərait yaradılacaq. Təbii ki, artıq istifadəyə verilmiş digər kəndlərdə olduğu kimi, həyətyanı sahələrdə də əkin-biçinlə məşğul olmaq mümkündür. Hər biriniz üçün on iki sot həyətyanı sahə ayrılıb. Amma burada digər böyük yerlərdə, yəni, həm örüş, həm də ki, əkin üçün yararlı olan torpaqlarda kənd təsərrüfatı ilə məşğul olmaq mümkün olacaqdır. Yəni, Qarabağda, Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Bütün bu şəhər və kəndlər tikiləndə bunu biz əsas vəzifə kimi qarşıya qoyuruq ki, burada yaşayan insanlar işlə təmin olunsunlar" - Prezident qeyd edib.