Amerikalı yəhudi yazıçı Ramazan pəhrizindən yazır:“HƏYATI DAHA GÜCLÜ DƏYƏRLƏNDİRMƏYƏ, TANRIYA DAHA SIX BAĞLANMAĞA VADAR EDİR”

 

Əhəməd Vaynberq

Time (ABŞ), 01.06.2019

 

Mən Amerikada xəstəhal solğun müsəlman uşağı kimi böyümüşəm və müsəlman olmayan dostlarımla məktəb yeməkxanasında oturub onların necə xörək  yediklərini dumanlı xatırlayıram. Mən Ramazan ayında dan yerindən qüruba qədər oruc saxladıqca – hətta su da içmək olmazdı – qızardılmış kartofun və ərdilmiş pendirin iyi məni dəfələrlə tamahsılandırırdı və mən Allahı unudub, sadəcə, yemək istəyirdim. Bəzən düşünürdüm: "Mən bunu niyə edirəm?” Mən örnək amerikalıydım, eynilə dostlarım kimi görünürdüm, amma nədənsə özümüm aclıqla üzməli olurdum. Niyuə ata-anamın qabaqlar etdiyi kimi, sadəcə, Doğum Bayramını, yaxud Hanukanı qeyd edə bilmirdim?

Anam on uşaqlı katolik ailəsində böyümüşdü və onlar bütün uşaqlıq boyu müxtəlif hərbi bazaları gəziblər. Valideynlərim əzabla çalışır və möhkəm içirdilər, övladlarının yaşayışı da sərt qaydalara və intizama tabe idi. Bu rəddolunmaz, və çox vaxt ikiüzlü valideyn hakimiyyəti anamın baş götürüb qaçmaq istədiyi şey idi. Atam Bruklində yəhudi ailəsində doğulmuş və anası boşandıqdan sonra təsəlli tapdığı hippi dünyasının, qarabasmalı dərmanların qurbanı olmuşdu ("Hippilər – nənəm indi də deyir – hər şeyin dadına baxmış adamlardır”.)

Valideynlərim çətin uşaqlıqları və həqiqət yanğısı sayəsində, nəhayət, bu uğursuz dünyaları tərk edərək ruhsal aramlığı və saflığı İslamda tapıblar. Onlar bir-birindən asılı olmayaraq Filadelfiyada sufi müsəlman müəllimi tapıb, onun himayəsi altında görüşüb ölümündən iki il sonra evləniblər. 11 aydan sonra mən doğulmuşam. Onların qurusunun təlimi həyat hərc-mərcliyinə qarşı əlac və onlara, övladlarına heç vaxt qismət olmamış sakit uşaqlığa ən düzgün yol idi. Bu onların arzusu idi. İslam məni seks dəlisi olan istehlak cəmiyyətinin tamahından qorumalı idi.Ramazan bu yolun mərkəzi olmalı idi. Bu, ruh dünyasına dalma, ruhsallıq, dualar və ağızdan pis iy gələn dönəm idi. Bu, İslam təqvimində ən böyük bayram olsa da, mənə heç də bayram görünmürdü. Dostlarım qış tətilindən sonra – hətta kilsəyə, ya da sinaqoqa, demək olar, heç getməsələr də – hədiyyələrin, ailə əyləncələrinin, bayramın sehrli dünyasına qərq olurdular. Mən məhəllədə qonaq otaqlarının pəncərələrinə boylanır və ailəmdə olmayan şeylərin rəmzi olan parlaq küknarları görürdüm. Mən Doğum bayramını istəyirdim. Mən Amerikanı istəyirdim. Mən adi olmaq istəyirdim.

20 il qabaqkı dövrə yuvarlanaq – görüşlər, öyümə, narkotiklər və incəsənət sahəsində ürküdücü karyeranın başlanğıcı. Mən İsrailə təhsil turuna gedərdim. Doğum küknarı təşkil edərdim. Və ilbəil otuz gün oruc tutmağı davam etdirərdim. Əlbəttə, Ramazanı atdığım, ya da bütöv həftələrlə orucluğu buraxdığım illər olub. Habelə özümü müxtəlif vaxtlarda gah inamsız müsəlman, gah yəhudi, gah ateist, gah da səyahətləri xoşlayan adi oğlan sayırdım. Çevrəm ruhsal yaşayışıma və həyat təcrübəmə həmişə güclü təsir edib. Onda niyə özümü uşaqlıqda hamıdan ayrı düşmüş hiss etdiyim adəti izləməyə vadar edirəm?

Bəlli olduğu kimi, cavab o qədər də asan deyil. Məsələ qismən bundadır ki, uşaqlığımla əlaqəni duymaq və valideynlərimin seçiminə sayğı borcumu verim, amma nəsə daha önəmli bir şey var – başqa amerikalılarla bölüşülməsi pis olmayacaq hansısa bir sınaq.

Orucluq intizarı bir çox baxımdan siqaret çəkməyi tərgitməyə hazırlaşdığın duyğuya oxşayır: faydalı effektləri sevinclə gözləmək, qorxuya bələnmiş məhdudiyyətlər. Bu sevinclə bir-iki gün dözmək olur, sonra pəhriz sizi üzməyə başlayır. Bir fincan qəhvə, ya da ağzına bir şey atmağın azca məmnunluğunun yoxluğu böyük məhrumiyyət kimi qavranılır. Həyat sıxıntıları sizi heç vaxt olmadığı qədər darıxdırır. Siz donuqlaşırsınız, işin öhdəsindən pis gəlirsiniz. Günəş son dərəcə parlaq, günlər çox uzun görünür. Mürgüləməyə çalışırsınız. Otağı addımlarla ölçürsünüz. Fərq etməz, bunu hiss edirsiniz. Aclığın əlindən qaçmaq olmur, mədənizə və beyninizə oturur və bütün düşüncələrinizi məşğul edir.

İkinci həftənin əvvəlində yüngüllük gəlir. Kofeinsiz yaşamaq asanlaşır, aclığa isə alışırsınız. Bu zaman öyünə və özünüzü ötkəm oğlan kimi hiss edə bilərsiniz, amma fərq etməz, pəhriz sizi sındırıb axırınıza çıxır. Amerikada çevrənizdəkilərin elə hey yediyini, su içdiyini görəcək və onların gündəlik yayayışına həsəd aparacaqsınız. Bu mərasimin mənasını şübhə altına alacaqsınız, axı qabaqda hələ 15 gün var. Mən bunu niyə edirəm? Doğrudanmı, ancaq yarısı dalda qalıb?

Üçüncü həftəyə doğru yalqız əyləşib sadəcə düşününcə bu qədər sürətlə və effektli hərəkət edən cəmiyyətdən özünüzü tam ayrı düşmüş hiss edirsiniz. Həqiqi özümləşmə məhz bu zaman başlanır. Karyeramda və şəxsi həyatımdakı qələbə və məğlubiyyətlər, sadəcə, haçansa çoxdan oynadığım oyun kimi görünür. Amma indi pəhriz baxımından bu qədər dəyərsiz görünür. Mən günbəgün necə unuda bilmişəm ki, xörək ətalət və məmnunluq deyil, əsil hədiyyədir? Həyatımızda hələ nə qədər sadə şeyləri beləcə qavrayırıq? Əslində, bizə ətalət görünən gündəlik məşğulluq kral imtiyazlarına oxşayır. Geyim almaq, ev-eşik, duş qəbul etmək, maşında gəzmək və bütün tələbatlarımızı barmaq toxunmaqla təmin etmək imkanı. Bunun nəsib olmadığı, belə yaşamayan, ya da belə həyat tərzini özünə rəva bilməyən adamlar haqqında düşünməyə başlayıram. Özümə söz verirəm ki, bunu daha heç vaxt mövcudluq kimi qavramayacağam. Sonra anlayıram ki, qabaqda hələ tam bir həftə var. Necə yəni, doğrudanmı, hələ bitməyib?

Ramazan öz zəifliklərini görməzliyə vurmağa bənd olan bayramlara zidd olaraq sizi sındırır və tapdalayır. Öz var-dövləti, bolluğu və cah-cəlalı ilə öyünən ölkədə tam bir ay tamamilə əks olana tərəfdarlığn zərurəti sizin təkəbbürünüzə daha çox toxunur. Özünüzü kiçik və aciz hiss edirsiniz, bu isə sizin mədəniyyətin sizi aldatdığını başa düşməyə əla yardım edir. Başa düşməyə başlayırsınız ki, bütün istiqamətləri necə də asanca itirmək olardı. Adamlar yoqa, meditasiya ilə məşğul olarkən, yalqızlıq axtaranda, yaxud qarabasma sınaqlarına can atanda mən bunda elə həmin hissə görə qüssə görürəm. Bu, dünya nemətlərinə can atmağın hədər olduğu duyğusu, hətta aydınlanmadır və o bizi daha uca nəyisə aramağa yollanmağa vadar edir.

Ola bilsin, biz özümüzə və cəmiyyətdəki uğurlara o qədər aludə olmuşuq ki, əslində, bəxtimizin nə qədər gətirdiyini yaddan çıxarmışıq. Ramazan bizi həyatı daha güclü dəyərləndirməyə və Tanrıya, ya da kainatın inam bəslədiyiniz hansısa başqa bir gücünə daha sıx bağlılıq duymağa vadar edir. Zaman gedir, siz dəyişirsiniz, pəhriz isə qabaqkı kimi qalır.

Nəhayət, siz finiş xəttini keçərkən istədiyiniz vaxt yemək yeyə biləcəyinizdən sevinci təsvir etmək çətindir. Bu, fövqəlgüc, fövqəlbacarıq kimidir. Sizin enerjiniz sonsuzdur, hər şey sizə tabedir və rahatlıq və təmtərağın qeyri-gerçəkliyini indi anlayırsınız. Əslində, sizə yeməkdən başqa daha heç nə gərək də deyil. Siz inana bilmirsiniz ki, bu güc növbəti Ramazana qədər sıradakı bütün aylar ərzində sizinlə olacaq.

Amma bir il keçir və siz malik olduğunuza yenə də alışırsınız. Dünyanın sürəti deyil, kifayət qədər tez fırlanmadığı sizi əsəbiləşdirir. Öz duyğularınızı təkrar-təkrar əzizləyirsiniz. Nəyiniz varsa, gerçək olduğunu düşünərək və bir nəfərin sahib ola biləcəyindən daha çoxunu əldə etmək istəyi ilə yenidən aldanırsınız. Siz yenidən adiləşirsiniz.

Mən düşünürəm ki, Ramazan Hanukadan, yaxud Doğum Bayramından çox da yaxşı deyil. Amma o, başqa cürdür və bu mənada sizə faydalıdır – çünki sizi sındırır. O sizi yaxın adamlara həmdərd olmağa öyrədir. O, hökmən Qərb mədəniyyətinə qarşı durmamalıdr, mənim üçün ona dəyərli əlavə olub. Növbəti Ramazanın yaxınlaşdığı anlarda bu duyumlara yenidən dalmağı gözləməyə səbrim çatmır və aclığın nə olduğunu yada sala bilirəm. Öz təkəbbürümü yenidən işə salmağa səbrim yetmir. Və cəmiyyətimizin tələblərindən mümkün qədər uzaq durmaq imkanını səbirsizliklə gözləyirəm.

 

Əhəməd Uaynberq – komik, yazıçı və rejissor. Filadelfiyada doğulub, Los-Ancelesdə yaşayır.

 

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti