8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"NATO-nun Qara dənizdə Rusiya ilə savaşması sonda dünya müharibəsinə səbəb ola bilər"
"ABŞ və Avropa Birliyi ölkələrinin limanlarını rus gəmiləri üçün bağlaması ehtimalına gəlincə, təbii ki, Moskva buna adekvat cavab verəcək"
"Ukraynanı qızışdıraraq, onu Rusiya ilə qısamüddətli hərbi əməliyyatlara cəlb edə bilərlər"
Bildiyiniz kimi, noyabrın 25-də Rusiya gəmiləri Kerç körfəzindən çıxan Ukrayna Hərbi-Dəniz Qüvvələrinə aid "Berdyansk" və "Nikopol" adlı 2 hərbi katerə, o cümlədən "Yana Kapu" adlı yedək gəmisinə hücum edib. Bu zaman "Berdyansk" kiçik zirehli artilleriya kateri zədələnib, 6 Ukrayna əsgəri isə yaralanıb. Məhz bu olaydan sonra Rusiya ilə Ukrayna arasında mövcud olan gərginlik bir qədər də artıb. Bu səbəbdən də həm yerli, həm də beynəlxalq analitiklər hesab edirlər ki, Kerç körfəzində yaşanan insident adıçəkilən ölkələr arasında savaşın başlamasına münbit zəmin yaradıb. O da qeyd olunur ki, ABŞ başda olmaqla, əksər Qərb dövlətləri Kremlin cəzalandırılması məqsədiylə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların daha da sərtləşdirilməsini məqsədəuyğun hesab edirlər.
Növbəti iki ay ərzində Rusiyaya qarşı bir sıra tədbirlər görülə bilər
Budur, artıq bu istiqamətdə yeni addımların atılacağına dair kifayət qədər ciddi informasiyalar yayılmaqdadır. Belə ki, ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerin sözlərinə görə, Vaşinqton Kerç boğazında baş verən insidentlə bağlı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edə bilər. "Biz fəaliyyətlərimizi yaxşı şəkildə koordinasiya etdiyimizə əmin olmaq üçün Almaniya, Fransa və digər Qərb müttəfiqlərimizlə danışıqlar aparırıq" deyən Volker ABŞ və Avropa Birliyi ölkələrinin limanlarını rus gəmiləri üçün bağlaması ehtimalını istisna etməyib. Bununla yanaşı, o, Rusiyaya qarşı növbəti iki ay ərzində bir sıra tədbirlərin görülə biləcəyini də qeyd edib.
Sevastopolda Rusiya donanması Qara dənizdə situasiyaya bütünlüklə nəzarət edir
Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, NATO gəmisi artıq Ukraynaya yardıma gəlib. Belə ki, "BlackSeaNews" nəşrinin baş redaktoru, hərbi ekspert Andrey Klimenkonun iddiasına görə, Böyük Britaniya noyabrın 25-də Kerç boğazı ətrafında baş verən hadisə ilə əlaqədar "HMS Echo (H87)" gəmisini Qara dənizə göndərib. Klimenko qeyd edib ki, Kral donanmasının gəmisi dekabrın 17-də Bosfor boğazından Qara dənizə girib: "Bu müasir gəmi sualtı gəmilər və desant əməliyyatlarna dəstək olaraq kəşfiyyat əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulub". Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Frants Klintseviç isə öz növbəsində, bildirib ki, ölkəsi ABŞ-ın Qara dənizdə dostluğa zidd istənilən addımına qarşı adekvat reaksiya verir. Klintseviç vurğulayıb ki, Sevastopolda Rusiya donanması Qara dənizdə situasiyaya bütünlüklə nəzarət edir.
"Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq"
Təxminən, eyni mövqedən çıxış edən Qara dəniz donanmasının keçmiş komandanı admiral Vladimir Komoyedov isə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Qara dənizə girmək haqqına sahib olduqlarını xatırlatmaqla yanaşı, Rusiyanın özünə qarşı mümkün provokasiyaların heç birini cavabsız qoymayacağını da bəyan edib: "Heç kim ABŞ-a Qara dənizdə üzməyi qadağan etmir. Montre razılaşmasına əsasən, onların gəmiləri Qara dənizdə 21 gün qala bilər. Ona görə də hələ də amerikalıların nəyə hazırlaşdığı mənə aydın deyil. Onların Ukraynanı necə dəstəkləyəcəyi də aydın deyil. Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq".
"NATO-nun "HMS Echo (H87)" gəmisini Qara dənizə göndərməsi Qərbin Rusiya ilə müharibəsinə səbəb olmayacaq"
Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova hesab edir ki, Kerç boğazında baş verən insidentlə bağlı Rusiyaya qarşı tətbiq ediləcək yeni sanksiyalar, yəni ABŞ və Avropa Birliyi ölkələrinin limanlarını rus gəmiləri üçün bağlaması ehtimalı tərəflər arasında savaşın başlamasına səbəb olmayacaq: "Çünki 1936-cı ildə bağlanan Montre sazişinə görə, boğazlar Türkiyənin coğrafi ərazisinə daxildir. Bu səbəbdən də hansı ölkənin boğazlardan keçməsinə icazə verib-verməmək məhz Türkiyənin səlahiyyətlərinə daxildir. Belə ki, Qara dəniz ölkələrinin ticarət, mülki gəmiləri Türkiyəni xəbərdar etməklə boğazdan keçə bilirlər. Qara dənizə daxil olmayan kənar ölkələrin, daha dəqiq desək, NATO-nun, Qərbin, Avropanın hərbi gəmiləri isə 15 gün öncə müraciət etməklə, müvafiq icazə almaqla Bosfor və Dardanel boğazlarını keçə bilərlər. Bundan başqa, gəmilərin Qara dənizdə qalma müddəti var. Onu da qeyd edim ki, yalnız bir hərbi gəmi keçə bilər, çoxlu sayda gəmi keçə bilməz. Buna görə də NATO və ya ABŞ Kerç boğazındakı insident səbəbindən Ukraynaya dəstək məqsədiylə 10 gəmi göndərə bilməz. Çünki bu, müharibə ehtimalını artıra bilər. Bir gəmi ilə isə müharibə etmək olmaz. Odur ki, NATO-nun "HMS Echo (H87)" gəmisini Qara dənizə göndərməsi Qərbin Rusiya ilə müharibəsinə səbəb olmayacaq".
"Rusiya da, Qərb də yetərincə ağıllıdır və bilirlər ki, müharibə onlara lazım deyil"
Politoloqun fikrincə, "HMS Echo (H87)" gəmisinin Qara dənizə göndərilməsində əsas məqsəd NATO-nun Ukraynaya dəstəyini nümayiş etdirmək və Rusiyaya demarş etməkdir:"Görünür, NATO məhz bu yolla Kremlə demək istəyir ki, biz Ukraynaya dəstək veririk və burda ola bilərik. ABŞ və Avropa Birliyi ölkələrinin limanlarını rus gəmiləri üçün bağlaması ehtimalına gəlincə, təbii ki, Moskva da öz növbəsində, buna adekvat cavab verəcək. Bildiyiniz kimi, Rusiya heç də kiçik dövlət deyil və bu səbəbdən də yetərincə təsir, təzyiq imkanları mövcuddur. Odur ki, əgər Qərb ölkələri limanlarını rus gəmiləri üçün bağlayarsa, o zaman Kreml buna mütləq təsirli cavab verəcək. Hesab edirəm ki, bütün bunlar sadəcə, güc nümayişidir. Rusiya da, Qərb də yetərincə ağıllıdır və bilirlər ki, müharibə onlara lazım deyil. Onlar sadəcə, dünyanı geosiyasi təsirə bölmək uğrunda mübarizə aparırlar. Bəlkə də Rusiya ilə Ukrayna arasında qısamüddətli hərbi əməliyyatlar ola bilər. Lakin Qərbin Rusiya ilə müharibə etməsi, NATO-nun Qara dənizdə Rusiya ilə savaşması mümkün deyil. Çünki bu, sonda dünya müharibəsinə səbəb ola bilər. Odur ki, bu versiya, yəni Qərbin Rusiya ilə müharibəyə başlaması inandırıcı deyil. Ancaq Ukraynanı qızışdıraraq, onu Rusiya ilə qısamüddətli hərbi əməliyyatlara cəlb edə bilərlər".
"Qəti əminliklə demək olar ki, Türkiyə heç bir halda NATO-nun birdən artıq gəmisinin boğazlardan keçməsinə icazə verməz"
Bu gün Türkiyənin Rusiya ilə müttəfiq olduğunu xatırladan Nəzakət Məmmədovanın sözlərinə görə, məhz elə bu səbəbdən də qardaş ölkənin NATO gəmilərinin Rusiya ilə müharibə etmək məqsədilə boğazlardan keçməsinə izacə verməsi mümkün deyil:"Türkiyənin Rusiya ilə birgə böyük layihələri var. Onlar bir sıra məsələlərdə ortaq hərəkət edirlər. Bildiyiniz kimi, Rusiya Türkiyəyə atom elektrik stansiyası tikir, S-400-lər satır, qardaş ölkənin Suriyadakı bir çox fəaliyyətlərinə göz yumur. Bir sözlə, Qərb Türkiyənin torpaq bütünlüyünə qəsd edir, ona mane olur, Kreml isə maraqları ortaq olduğu üçün Ankara ilə bir yerdə hərəkət edir. Bütün bunları nəzərə aldıqda, qəti əminliklə demək olar ki, Türkiyə heç bir halda NATO-nun birdən artıq gəmisinin boğazlardan keçməsinə icazə verməz. Bir qədər əvvəl də qeyd etdiyim kimi, bir gəmi ilə müharibə etmək olmaz. Rusiyanın Qara dənizdə nəhəng donanması var. Onun qabağında NATO-nun bir gəmisi heç nə edə bilməz. Odur ki, seçki ərəfəsində Ukrayna prezidenti Petro Poroşenko nüfuzunu artırmaq məqsədiylə Rusiya ilə qısamüddətli hərbi əməliyyatlara başlaya bilər. Lakin geniş miqyaslı müharibənin baş vermə ehtimalı yoxdur".