8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Uşaqlarımız da xəstədir, özümüz də. Bunların əlindən evdə pəncərəni aça bilmirik, nəfəs almaq olmur. Bu ərazidə yaşayanların uşaqlı, böyüklü hamısı il boyu öskürür, astmadır. Çünki zəhər uduruq...”
Bunları Bakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində yaşayan sakinlər deyir. Onları zəhərləyən isə Bakının mərkəzindən tutmuş ucqarlarına qədər sovet sənaye müəssisələrinin xarabalıqlarında "gizlənmiş” onlarla metaləritmə sexlərindən biridir.
Bu problem-heç bir texnoloji normalara uyğun gəlməyən, ətraf mühiti təhlükəli qara metal tullantıları ilə çirkləndirən, bir çoxları tamamilə qeyri-leqal fəaliyyət göstərən sexlər barədə illərdir yazır, araşdırır, faktları təqdim edirik. Amma çox acınacaqlıdır ki, bu sahədə vəziyyət əsasən dəyişməz qalır. Hətta prezident İlham Əliyevin Bakıda havanı korlayanlara, ətraf mühitə zərbə vuranlara qarşı sərt tədbirlərin görülməsinə dair xəbərdarlıqlarına, çıxışlarına baxmayaraq.
Araşdırmalarımıza görə hazırda Bakı və Sumqayıt ərazisində 25-dən çox belə qara metal sexləri var və onlar ayda 50 min tona yaxın qara metal tullantıları əridib heç bir texnoloji normalara cavab verməyən inşaat materialları-armaturlar və s. istehsal edirlər. Metaləritmə prosesi əlbətdə ki, heç bir texnoloji normalara cavab verməyən primitiv, əldəqayırma sobalarda həyata keçirilir.
Reportyor qrupumuz belə "zavodlardan” birini də Bakının 1-ci Zabrat qəsəbəsində, "”Neftmaştəmir” ASC-nin yaxınlığında (18 Oktyabr küçəsi, 56) "aşkarlayıb”. Aşkarlayıb deyəndə ki, bu metaləritmə sexi heç də gizli, müvafiq səlahiyyətli məmurların gözündən uzaq fəaliyyət göstərmir. Sahibkarlıq fəaliyyəti adı altında kustar sobalarda metal tullantılarının düz yaşayış evlərinin arasında gecə-gündüz əridilməsi əlbətdə ki, gizli fəaliyyət ola bilməz. Bu fəaliyyətdən Sabunçu rayon İcra Hakimiyyətinin də xəbəri var, qalan müvafiq strukturların da.
İndiki halda bu metaləritmə sexinin nə dərəcədə qanuni fəaliyyət göstərdiyi, vergi uçotunda olub-olmadığı, yaşayış evlərinin arasında "zavod” açaraq nədən insanların sağlamlığına, ətraf mühitə zərər vurulduğu barədə suallarımıza sahibkardan cavab ala bilmədik.
Sexin giriş darvazası bağlıdır, gözətçi budkasında dayanmış şəxs isə deyəsən yaxşı təlimatlanıb: şübhəli adamlar görən kimi bütün suallara "bilmirəm”, "xəbərim yoxdur”, "müdriyyət bilir” məzmunlu cavablar verir. Və sexin "çoxdandır işləmədiyini” deyir: "Nəsə problemləri var. Deyəsən böhranla bağlıdır. Deyirlər İranda dollar yaman bahalaşıb, nəticədə armatur da kəskin ucuzlaşıb və Azərbaycanda da metal bazarı qarışıb”.
Qarovulçu qalan suallarımıza direktorun cavab verə biləcəyini deyir, bildirir ki, xəbər verib, direktor özü gəlib sexlə bağlı danışacaq. Amma yarım saatdan çox gözləsək də gələn olmur. Bu vaxt sexdən fəhlə görkəmində iki nəfər çıxır. Onları söhbətə tuturuq. Məlum olur ki, bunlar sexin işçiləri deyil, qara metal tullantıları yığıb bu cür sexlərə təhvil verməklə məşğul olanlardır.
"Bir az metal yığmışdıq. Gəlmişdik danışaq, təhvil verək. Amma götürmürlər. Deyirlər ki, sex dayanıb, işləmir. İran armaturlarına görədir, bazarda mal getmir. Elə tullantıları da son vaxtlar çox ucuz götürürlər, bir vaxtlar tonunu 350 manata verirdik, indi 200-220 manatdan danışırlar. O da sərf eləmir, özümüz kiloqramını 30 qəpikdən yığırıq”-metal tullantıları yığanlardan biri deyir.
Kənardan sexin fəaliyyətinin dayandığı barədə təəsürat yaransa da belə məlum olur ki, əslində iş gedir. Sadəcə son günlər bir az səngiyib. Fotorepororumuz yaxınlıqdakı evlərdən birinin hasarına çıxıb sexin həyətinə boylanır-armatur istehsalında istifadə olunan pəstahlar bütün həyət boyu üst-üstə qalanıb. İçəridə işçilər də gözə dəyir...
Bu sex intensiv fəaliyyət göstərdiyi vaxtlarda ayda 1200-1500 ton qara metal tullantısı əridib, işçilərinin sayı isə yaxınlıqda yaşayanların dediyinə görə 70 nəfərdən çoxdur. Sexin yerləşdiyi məkan sovet dövründə deyilənlərə görə taxta kombinatı olub, sonradan özəlləşdirilib. Vüqar adlı sahibkar isə obyekti icarəyə götürüb və orada metaləritmə sexi açıb.
Yaxınlıqda yaşayan sakinlərdən məcburi köçkün Anar Əliyev deyir ki, bu ayın əvvəlində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək sexin fəaliyyətinin dayandırılmasını tələb edib, amma nəticəsi olmayıb.
"10 ildir zülüm çəkirik. Evin həyətə açılan yeganə pəncərəsini yaylı-qışlı bağlı saxlamaq məcburiyyətindəyik, kəskin qoxudan nəfəs ala bilmirik, boğuluruq. Deyirlər ki, 70 fəhlənin çörəyinə bais olursan, bəs bu ərazidə yaşayan yüzlərlə sakinin həyatı necə olsun? Anam astma xəstəliyindən dünyasını dəyişdi, azyaşlı övladım da astmadır, gecə-gündüz öskürür”,-şikayətçi deyir.
Sakinlərin dediyinə görə, narazılıq edənlərin bəzilərini sexdə müvəqqəti işlə təmin edirlər, qalanlarına isə beş-on manat verməklə susdurmağa çalışırlar.
"Polisə zəng vururuq, deyirlər biz sahibkarın fəaliyyətinə müdaxilə edə bilmərik. FHN-ə zəng vururuq, deyirlər onlara dəxli yoxdur, çünki yanğın baş verməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəldilər, baxdılar, amma sexin sahiblərinin xeyrinə danışdılar. Tədbir görən olmadı”-qəsəbə sakini bildirir.
Sakin deyir ki, 3-4 gün əvvələ qədər sex gecə-gündüz, üç növbədə işləyirdi. Metalın kustar sobalarda əridilməsi əsasən gecə saatlarında həyata keçirilir. Üstəlik gecə saatlarında metal tullantıları gətirən ağırtonnajlı maşınlar sexə daxil olur, yük boşaldılanda yaranan səs-küydən, vibrasiyadan yaxınlıqdakı evlərdə çatlar yaranıb.
"Bu sexin tüstüsünə görə həyətlərdəki ağaclar da quruyub. Bax o zavodun ("Neftmaştəmir” ASC) həyətindəki ağacları da qurutmuşdular, şikayət elədilər, gəlib nəsə quraşdırdılar ki, sobalardan çıxan tüstü yuxarı qalxsın, birbaşa ağacları yandırmasın”-sakinlərdən biri deyir.
Maraqlıdır ki, sexin bir neçə metrliyində "Nağıllar dünyası” özəl uşaq bağçası tikilib. Bağça hələ fəaliyyətə başlamayıb, içəridə təmir işləri gedir. Amma bəribaşdan demək olar ki, uşaq bağçasının gələcək sakinləri heç də "nağıllar dünyasına” qərq olmayacaqlar. Onları kustar sexin ətrafa buraxdığı zəhər gözləyir...
Bizim əlimizdən gələn isə daha bir kustar sexin ətraf mühit, insanların sağlamlığı üçün təhlükəli fəaliyyəti barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini, digər aidiyyatı strukturları yazıb məlumatlandırmaqdır. Axı bu məsələ birbaşa ölkə prezidentinin diqqətindədir. İlham Əliyev az qala hər çıxışında ətraf mühitin qorunmasına, ekoloji problemlərin həllinə diqqət ayırır. Xəbərdarlıqlar edir, cəzalandırır, tapşırıqlar verir.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də bu günlərdə "Caspian Ecology 2018" beynəlxalq sərgisinin açılışında dövlət başçısı tərəfindən Bakı və Abşeron yarımadasının ekoloji vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq vəzifəsinin qoyulduğunu bildirmişdi.
Nazir çıxışında deyib ki, əsas ekoloji problemlər keçmişdən qalıb. Söhbət neftlə çirklənmiş ərazilərdən gedirsə əlbətdə, bu keçmişdən qalmış ciddi problemdir. Amma şəhərin ekoloji vəziyyətinin korlanmasında ciddi payı olan kustar metal sexləri "keçmişin qalıqları” deyil, onlar 90-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində Bakını bürüdü. Və belə görünür ki, bu problemi aradan qaldırmaq üçün təkcə simvolik məbləğlərdə cərimələr işə yaramır.../virtualaz.org/