8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Yeni dəyişiklik pensiyaçılara necə təsir edəcək və kimlərin pensiyası artırılacaq?
“Kabinetin son qərarı ”Əmək pensiyaları haqqında" Qanunda müzakirə edilən dəyişikliklər ilə bağlıdır və bununla da pensiyaların hesablanması qaydasına əlavələr gətirir".
Hurriyyet.az “Yeni Müsavat”a istinadla bildirir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov qeyd edib.
O bildirib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi yeni qaydalar pensiyalar hesablanan zaman hərbi qulluqçularımız üçün xidməti yaşının dəyişdirilməsini nəzərdə tutmaqla yanaşı, qanunverici dəyişikliklər pensiya məbləğlərinin hesablanması mexanizmini də yeniləyir:
“Əmək pensiyaları haqqında” Qanunda edilən dəyişikliklərə əsasən, minimum xidmət müddətinə görə (qulluq stajına görə) əlavənin faizi 50-dən 65-ə qaldırılır. Eyni zamanda, 25 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müdafiə sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunacaq. Bu o deməkdir ki, əgər əvvəlki qaydalarla qulluq stajına görə əlavənin 50 faizi götürülərək pensiya məbləği hesablanırdısa, yeni dəyişikliklərlə bu rəqəm 65 faiz olacaq. Bu da birbaşa pensiya məbləğinin artmasına xidmət edəcək. Bu o deməkdir, bu şərtlərlər daxilində pensiyaya çıxan hərbçilərimizin pensiyalarında artım olacaq".
Vüqar Bayramov qeyd edib ki, dəyişikliklərə əsasən, 1 yanvar 2024-cü ilədək xidmət müddətinin ən azı 17 ili tamam olan hərbçilərimiz 20 il tamam olandan sonra pensiyaya çıxa bilərlər:
“Yəni, əgər hərbçimiz 17, 18 və ya 19 il qulluq edibsə və yeni dəyişikliklərdən sonra 25 deyil, 20 xidmət ilindən sonra pensiyaya çıxmaq istəyirsə, qanun buna imkan yaradacaq. Bu zaman hərbçimiz öz istəyindən asılı olaraq ya 20 xidmət ili tamam olanda pensiyaya çıxa və ya 25 il qulluq edib daha yüksək məbləğlə pensiya hüququ qazana bilər. Bununla da pensiyaya çıxmağa 3 ili qalan hərbçilərimiz üçün seçim təklif olunur və qulluq müddəti ilə bağlı dəyişikliklər onlara təsir etmir.
Digər tərəfdən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi 45-dən 48-ə artırılır".
Vüqar Bayramov həmçinin vurğulayıb ki, bu dəyişikliyin əsas məqsədi adıçəkilən hərbi qulluqçuların hərbi qulluqçu kimi pensiyaya çıxmaq üçün minimum xidmətkeçmə müddətində (25 təqvim ili ərzində) hərbi xidmətdə olmalarının təmin edilməsi, habelə onların təcrübəsindən daha səmərəli və uzun müddət yararlanmaqdır.
İqtisadçı Xalid Kərimli isə qeyd edib:
“Burada kimlərinsə pensiyalarının artırılmasından söhbət getmir. Burada söhbət hərbi qulluqçulardan gedir. Belə ki, əvvəllər hərbi qulluqçular 20 ildən sonra pensiya çıxırdılarsa, bu müddəti artıq 25 il ediblər. Yəni, əslində burada məsələ bir qədər çətinləşdirilib.
Onu da qeyd edim ki, bununla bağlı qərar 2023-cü ildə olub, sadəcə bu günlərdə qüvvəyə minib. Yəni, yeni dəyişiklik deyil".
Qeyd edək ki, baş nazirin imzaladığı yeni qərara əsasən, hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçulara 2017-ci il iyulun 1-dən sonrakı dövrdə əmək pensiyasının təyinatı zamanı Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 25 ildən (Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında əmək pensiyası təyin edilənlərə münasibətdə 20 ildən) və “Əmək pensiyaları haqqında” qanunun 20.14.4-cü maddəsində nəzərdə tutulmuş qaydada əlavələr müəyyən edilərkən 15 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) 2017-ci il iyulun 1-dək olan dövrünün hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında, həmin tarixdən sonrakı dövrünün isə hər ili üçün (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) 2 faizi (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər istisna olmaqla) miqdarında hesablanacaq.
Əvvəl bu müddət 20 il idi.
Dəyişikliklə, həmçinin Qaydaya aşağıdakı 5.11-ci bənd əlavə edilib:
“Hərbi xidmətdən buraxılarkən 25 təqvim ili hərbi xidmət müddətini tamamlamamış aşağıdakı hərbi qulluqçulara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Qanunun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları əsasında hərbi xidmətdən buraxıldığı gündən təyin edilir:
- 2024-cü il yanvarın 1-dək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş;
2024-cü il yanvarın 1-dək azı 17 təqvim ili hərbi xidmət etmiş və hərbi xidmətdən buraxılanadək 20 təqvim ili hərbi xidmət müddətini tamamlamış.".
Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.