8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, 1 sentyabr 2022-ci il tarixindən təhsilalanların sayına görə dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin, eləcə də sertifikatlaşma nəticəsinə görə müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi nəzərdə tutulur: direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə);
təhsilverənlərin (sertifikatlaşdırmanın nəticəsinə görə).
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov hesab edir ki, son illər təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində bir çox işlər görülüb: “Uzun illərdir təhsil işçilərinin əməyinin qiymətləndirilməsində diferensiasiyanın tətbiq olunmasını təklif edirik. Xüsusilə məktəb rəhbərləri, direktor müavinlərinə şagird sayına görə əmək haqqı təyin olunmasının ədalətli qərar olduğunu düşünürəm, çünki şagird sayı daha çox olan məktəblərdə məsuliyyət daha çox olur. Bu, əməyin stimullaşdırılması istiqamətində atılmış ciddi addımdır”.
Ekspertin fikrincə, hesablama prosesi çətin olmayacaq: "Sertifikasiyadan keçən müəllimlərin maaşlarına əlavələrin edilməsi də fərmanda öz əksini tapıb. Bütün müəllimlərə vahid əmək haqqının tətbiqi ədalətli yanaşma deyil. İnkişaf etmiş əksər ölkələrdə bu cür yanaşma var. Nəticə etibarilə müəllimlər arasında rəqabət artacaq, öz üzərində daha çox çalışmağı təşviq edəcək. Savadlı, bacarıqlı, sertifikasiya nəticələri yüksək olan müəllimə münasibət daha zəif nəticə göstərmiş müəllimə münasibətdən fərqlənməli, daha yüksək əmək haqqı verilməlidir".
İ.Orucov qeyd etdi ki, fərmanın sertifikasiyadan keçməyən müəllimlərin maaşına təsiri olmayacaq: “Məqsəd müəllimlərin öz üzərində daha çox çalışmasıdır. Ömürboyu təhsil təkcə təhsil alanlara aid deyil, eyni zamanda təhsil verənlərə də aiddir. Gələcəkdə sertifikasiyaya hazırlaşan müəllimlər daha çox çalışmalıdırlar, ixtisası üzrə dünyada gedən proseslərdən xəbərdar olmalıdırlar. Müəllim anlamalıdır ki, bilik və bacarığı tələblərə cavab verməsə, onu seçən valideynlərin, şagirdlərin sayı az olacaq. Sertifikasiyadan keçməyən müəllimlərin narazılıqları ilə qarşılaşırıq. Bu dəfə əsaslı narazılıqların olacağını düşünmürəm. Müəllimlər çox çalışsalar, yüksək nəticələr göstərə bilərlər. Müəyyən səbəblərdən uğur qazana bilməyən savadlı müəllimlər də ola bilər. İstənilən halda, narazılıq yaranarsa, müəllimlər səbəbi özlərində axtarmalıdırlar. Hazırda təhsil sektorunda zəif müəllimlər də var. Onları uzaqlaşdırmağın ən effektiv yolu sertifikasiyadır. İnkişaf etmiş ölkələrdə sertifikasiyadan keçə bilməyən müəllimlərin işləmək şansı yoxdur”.
İ. Orucov həmçinin bildirdi ki, sertifikasiya imtahanlarının mükəmməl olduğunu demək olmaz, təkmilləşməyə ehtiyac var.
İqtisadçı-ekspert Eldəniz Əmirov mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, artımın nə qədər olacağı barədə konkret qeyd olunmayıb, çünki sertifikasiyanın nəticələri bəlli deyil: “Nəticəsi qeyri-kafi olmuş müəllimlərlə bağlı fərmanda heç bir məlumat yoxdur. Təhsil Nazirliyinin rəsmi məlumatında bildirilir ki, sertifikasiyadan keçməyən müəllimlərə bir il sonra yenidən şans verilir. Sertifikasiyanın müəllimlərin təhsilə olan münasibətinin dəyişməsində böyük rolu var. 20-25 il təcrübəsi olan, lakin bu müddətdə əlavə bilgilər əldə etməyən müəllimlər bu gün özünü təkmilləşdirməyə çalışır. Sertifikasiyada 50 faizdən yuxarı nəticə göstərmiş müəllimlərin nəticələri məqbul hesab olunacaq. Sertifikasiyadan keçə bilməyən müəllimlərin əmək haqqının artırılmaması normaldır. Qlobal inflyasiya fonunda isə nəinki müəllimlərin, bütün sahələrdə çalışanların maaş artımı labüddür. Bu tip fərmanlar verilərkən hər ay müəllimlər üçün nə qədər vəsaitin ödənmə potensialı yoxlanılır. Sertifikasiyanın nəticələri bəlli olduqdan sonra ödənəcək məbləğ differensial qaydada toplanmış ballar üzrə faiz göstəricilərinə nisbi formada bölünərək müəyyən ediləcək”.
Xatırladaq ki, təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma ilə bağlı brifinqdə bildirmişdi ki, sertifikasiyada yüksək nəticə göstərmiş müəllimlərin əmək haqqına əlavələrin verilməsi planlaşdırılır. Nazir qeyd etmişdi ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəllimlərin əməkhaqqının differensiallaşması dedikdə bu, nəzərdə tutulur: "Müəllimlərin əməkhaqqısında yeni əmək haqqı sisteminin tətbiqini və differensiallaşdırmanı nəzərdə tutmuşuq. Sertifikasiya yalnız müəllimlərin hazırlıq səviyyəsinin təminat aləti deyil, eyni zamanda müəllimlərin işinin rəğbətləndirilməsidir. Ümid edirəm ki, bu və ya növbəti ildən biz buna başlaya biləcəyik".
Qeyd edək ki, ümumtəhsil məktəblərində sertifikasiya 2026-cı ilə qədər 137 min müəllimi əhatə edəcək və nəticəsi yaxşı olan 68 min müəllimə differensial əmək haqqı tətbiq ediləcək.
Musavat.com