Bu evləri almaq təhlükəlidir! - XƏBƏRDARLIQ


Hazırda ev almaq ən mühüm və problemli məsələlərdən birinə çevrilib. Vətəndaşlar, adətən, mənzil alarkən müxtəlif dələduzluq halları ilə üz-üzə qalırlar. Əksər hallarda bir mənzil bir neçə şəxsə satılır, ya da əmlakın sənədləri qaydasında olmur. Bəs, görəsən, ev almaq istəyənlərin ən çox diqqət etməli olduğu məqamlar hansıdır? 

Sozcu.info xəbər verir ki, “yenisabah”a danışan əmlak məsələləri üzrə ekspert Vüqar Oruc ev alqı-satqısında ən əsas məqamlardan söz açıb. 

Mütəxəssis bildirib ki, vətəndaşlar evləri təkcə qiymət cəhətdən araşdırır və bu heç də doğru deyil: 

“Mənzil almaq çox taleyüklü məsələdir. İnsan ömründə nadir hallarda bu hüququndan istifadə edir. Bununla bağlı Baş prokurorluq tərəfindən edilən bu müraciət olduqca zəruridir. Biz də dəfələrlə media vasitəsilə ictimaiyyətə həmin məsələyə dair məlumat vermişik. Vətəndaşlar ev alqı-satqısı barədə çox ciddi formada məlumatlandırılmalıdır. Təəssüflər olsun ki, bir çox şəxslər mənzil əldə edəndə, ya da fərdi yaşayış evi aldıqda təkcə qiymətinə fikir verirlər. Bu, olduqca yalnışdır. Əmlak məsələlərində ilk növbədə sənədlərə baxılmalıdır. Sənədlər hüquqi baxımdan mənzilin mülkiyyətçisinin dəyişməsini təmin edən qanuni əsasdır. Əgər mənzilin sənədlərində hər hansı problem varsa, həmin əmlakı əldə etmək məqsədəuyğun sayılmır. Bir çox hallarda, xüsusilə həyət evlərində qeydiyyat, müqavilə və s. əsaslarla evlər satılır. Ancaq bu sonradan problemlərə yol açır. O baxımdan həmin binanın müvafiq prosedurlar üzrə instansiyalardan keçməsi yoxlanılmalıdır. Vətəndaş aldığı bina ilə bağlı gələcəkdə hər hansı problem qarşılaşmamaq üçün bir sıra məqamlara diqqət yetirməlidir. Bu məqamlara tikilinin daxili bölgüləri: mənzillərin mərtəbə üzrə yerləşməsi və sənədlərdə cizgilər üzrə öz yerini tapması, giriş qapısının və pəncərə oyuqlarının sənədlərdə qeyd olunduğu kimi həmin istiqamətdə mövcud olması və digər nüanslar aiddir. Bundan əlavə olaraq əgər binanın tikintisi qanunidirsə, mənzil üçün dövlət reyestrdən çıxarış əldə etmək mümkündürsə, buna hər hansı bir məhdudiyyət qoyulmayıbsa, həmin evi almaq olar”. 

Ekspert ev almaq istəyən vətəndaşlara bu sahədə xidmət göstərən müvafiq şirkətlərə müraciət etməyi tövsiyə edib: 

“Vətəndaşlar mənzil əldə etdiyi MTK-nın ictimai rəydəki nüfuzunu araşdırmalı, adının hər hansı dələduzluq məsələsində hallanıb-hallanmaması barədə məlumat əldə etməlidirlər. Bütün bu araşdırma proseslərini alıcı ya özü şəxsən araşdırmalı, ya da hər hansı müvafiq qiymətləndirici və konsultasiya şirkətlərinə müraciət etdirməlidir. Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi bu sahədə konsultasiya xidmətindən istifadə olunmalıdır. Sözügedən istiqamət üzrə fəaliyyət göstərən qiymətləndirici, daşınmaz əmlak şirkətləri mövcuddur. Onlar MTK-ların fəaliyyəti, qanuniliyi və digər əsas məsələlər barədə vətəndaşa yardım göstərirlər”. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}