23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
ABŞ Dövlət katibi Marko Rubio və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud telefon danışığı aparıblar.
Sozcu.info xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Tommi Piqott açıqlayıb. Onun sözlərinə görə, telefon danışığı zamanı Yəməndəki gərginləşən vəziyyət və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı ilə BƏƏ arasında böyük gərginlik yaşanır. Bu gün Səudiyyə Ərəbistanı BƏƏ-ni Yəmən hakimiyyətinin tələblərini yerinə yetirməyə və qoşunlarını 24 saat ərzində respublikadan çıxarmağa çağırıb. Krallığın Xarici İşlər Nazirliyi həmçinin Əbu-Dabinin hərəkətlərindən təəssüfləndiyini bildirib. Ər-Riyad və Yəmən hakimiyyətinin fikrincə, bu hərəkətlər Yəmənin Səudiyyə sərhədi yaxınlığındakı Hadramaut və Mahra əyalətlərində hərbi əməliyyatlar aparmaları üçün Cənubi Keçid Şurasından (STC) olan separatçılara təzyiq göstərib. Bundan sonra BƏƏ Müdafiə Nazirliyi Yəməndəki antiterror qüvvələrinin sayını azaldacağını açıqlayıb. BƏƏ hakimiyyəti həmçinin Səudiyyə Ərəbistanının STC separatçılarına krallığın sərhədləri yaxınlığında hərbi əməliyyatlar aparmaq üçün təzyiq göstərmələri ilə bağlı ittihamlarını da təkzib edib.
Dekabrın 9-da BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının sədri Aydarus əl-Zubeydi Yəmənin şərqindəki Hadramaut və Mahra əyalətləri üzərində nəzarətin qurulduğunu elan edib. O, növbəti mərhələnin Yəmənin cənubunda gələcək dövlət qurumlarının yaradılmasını əhatə edəcəyini açıqlayıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi separatçıların hərəkətlərini əsassız eskalasiya adlandırıb və STC-ni qüvvələrini bu bölgələrdən geri çəkməyə çağırıb. 27 dekabr axşamı hökumət mənbəyi SABA xəbər agentliyinə bildirib ki, Yəmən Prezident İdarəetmə Şurasının rəhbəri Rəşad Məhəmməd əl-Alimi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan hərbi yardım istəyib. Dünən gecə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Hadramaut əyalətindəki Mukalla limanına hava hücumu təşkil edib. Koalisiyanın sözçüsü briqada generalı Turki əl-Malikinin açıqlamasına görə, əməliyyatın miqyası məhdud idi və BƏƏ-dən gələn "iki gəmidən boşaldılmış silah və hərbi texnika" hədəf alınıb. Daha sonra əl-Əlimi BƏƏ ilə birgə müdafiə müqaviləsini ləğv edən fərman imzalayıb və Əmirlik qüvvələrinin 24 saat ərzində respublikadan çıxarılmasını tələb etdi. O, həmçinin 90 günlük fövqəladə vəziyyət elan edib.