8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Taliyət Əliyev: "Birlikdən qaçmaq yanlış yoldur”
Keçmiş daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidovun təşəbbüsü ilə keçiriləcək "Müxalifətin zirvəsi”nə bir neçə gün qalır. Dekabrın 25-də saat 12:00-da KXCP-nin qərargahında təşkil olunacaq zirvə görüşünə dəvət olunan partiya sədrlərinə, tanınmış siyasətçilərə artıq dəvətnamələr göndərilib.
Bu barədə açıqlama verən İ.Həmidov siyasətçilərlə bir-bir görüşdüyünü söyləyib: "Görüşlərimiz davam edir. Dəvətnamələrin artıq demək olar ki, əksəriyyəti paylanılıb. Dəvətnamələrdən başqa dəvətlilərlə fərdi görüşlərə də ciddi üstünlük veririk... Ayın 25-də saat 12:00-da hər kəsi dəyirmi masa ətrafında görmək istəyirik. Hər kəs gəlib öz fikirlərini deyəcək. Bu, bir toplantıdır. İşlərin normal getdiyini düşünürük. İndiyə qədər dəyirmi masa ilə bağlı elə siyasətçi olub ki, onunla dörd dəfə görüşmüşəm. O, məni inandırır, mən də onu”.
Əslində, AMDP sədri İsgəndər Həmidovun bu təşəbbüsü təqdirəlayiq bir addımdır. Amma yenə də müxalifətin birləşməsi müşkül görünür. Çünki indidən 40-a yaxın siyasətçinin dəvət olunduğu müxalifətin zirvə toplantısında kimlərin iştirak edib-etməyəcəyi müzakirə olunur.
Musavat.com xəbər verir ki, artıq Müsavat başqanı Arif Hacılının, AXCP sədri Əli Kərimlinin, REAL sədri İlqar Məmmədovun zirvə görüşünə qatılmayacaqları barədə iddialar səslənir. Buna səbəb kimi isə Ə.Kərimlinin başqa bir formatda birlik yaratmaq təşəbbüsü ilə çıxış etməsi və bunun üçün adıkeçən partiya sədrləri ilə görüşü qeyd olunur.
REAL sədri İlqar Məmmədovun zirvə görüşünə qatılmayacağı barədə iddiaların həqiqət olduğu aydın olub. Çünki qurumun icraçı katibi Natiq Cəfərli böyük ehtimalla "Müxalifətin zirvəsi”ndə iştirak etməyəklərini açıqlayıb.
Müsavat başqanı Arif Hacılının, AXCP sədri Əli Kərimlinin, REAL sədri İlqar Məmmədovun zirvə görüşünə qatılmayacaqları barədə iddialara səbəb kimi Ə.Kərimlinin başqa bir formatda birlik yaratmaq təşəbbüsü ilə çıxış etməsi və bunun üçün adıkeçən partiya sədrləri ilə görüşməsi kimi fikirlər səslənsə də, N. Cəfərli deyib ki, hər hansı bir birlik formatında iştirak etməklə bağlı nə qərarımız, nə də niyyətimiz var.
Müsavat, REAL partiyalarının və Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir birlikdə birləşəcəyi ilə bağlı informasiyaya aydınlıq gətirən REAL Rartiyasının İdarə Heyətinin üzvü Azər Qasımlı da bir neçə gün öncə "Hürriyyət”ə bildirmişdi ki, elə bir şey yoxdur və bu haqda danışmağın mənası da yoxdur: "Çünki ortada heç nə yoxdur”.
"Ya bu şaiyələri heç bir işi olmayan, boş duran insanlar yaradır, ya da ki, Azərbaycan iqtidarı hansısa bir şəkildə bu mövzuları ortaya atır. Bu mövzuları niyə atırlar, niyə edirlər, onu da deyə bilmərəm. Yəni REAL-ın gündəmində bu mözu yoxdur”,-deyə REAL rəsmisi qeyd etmişdi.
Göründüyü kimi, N. Cəfərlinin açıqlaması A. Qasımlının fikirlərini təsdiq edir. Bu baxımdan da AXCP, Müsavat və REAL partiyalarının bir birlikdə birləşməsi inandırcı deyil. Əgər bundan sonra bu birlik baş tutarsa belə, adıçəkilən siyasilər öz nüfuzlarına zərbə vurmuş olarlar. Əslində, müxalifətin 3 partiyanın bir, 10 partiyanın isə başqa birlik formatında təmsil olunması deyil, vahid bir mərkəzdə birləşməsi yaxşı olardı. Qonşu Gürcüstan demokratik dəyərlər baxımından necə ki, bizdən üstün vəziyyətə gəlib çatıb, eləcə də müxalifətin vahid bir qüvvə kimi birləşməsi baxımından bizə örnək ola bilər. Ötən ay Gürcüstanda keçirilən prezident seçkilərində vahid müxalifət nümunəsi də bunun əyani sübutudur.
"Onlar zirvə toplantısına qatılmayandan sonra bu barədə fikir yürütmək olar”
AMDP sədri İsgəndər Həmidovun təşəbbüsü ilə keçiriləcək müxalifətin zirvə toplantısı ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev "Hürriyyət”ə dedi ki, belə bir zirvə toplantısının keçirilməsi ilə bağlı informasiyanı sadəcə mətbuatdan oxuyub: "İsgəndər bəy bu təşəbbüslə çıxış edib və artıq bir çox şəxslərə dəvətnamələr yollanılıb. Amma şəxsən bizim partiyaya belə bir müraciətin daxil olması ilə bağlı mənim məlumatım yoxdur. Adını qeyd etdiyiniz şəxslərin də bu zirvə toplantısına niyə qatılmayacaqları ilə bağlı mən qabaqcadan fikir yürütmək istəmirəm. Ola bilər, bəlkə onlar qatıldılar. Bimirəm, bu infromasiyanı kim yayıb. Yəni bu informasiyada nə qədər həqiqət payı olduğunu bilmədiyim üçün bu barədə mən qəti bir fikir söyləyə bilmərəm ki, onlar niyə qatılmayacaqlar. Onlar zirvə toplantısına qatılmayandan sonra bu barədə fikir yürütmək olar. Qabaqcadan belə bir hadisə baş verməyibsə, o barədə fikir yürütmək qeyri-ciddi olardı”.
"Ola bilər onların arasında artıq ilkin razılaşma var”
"Mənim mətbuatdan məlumatım var ki, Əli bəyin Müsavat başqanı Arif bəylə, REAL sədri İlqar bəylə görüşləri olub və bu görüşlərdə məqsəd hansısa bir formatda birliyə təşəbbüs göstərmə cəhdi olub. Yəni bir yerdə birləşməklə bağlı təşəbbüs irəli sürdüyü ilə bağlı informasiyam var. Ola bilər, Müsavat Partsiyası, REAL və Azərbyacan Xalq Cəbhəsi Partiyası arasında Əli bəyin təşəbbüsü ilə irəli sürülən o birliklə bağlı ilkin razılaşma olduğuna görə, onlar zirvə toplantısına qatılmaqda tərəddüd edirlər və yaxud qatılmayacaqlar. Ola bilər, onların arasında artıq ilkin razılaşma var ki, bir birlikdə birləşsinlər, ona görə də əlavə bir birliyiə ehtiyac görmürlər. Amma yenə də deyirəm qabaqcadan qəti bir fikir söyləmək çətindir”,-deyə ADP yetkilisi qeyd etdi.
"Əli Kərimli ilə bunlar arasında hansısa bir razılaşma var ki, bunlar bu mövqedən çıxış edirlər”
T.Əliyev əlavə etdi ki, əslində, REAL-ın əvvəlki siyasi xəttinə baxanda, onlar hər hansı bir birlikdə təmsil olunmamağa daha çox meylli görünürlər: "Yəqin Əli Kərimli ilə bunlar arasında hansısa bir razılaşma var ki, bunlar bu mövqedən çıxış edirlər. Amma bu zirvə toplantısının da mahiyyəti nədən ibarət olacaq, orada hansı məsələlər müzakirə olunacaq, bu barədə hələlik ictimaiyyət arasında tutarlı bir informasiya yoxdur. Amma REAL funksionerinin belə bir açıqlama verməsi ki onlar zirvə toplantsında iştirak etməyə tərəddüdlə yanaşırlar, onun səbəblərini nəinki biz, REAL daha yaxşı bilər. Mən konkret deyə bilmərəm ki, onlar hansı səbəbdən zirvə toplantısına qatılmayacaqlar”.
"Təkbaşına partiyalar hansı nailiyyətə nail ola bilər?”
"Natiq Cəfərli indiyə kimi yaranmış müxalif birliklərin uğursuz olduğunu vurğulayıb. İsgəndər bəyin təşəbbüsü ilə yaradılan bu birliyin bir əhəmiyyəti olacaqmı” sualına T.Əliyev belə cavab verdi: "Düzdür, bu birliklərlə bağlı müxtəlif fikirlər var. Elə şəxslər var, deyir ki, bu birliklərin heç bir əhəmiyyəti olmayacaq, digər birliklər kimi müvəqqəti xarakter daşıyır. Amma hər bir birliyin də missiyası olur. Sözsüz ki, bu günə qədər Azərbaycanda mövcud olan müxalifət partiyalarının birliklərinin özlərinin müəyyən hədəfləri olub və o hədəflərə çatdıqdan, yaxud çata bilmədikdən sonra təbii olaraq onlar sıradan çıxıblar. Bu, o demək deyil ki, bütün birliklərin nəticəsi olmayıb, bu birliyin də nəticəsi olmayacaq. Bu da bir səhv yanaşmadır. Mən hesab edirəm ki, cəmiyyətdə hər zaman birliyə ehtiyac var. Çünki güc birlikdədir. Bilirsiniz ki, bu gün Azərbaycandakı müxalifət partiyaları əvvəlki illərlə müqayisədə kifayət qədər zəifləyib. Yəni cəmiyyətin özündə apolitik bir durumdur. Müxalifət partiayalarında təşkilatı baxımdan aşınmalar gedir. Ona görə də partiyaların ayrı-ayrı fəaliyyət göstərməsindən daha çox vahid bir qüvvədə birləşib, konkret hədəfə istiqamətlənən bir birlik yaradıb fəaliyyət göstərməsi daha məqsədəmüvafiqdir. Mən bunu belə düşünürəm. Mən hesab edirəm ki, birlikdən qaçmaq yanlış bir yoldur. Çünki güc birlikdədir. 1990-cı ildən üzü bəri 30 il keçib. Əgər bu dövrdə müxalifət partiyaları konkret olaraq nəyəsə nail ola bilməyiblərsə, ayrı-ayrılıqda hər hansı bir müxalifət partiyasının da nəyəsə nail olacağı inandırıcı görsənmir. Ölkədə güclü birliklər yaranıbsa, nəyəsə nail ola bilməyisə, təkbaşına partiyalar hansı nailiyyətə nail ola bilər? Bu, absurd bir yanaşmadır”.
"Güman etmirəm ki, müxalifət partiyaları vahid mövqedən çıxış edib, bir qüvvə kimi birləşəcəklər”
"Müxalifətin bu zirvə toplantısından nə gözləyirsiniz” sualına gəlincə, T.Əliyev dedi: "Düzü, mənim o zirvə toplantısının formatı və məqsədinin nədən ibarət olması ilə bağlı konkert bir məlumat olmadığına görə, bu barədə fikir söyləyə bilmərəm və mən güman etmirəm ki, müxalifət partiyaları vahid mövqedən çıxış edib, bir qüvvə kimi birləşəcəklər. Bu da inandırcı görünmür. Çünki bununla bağlı bir zirvə görüşü kifayət etməz. Yəni istənilən bir birliyi yaratmaqdan ötrü birliyə üzv olmaq istəyən partiyalar arasında danışıqlar prosesi getməlidir, müəyyən razılaşmalar olmalıdır. Bu razılaşmaların isə bir zirvə görüşündə baş tuması inandırcı görünümr. Sadəcə olaraq burada müxalifət partiyaları ölkədəki ümumi ictimai-siyasi vəziyyət və bu vəziyyətdən çıxış yollarını müzakirə edib, konkret bir qərara gələ bilərlər. Amma bir zirvə görüşü müxalifət partiyalarının vahid bir mərkəzdə birləşməsi üçün yetərli bir addım deyil”.
"Müxalifət partiyaları hansısa bir formatda birləşibsə, hakimiyyət həmin birliyin dağıdılması istiqamətində fəaliyyət göstərib”
Azərbaycan Demokrat Partiyasının sədr müavini onu da vurğuladı ki, bu vaxta qədər hakimiyyət müxalifət partiyalarının biriyində maraqlı olmayıb: "Təcrübədən çıxış edərək bu nəticəyə gəlmək olar. Həmişə müxalifət partiyaları hansısa bir formatda birləşibsə, hakimiyyət həmin birliyin dağıdılması istiqamətində fəaliyyət göstərib. Çünki təbii olaraq hakimiyyət qarşısında güclü bir müxalifət olmasında maraqlı olmaz. Hansı hakimyyət istəyər ki, qarşısında güclü müxalif bir güc, qurum olsun. Təbii olaraq bu hakimiyyət də onu istəməz”.