8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əziz Rzazadə
Strateq.az
Sabiq İran prezidenti Haşimi Rəfsəncaninin xatirələrinin yeni bölümünü sizlərə təqdim edirəm. Sadə dillə yazılmış bu gündəlik qeydlər ilk baxışdan dağınıq görünə bilər. Amma bizim üçün nə fərqi, əsas odur ki, tarixin müəyyən kəsimində Azərbaycanla bağlı nə düşünüldüyü, nə danışıldığı haqda məlumat verir. Yəni bu memuarlar, hər iki mənada, Birinci şəxs(lər)in – təhkiyəçinin və xarici dövlət başçılarının rəsmi Bakı ilə əlaqəsinin inikasıdır.
3 iyul 1995.
[Prezidentin siyasi məsləhətçisi] mühəndis [Mir Hüseyn] Musəvi gəldi. Yeni valyuta siyasətinə və davamlılığa vurğu edikldiyinə görə təşəkkür etdi. Təklif etdi ki, Azərbaycan [Respublikası] ilə əlaqə ilə bağlı bəzi insanların məkri müqabilində, əksinə, İrana bağlı olmaq istəyən bir qrup olsun.
12 avqust 1995.
Azərbaycan Respublikasındakı yeni səfirimiz cənab [Əlirza] Biqdeli gəldi. Azərbaycanla münasibətləri şərh edərkən, əməkdaşlığın səviyyəsi və oradakı hədəflərimiz barədə fikrimi soruşdu. Dedim ki, münasibətlər yaxşı olmalıdır və inam yaradılmalıdır. Azərbaycan xalqının əksəriyyəti şiə olduğuna görə son nəticədə yaxşı dostumuz olacaqlar, baxmayaraq ki, bəziləri hesab edir ki, İranın itirilmiş şəhərlərin qaytarmaq hüququ indiki vəziyyətdə rəsmi şəkildə ifadə olunmur.
20 sentyabr 1995.
Azərbaycan [Respublikasının] səfiri gəldi. O, iki ölkə arasında əməkdaşlığın və dostluğun vacibliyindən danışdı, gərgin münasibətlərin qarşısını almağa çağırdı. Mən də onların davranışlarını, o cümlədən neft konsorsiumundan çıxarılmağımızı, Xudafərin bəndi və Astara dəmir yolunun inşası ilə bağlı razılaşmaya əməl olunmamasını tənqid etdim.
14 oktyabr 1995.
Axşam Rusiyadakı səfirimiz cənab [Mehdi] Səfəri gəldi. Yeltsinin ismarşını çatdırdı, ABŞ və NATO-nun iştirakının qarşısını almaq üçün Azərbaycan və Bosniyada əməkdaşlıq etməyi təklif edirdi.
5 noyabr 1995.
Gecə Rəhbərin (Ayətullah Xamnəi – Ə.R.) qonağı idim. Əfqanıstan, Rusiya, Azərbaycan, İshaq Rabinin öldürülməsi və [Əbdülkərim] Soruş və tələbələri, habelə [Ənsar] "Hizbullah”la əlaqəli mövzuları müzakirə etdik.
25 yanvar 1996.
Ermənistanın xarici işlər naziri [cənab Aleksandr Arzumanyan] gəldi. Prezidentin məktubunu gətirmişdi, danışıqlar rəsmi idi və əməkdaşlığın inkişafına yönəlmişdi. Onlar İranın Azərbaycanla olan mübahisələrinə müdaxilə edəcəyini gözləyirlər. Deyəsən, Avropa və Amerikanın təzyiqi altındadırlar. İndiyə qədər qondarma Dağlıq Qarabağ prezidentindən də İrandan eyni şeyi etməsini xahiş edən iki məktub gəlib, amma necə hərəkət edəcəyimizi bilmirik.
26 yanvar 1996.
Türkmənistanın xarici işlər naziri [cənab Boris Şeyxmuradov] gəldi. Əfqan icmasının sülh danışıqları üçün İranın dəvət edildiyini, cənab Niyazovun da İrana gələcəyini və istəklərinin mənə çatdırmacağını söylədi. Azərbaycanla Xəzərdəki bir neft yatağı ilə bağlı fikir ayrılığı var.
22 iyun 1996.
Türkmənistan prezidenti cənab [Saparmurad] Niyazovu qarşılamaq üçün [Mehrabad] hava limanına getdik. Salamlama və müsahibədən sonra yoldaşlarımızla Səadabada yollandıq. [Niyazov] Rusiya və Yeltsin haqqında daha çox danışdı, Yeltsin və Primakovun salamlarını çatdırdı. Rusların İranla və Müstəqil Dövlətlər Birliyi ilə əməkdaşlığını gücləndirməkdə qərarlı olduğunu söyləyən Yeltsinin İranla əməkdaşlıq siyasətini müdafiə etdiyini dedi və Azərbaycan, Özbəkistan, Qazaxıstan və Ukrayna başçılarını tənqid etdi. Rusiyadan üz döndərib mehrlərini ABŞ-a yönəltdiklərinə görə. [Dedi ki,] Yeltsin indi əvvəlkindən daha yaxşıdır və prezidentlik postunu yenidən qazanmaq ümidi var. Nəticə etibarilə MDB liderləri onun lehinə bir bəyanat verməlidirlər. Dedi ki, kommunistlərin təsiri altında olan Rusiya Duması iki əsas Yeltsin nazirini vəzifəsindən kənarlaşdırıb və bu, hazırda Rusiya baş nazirinin də vəzifəsindən kənarlaşdırılmasına təkan verir.
30 iyul 1996-cı il.
Azərbaycanın [daxili işlər] naziri Ramil Usubov (orijinalda səhvən Yusufov yazılıb – Ə.R.) ziyarətə gəldi. Danışıqlar rəsmi və dostluq şəraitində keçdi. Saat 9-dək işlərimi tamamlayıb evə gəldim.
7 avqust 1996.
Xarici işlər nazirinin müavini cənab [Abbas] Mələki (yeri gəlmişkən, mərhum Ayətullah Fazil Lənkəraninin bacısı oğlu – Ə.R.) gəldi. Məruzədə Bəhreynə və İngiltərəyə səfər, həmçinin Azərbaycan Neft Konsorsiumu tərəfindən neftimizin Təbrizə nəqli və Birləşmiş Krallıqda bir televiziya stansiyası qurma, eləcə də Dünya Bankı ilə əməkdaşlıq təklifi barədə idi.
6 sentyabr 1996.
Axşam Azərbaycanın xarici işlər naziri [cənab Həsən Həsənov] gəldi. [Azərbaycan prezidenti] cənab [Heydər] Əliyevin məktubunu gətirmişdi, Naxçıvana qaz kəmərinin çəkilməsi və Təbrizdə konsulluğun açılmasını təklif etmişdi.
16 oktyabr 1996-cı il.
[Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini cənab Yaşar Əliyev və] Azərbaycan nümayəndə heyəti gəldi. Qısa söhbətimiz oldu. Müharibədəki köçkünlərin problemlərindən danışdı və İran qaz kəmərinin Naxçıvana uzadılmasının sürətləndirilməsinə təkid etdi.
22 dekabr 1996.
Saat 9-un yarısında [Türkiyə prezidenti] cənab [Süleyman] Dəmirəl və xanımı gəldi. Birlikdə hava limanına getdik…
Azərbaycanın Dağlıq Qarabağ məsələsinə gəlincə, o, hesab edir ki, Rusiya bu münaqişədə maraqlıdır və münaqişəni öz xeyrinə həll etmək istəyir. [Süleyman Dəmirəl] münaqişənin həllinə kömək etməyimi xahiş etdi.
23 dekabr 1996.
Rusiyanın xarici işlər naziri cənab [Yevgeni] Primakov gəldi. Rusiya prezidenti Boris Yeltsinin məktubunda iki ölkə arasında gələcək əməkdaşlığın çox vacib olduğu, Əfqanıstan, Tacikistan və Xəzər məsələlərinə toxunulurdu. Mən də Rusiyanın Əfqanıstan və Xəzərə dair mövqeyini və onların Dağlıq Qarabağdakı siyasətini soruşdum; bu gün imzalanmalı olan Tacikistandakı hökumət və müxalifət arasındakı razılaşmadan məmnun olduğumu bildirdim. O da hərəkətsizliyə haqq qazandırdı, Əfqanıstanda keçmiş təcrübələri nəzərə alaraq ehtiyatlı idilər və Xəzərboyu ölkələrlə münasibətləri zədələməkdən çəkinirdilər. Dedi ki, cənab Yeltsin xəstələndikdən sonra bu gün ilk dəfə Kremlə gəlib. İran-Rusiya əməkdaşlığının əhəmiyyəti vurğulandı.
12 fevral 1997.
Axşam Səadabada, Türkmənistan prezidenti və tərəfdaşlarını salamlamaq üçün getdim. Doktor Vilayəti də bizimlə hava limanından gəldi və Səadabadda [Saparmurad Niyazovu] rəsmi qarşıladıq. Sonra qısa ortaq müsahibə və saat yarım davam edən fərdi söhbət.
…EKO-nun Aşqabadda keçiriləcək sammitində iştirak etməyim və ölkəyə səfər etdikdən sonra bir neçə gün qalmağım planlaşdırıldı. [Niyazov] dedi ki, Azərbaycanla birlikdə Xəzər dənizindəki neft yataqları uğrunda mübarizə aparırlar. Dedi ki, son vaxtlar fahişələri küçə və otellərdən yığıb-yığışdır, etik olmayan hərəkətlərin qarşısını alırlar. Məktəblərdə qızların makiyaj etmələrinə mane olublar ki, bu da türkləri və amerikalıları narahat edib.