Zəlzələ ilə bağlı QORXUNC PROQNOZ: Gələn ilin ilk 6 ayında...


2024-cü ilin ilk aylarından başlayaraq dünyanın müxtəlif ölkələrində yeraltı təkanlar və dağıdıcı zəlzələlər müşahidə olundu. Azərbaycanla qonşu olan ölkələr - Rusiya, İran və Türkiyə ərazisinə də yansıyan seysmoloji aktivlik ölkəmizin bir sıra bölgələrinə də təsirsiz ötüşmədi. Cari ilin tektonik aktiv bir dövr olacağı ilə bağlı proznozlar verilirdi. Hazırda isə, ilin 9 ayını geridə buraxmış sayılırıq.

Bəs növbəti aylarda ölkəmizi zəlzələ gözləyirmi? 

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev məsələ ilə bağlı suallara “Yeni Sabah”a açıqlamasında aydınlıq gətirib: 

“Artıq ilin 9-cu ayını başa vururuq. Bu vaxta qədər əvvəlki vaxtla müqayisədə bu ilin seysmoloji aktiv bir dövr olduğunu müşahidə etmişik. Bu, birmənalı olaraq belədir. Azərbaycana gəlincə isə, mən hər zaman qeyd etmişəm ki,  hiss olunan zəlzələlər nəzərə çarpacaq. Ancaq onu da bildirmişəm ki, digər ölkələrə nisbətən Azərbaycanda yerdəyişmənin aktivliyi o qədər deyil. Yaponiya, Afrika ölkələri, İtaliya, Yunanıstan, Türkiyə kimi ərazilərə nəzər salanda bizim ölkəmizdə yerdəyişmənin intensivliyi orada mövcud olan sürətə bərabər deyil. Lakin bu o demək deyil ki, Azərbaycan statik bir durumdadır və tərpənmə yoxdur. Təbii ki, müəyyən yerdəyişmə və titrəyişlər baş verir. Adətən, 3-5 maqnitudalı zəlzələlər davamlı olaraq baş verir. Ancaq sadalanan ölkələrlə müqayisədə intensivlik müşahidə edilmir”. 

Seysmoloq sesymik aktivliyin gələn il də davam edəcəyini bildirib:

“Hiss olunan zəlzələlər davam edəcək. Bu təkanların baş verməsinə yenə də şahid olacağıq. 2025-ci ildəki vəziyyət haqqında isə, bu ilin sonlarına yaxın deyə bilərik ki, bu intevsivlik davam edəcək, yoxsa səngiyəcək. İlin sonuna qədər olan müşahidələrdən sonra həmin məsələ ilə bağlı proqnoz vermək olar. İlkin müşahidələrimə əsasən deyə bilərəm ki, növbəti ilin ilk 6 ayında dünya miqyasında zəlzələlərin baş vermə intevsivliyi davam edəcək”.   



Oxşar Xəbərlər

Xəbər lenti