15-01-2026, 21:37
14-01-2026, 11:52
7-01-2026, 21:19
6-01-2026, 22:02
23-12-2025, 18:26
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb. Prezident İlham Əliyev də qaliblər sırasında yer alıb. Müharibədə qalib gələn lider sülhdə də qalib oldu.
Heç şübhəsiz ki, bu mükafat cənab Prezidentin sülh gündəliyinin dünya tərəfindən təqdiridir. Nüfuzlu mükafatın alınmasında dövlət başçısının sülh yolundakı təşəbbüsləri, bu istiqamətdə qarşıya çıxan maneələrin aradan qaldırılması üçün atdığı addımlar, Ermənistanın revanşizmə və regionu yeni qarşıdurmaya sürükləmək cəhdlərinin qarşısındakı qətiyyətli LİDER obrazı, Azərbaycanın öz iradəsini diktə etməsi, münaqişənin həllində göstərdiyi çabalar və 2025-ci ilin avqustunda Vaşinqtonda məsələyə nöqtə qoyulması mühüm rol oynadı.
Mükafatın verilməsi ilə bağlı Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində qeyd edilir ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib. Əslində bütün dünyada Azərbaycanın rəhbərinə göstərilən yüksək etimad burada da xüsusi yer almaqdadır.
Dövlətimizin başçısının layiq görüldüyü Şeyx Zayed Fondunun mükafatı bu böyük iradənin, ədalətli sülhün və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunun rəmzidir. Prezident İlham Əliyevin diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, qlobal sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Eyni zamanda bu nüfuzlu mükafat Azərbaycanın humanist addımlarına və sülh quruculuğuna verilən yüksək qiymətin təzahürüdür. Ölkəmiz artıq yalnız enerji resursları ilə deyil, həm də regionda təhlükəsizliyin əsas dayağı kimi qlobal miqyasda nüfuz qazanıb.
Zəngəzur dəhlizi kimi strateji layihələrin reallaşması ilə Azərbaycanın beynəlxalq tranzit xəritəsindəki yeri daha da möhkəmlənir və bu, bütün Avrasiya regionu üçün yeni inkişaf imkanları vəd edir. Beləliklə, qazanılan hər bir uğur Azərbaycanın suveren gücünün və sülhsevər siyasətinin sarsılmazlığını bir daha təsdiq edir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondu tərəfindən Prezident İlham Əliyevin təltif edilməsi təkcə fərdi liderliyin qiymətləndirilməsi deyil, eyni zamanda Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı sülh konsepsiyasının beynəlxalq səviyyədə qəbul və təqdir edildiyinin göstəricisidir:
“Bu mükafat mahiyyət etibarilə XXI əsrdə müharibədən çıxmış dövlətin qalibiyyət psixologiyasını revanşizmə deyil, dayanıqlı sülhə yönəltməsinin nadir və nümunəvi modelinə verilən yüksək qiymətdir. Prezident İlham Əliyev öz mükəmməl diplomatik məharəti ilə sübuta yetirdi ki, müharibədə qalib gələn lider yalnız hərb meydanında deyil, sülh masasında da qalib olmalıdır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi mütləq qələbə regional status-kvonu dəyişdi, lakin bu qələbənin strateji dəyəri məhz postmüharibə mərhələsində ortaya qoyulan siyasi iradə ilə tamamlandı. Rəsmi Bakı revanşist ritorikaya, emosional maksimalizmə və ikrah doğuran xarici manipulyasiyalara uymadan, hüquqa və reallığa əsaslanan sülh gündəliyi formalaşdırdı. Bu yol şübhəsiz ki, asan olmadı. Bəlkə də müharibəyə qədərki dövrdən dəfələrlə çətin oldu.
Azərbaycan ilk gündən açıq şəkildə bəyan edirdi ki, sülh alternativsizdir, lakin bu sülh yalnız suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüquq əsasında mümkün ola bilər. Rəsmi Bakı güzəşt dili ilə deyil, özünün formalaşdırdığı reallıqların dili ilə danışdı və nəticədə prosesdə təşəbbüskar tərəf olaraq öz ədalətli mövqeyini diktə etməyi bacardı.
2025-ci ilin avqustunda Vaşinqtonda müharibə perspektivinə birdəfəlik nöqtə qoyulması da Azərbaycanın diplomatik səylərinin, regional güc balansını düzgün oxumasının və qlobal aktorlarla praqmatik münasibətlər qurmasının məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Burada əsas məqam vasitəçilərin və ya kənar oyunçuların deyil, tərəflərin, xüsusilə də qalib tərəfin iradəsinin həlledici olmasıdır.
Azərbaycanın münaqişənin həllində ortaya qoyduğu model artıq beynəlxalq praktikada nümunəvi təcrübə kimi qəbul edilir. Ölkəmiz öncə işğala son qoyulmasının hüquqi-siyasi əsaslarını formalaşdırdı, sonra hərbi gücün legitim tətbiqinə nail oldu, daha sonra isə qalib mövqedən sülh təklifi ilə çıxış etdi. Bu model göstərdi ki, “dondurulmuş münaqişələr” anlayışı əslində siyasi iradənin olmamasının başqa adıdır.
Şeyx Zayed Fondunun mükafatı isə məhz bu iradənin, müharibəni qələbə ilə bitirən, sülhü isə strateji nəticəyə çevirən liderliyin beynəlxalq səviyyədə tanınmasıdır”.