8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda qanunsuz fəaliyyət göstərən və atmosferi tullantılarla çirkləndirən kustar metallurgiya sexləri ilə bağlı yazmışdıq. Heç bir ekoloji normalara əməl olunmayan belə sexlərdən şəhərə hər gün qara qatı duman yayılır. Əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyi olan bu obyektlərlə bağlı araşdırmamızdan sonra aidiyyati orqanlar yoxlama apararaq qeyri-leqal istehsalla məşğul olan sexlərin fəaliyyətini dayandırıblar.
Bir neçə gün öncə Sozcu.info-un redaksiyasına oxşar problemlə bağlı Gəncə şəhər sakini də müraciət edib. Müraciətdə bu problemin tək Bakı şəhərində mövcud olmadığı qeyd olunur. Belə ki, artıq on ilə yaxındır ki, Gəncə şəhərində, xüsusən də "Avtozavod yolu” və ətraf ərazilərdə naməlum mənşəli hava tullantıları insanları narahat edir və onların səhhətinə mənfi təsir göstərir.
"Bu tüstü qəfil meydana gəlir və qəfil yoxa çıxır. Ağır metallik qoxuya malikdir. Bir neçə dəqiqədən başlayaraq saatlar ərzində bir neçə gün dalbadal və ya vaxtaşırı havada hiss oluna bilər. Hər dəfə də tüstü çıxanda mənim kimi allergiyası olan insanlarda dərhal dəri səpgiləri, tənəffüsün ağırlaşması, göz qapaqlarının şişməsi və qaşınması və digər kəskin allergik simptomlar əmələ gəlir. Müşahidələrimə görə, hətta allergiyadan əziyyət çəkməyən insanlar belə, bu tüstünün təsirinə məruz qaldıqda onlarda gözlərin gicişməsi, səbəbsiz baş ağrısı, ürək döyüntüsünün artması, sinədə sıxılma, xroniki xəstəliklərin ağırlaşması kimi əlamətlər meydana çıxır. Havada tüstünün miqdarının ekoloji normadan qat-qat artıq olduğunu anlamaq üçün mütəxəssis olmağa ehtiyac yoxdur”, - deyə müraciətdə qeyd edir.
Gəncə sakini iddia edir ki, tüstünü havaya gündüz saatlarında bir qədər az, gecə saatlarında isə qatı konsentrasiyada buraxırlar. Həmçinin, tüstü yağışlı, dumanlı havada da atmosferə buraxılır. Zərərli tüstüdən qorunmaq üçün Gəncə sakinləri gün ərzində pəncərənin hətta nəfəsliyini belə açmırlar.
Sakinin sözlərinə görə, əvvəllər bu tüstünün Gəncə Alüminium Zavodunun fəaliyyəti ilə bağlı ortaya çıxan ekoloji problem olduğunu zənn ediblər. Lakin hal-hazırda zavodunun fəaliyyətini tam olaraq dayandırdığı ortaya çıxıb. Digər tərəfdən isə, bu qədər nəhəng dövlət əhəmiyyətli obyektdə ekoloji sənaye filtrlərinin qoyulmaması inandırıcı deyil: "Böyük ehtimalla, bu tüstünün mənbəyi, reportajınızda qeyd edilənlərə bənzər qanunsuz metal əritmə sexləridir və ya zibil poliqonudur, lakin başqa variantları da istisna etmək olmaz. Bu tüstünü tək qeyd etdiyim ərazilərdə yox, şəhərin müxtəlif yerlərində dəfələrlə hiss etmişəm, küləyin istiqamətindən asılıdır, lakin nədənsə ən çox qeyd olunan ərazilərdə müşahidə olunur”.
Problemi araşdırmaq üçün Gəncə Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İH-in Şəhər təsərrüfatı şöbəsinin əməkdaşı Sənan Məhərrəmov Sozcu.info -a problemin araşdırılacağını dedi: "Bu barədə rəhbərliyə məlumat veriləcək. Əgər həmin sexlər dövlətə məxsusdursa, onlarla bağlı tədbir görəcəyik. Əgər özəldirsə, onda şikayət edən şəxs sexlərdən məhkəməyə müraciət etməlidir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə Sozcu.info -a bildirdilər ki, araşdırma nəticəsində tullantıların Gəncənin zibil poliqonundan ərazisindən havaya buraxıldığı məlum olub. Artıq bununla bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İB-i iki ay əvvəl cərimələyib.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Gəncə şəhər tullantı poliqonundan iy-qoxunun ətrafa yayılması ilə bağlı daxil olan şikayətlər Gəncə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən araşdırılıb. Poliqonda tullantıların qanunvericiliyə uyğun idarə olunmadığı, zərərsizləşdirilmədiyi və yandırıldığı aşkar edilib. Faktla bağlı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinə icrası məcburi olan "məcburi göstəriş”verilib. "Məcburi göstəriş”in tələblərini yerinə yetirmədiyinə görə bu ilin iyun ayında Birlik barəsində akt və protokol tərtib olunub və hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Kəpəz rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Birlik 10 000 manat məbləğində cərimə edilib”, - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
Nazirliyin nümayəndəsi həmçinin qeyd edib ki, poliqonun yerinin dəyişdirilməsi, yaşayış məntəqələrindən kənarda yerləşdirilməsi ilə bağlı nazirlik tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinə və aidiyyəti dövlət orqanlarına müraciət olunub. 22 oktyabr 2018-ci il tarixində ərazidə yenidən monitorinq keçirilib və iy- qoxunun ətraf ərazilərə yayılmaması üçün poliqonda müvafiq tədbirlərin görüldüyü müəyyən edilib. Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Gülnar Əliyeva