Bakının mərkəzində "xunveybinlər" yenidən aktiv fəaliyyətə keçdi - VİDEO

Bakının mərkəzində "xunveybinlər" yenidən aktiv fəaliyyətə keçdi - VİDEO

 

Bakının mərkəzində, Heydər Əliyev prospektinin və SOCAR qülləsinin cəmi bir neçə yüz metrliyində kustar metaləritmə sexləri yenidən aktiv fəaliyyətə keçib. Bu gün səhər saatlarından etibarən yaxınlıqda yaşayan sakinlər "Bakı Elektriktökmə” ASC-nin ərazisində fəaliyyət göstərən həmin sexlərdə metal tullantılarının əridilməsi prosesi nəticəsində havaya buraxılan qara tüstünü müşahidə edirlər.

Sakinlər bu mənzərəni əks etdirən kadrları da redaksiyamıza göndəriblər və bildirirlər ki, sexlərin aktiv fəaliyyətə keçməsi nəticəsində nəfəs almanı çətinləşdirən kəskin iy ətrafı bürüyüb.

Sozcu.info həmin kadrları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə təqdim edib. Nazirlikdən bildiriblər ki, əməkdaşlar həmin sexlərə baxış keçirmək üçün göndəriliblər.

Xatırladaq ki, saytımızın reportyor qrupu "Bakı Elektriktökmə” ASC-nin ərazisində icarə əsasında fəaliyyət göstərən iki kustar metaləritmə sexinin (onları ötən əsrin ortalarında Çində on minlərlə kustar metaləritmə sexləri açan "xunveybinlərlə" də müqayisə etmək olar) fəaliyyəti barədə bir müddət əvvəl reportajlar hazırlamışdı. Məlum olmuşdu ki, səhmləri Əmlak məsələləri Dövlət Komitəsinin nəzarətində olan həmin müəssisənin ərazisində armatur və pəstah (yarımfabrikat) istehsal edən iki kustar sex ("Məhəmmədin sexi” və "Valehin sexi”) fəaliyyət göstərir.

Bu reportajlardan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları həmin sexlərdə araşdırma aparıb, havanın çirkləndirdiyi sübut olunub və sexlərin sahibləri cərimələnib. Habelə onlara fəaliyyətlərini dayandırmaq barədə xəbərdarlıq edilib.

Lakin sexlər bir müddət fəaliyyətlərini dayandırdıqdan sonra yenidən aktiv fəaliyyətə keçiblər.

Qeyd edək ki, prezident İlham Əliyevin Bakıda havanı çirkəndirən obyektlərə, iaşə müəssisələrinə, şadlıq evlərinə qarşı qəti tədbirlərin görülməsinə dair tapşırığından sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi təmizləyici qurğuları olmayan şadlıq evlərinə xəbərdarlıq edib. Qoyulan vaxt ərzində belə qurğular quraşdırmayan 17 şadlıq evinin bağlanması üçün nazirlik tərəfindən məhkəmə iddiası qaldırılıb.

Maraqlıdır ki, havaya gündə bir neçə saat "kabab tüstüsü” buraxan şadlıq evlərinin bağlanması üçün məhkəmə iddiaları qaldırıldığı halda gecə-gündüz ətraf mühiti, yaxınlıqda yaşayan insanları təhlükəli ağır metal tullantıları ilə zəhərləyən kustar metaləritmə sexlərinin fəaliyyətlərinin dayandırılması üçün bu və ya digər struktur tərəfindən məhkəmə iddiaları qaldırılmasına dair fakt yoxdur...



Oxşar Xəbərlər

Xəbər lenti