İSTANBUL BMT-NİN MƏRKƏZİ OLA BİLƏR?

İSTANBUL BMT-NİN MƏRKƏZİ OLA BİLƏR?

 

Və yaxud ABŞ nə üçün Türk şəhərinin BMT-nin mərkəzi olmasına imkan verməz?

"İstanbulun BMT-nin mərkəzi olması yolunda addımlar atdıq və bir çox BMT agentliyinin regional ofislərinin bu şəhərə daşınması istiqamətində işlər davam etdirilir”.

Bu barədə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın BMT-nin yaranmasının 73-cü ildönümü ilə bağlı açıqlamasında bildirilib.

Açığı, Türkiyə prezidentinin bu açıqlaması çox təəccüblüdür. Çünki BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Çin, Fransa, Rusiya, Böyük Britaniya heç vaxt imkan veməz ki, İstanbul BMT-nin mərkəzi olsun. Ona görə ki, bu ölkələr BMT-də hər bir məsələdə veto hüququna malikdirlər. Ərdoğan "İstanbulun BMT-nin mərkəzi olması yolunda addımlar atdıq və bir çox BMT agentliyinin regional ofislərinin bu şəhərə daşınması istiqamətində işlər davam etdirilir” desə də, bu, boş xülyadır. İnanmaq olmur ki, İstanbul nə vaxtsa BMT-nin mərkəzi olacaq. Ən yazından yaxın on illikdə bu mümkün görünmür. Çünki BMT-nin qərargahının Nyu-Yorkda yerləşməsi özü Amerikaya lazımdır. Ona görə ki, dünyadakı bütün məsələlər orada müzakirə olunduğu üçün ABŞ-a həm nüfuz, həm də dünya ölkələrinə təsir baxımından bu vacibdir. Bu baxımdan, ABŞ hökuməti heç vaxt İstanbulun BMT-nin mərkəzi olmasına imkan verməz. Bu məsələdə çox güman ki, 5 ölkədən Çin və Rusiya İstanbulun BMT-nin mərkəzi olmasına etiraz etməz.

Amma ABŞ başda olmaqla, Fransa və Böyük Britaniya bu məsələ səs qoyularsa, mütləq etiraz edərlər. Belə olan halda isə bu məsələdə səs çoxluğu ABŞ-ın xeyrinədir.

Doğrudur, BMT Təhlükəsizlik Şurasının 5 daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) üzvündən başqa, 2 il müddətinə seçilən 10 qeyri-daimi üzvü var və Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedur məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. Amma bütün hallarda ABŞ-ın dünyada olduğu kimi, BMT-də də hegemonluğu danılmazdır. Ona görə də Ərdoğan İstanbulun BMT-nin mərkəzi olması arzusu baş tutan söhbət deyil.

Burada Ərdoğanın səsləndirdiyi maraqlı bir fikir də diqqəti çəkir: "Bu gün bəşəriyyət olaraq iqlim dəyişikliyindən etnik təmizləmələrə, aclıqdan düşmənçiliyə, yoluxucu xəstəliklərdən terrorizmə qədər uzanan geniş bir spektrdə ciddi sınaqlarla qarşı-qarşıya qaldıq. Qlobal miqyasda bu problemlərin Afrika və Asiyadakı iqtisadi imkanları məhdud dövlətlər başda olmaqla, inkişaf etməkdə olan ölkələrə daha çox təsir etdiyinə şahid oluruq. Bu problemlərlə təkbaşına mübarizə aparmaq mümkün deyil. Son illərdə yaşanan çatışmazlıqlara baxmayaraq, BMT bəşəriyyətin ortaq məsələlərinə həll yolu tapmaq üçün ən mühüm platformadır”.

Əslındə, əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək olan BMT Təhlükəsizlik Şurasında daimi üzvlərin sayının dəyişməməsi hər hansı məsələnin müzakirəsində və qərarların qəbulunda ciddi maneə yaradır. Demək olar ki, dünyanın taleyi beş ölkənin əlindədir. Əslində, burada verilən qərarların da kağız parçasından heç bir fərqi yoxdur. Çünki BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilsə də, bu gün də o qətnamələr icra olunmur. O zaman bu qurumun "mühüm platforma” olması nəyə xidmət edir? BMT-nin daimi üzvü olan Amerika özü Qüdsü İsrailin paytaxtı elan etdi. Düzdür, BMT bu qərarı tanımadı. Amma BMT-də qəbul olunan qərarlar icra olunmursa, bu təşkilat bəşəriyyətin ortaq məsələlərini həll etmək üçün ən mühüm platforma deyil. Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan özü də dəfələrlə çıxışlarında BMT-yə etiraz edib. BMT Təhlükəsizlik Şurasının formalaşması sistemini ədalətsiz adlandırıb. Ərdoğan bir tərəfdən "Dünya birliyinin taleyi Təhlükəsizlik Şurasının beş daimi üzvünün əlində ola bilməz. Dünya 5-lərdən böyükdür”, digər tərəfədən "BMT bəşəriyyətin ortaq məsələlərinə həll yolu tapmaq üçün ən mühüm platformadır”,-deyir. BMT Təhlükəsizlik Şurasının formalaşması sistemi ədalətsizdirsə, BMT necə mühüm platforma ola bilər?




Oxşar Xəbərlər

Xəbər lenti