Cənubi Qafqazın siyasi mənzərəsi. Analtik baxış bucağı


 

Cənubi Qafqaz regionunda gedən son proseslər artıq siyasi qütbləşmənin yeni məcrada inkişafını aktuallaşdırır. Hadisələr hərbi kontekstdən daha çox siyasi-iqtisadi, mədəni əlaqələr müstəvisində inkişaf edir.

Məlum olur ki, separatist qüvvələrdən və onların dəstəkçilərindən başqa bütün tərəflər Qarabağda sabitliyin bərqərar olunmasında maraqlıdır. Bu da Azərbaycanın mövqeyi ilə bir mənalı üst-üstə düşür və bizə üstünlük qazandırır. 

Hal-hazırda ərazidə görülən işlər - Yol infrastruktur layihələri, yeni binaların, dövlət əhəmiyyətli obyektlərin inşası, turizm məkanlarının salınması və bu kimi planlar yeni investisiya yatırımlarını labüd edir. Bu istiqamətdə xarici şirkətlərin rolu olduqca böyük olacaq. 

Amma, hələ ki siyasi və diplomatik mübarizənin qızğın olduğu bir vaxtdır və tərəflər arasında ciddi fəallıq müşahidə olunur. 

1. Fransa. Hal-hazırda Avropada "Dağlıq Qarabağ problemi" adı altında gərginliyi artırmaq istəyən və proseslərə nüfuz etməyə çalışan yeganə dövlətdir. 

Fransa parlamentində Azərbaycanın təcavüzkar ölkə kimi tanınması barədə məsələ qaldırılıb və "əsirlərin" qaytarılması mövzusu da proqrama salınıb. Bu qətnamə layihəsi regionda sülhün və təhlükəsizliyin əleyhinə olan təxribatdır və ermənilərin üstünlüyünü təmin etmək məqsədi daşıyır. Bu da yaxın günlərdə "status" məsələsinin aktuallaşacağını istisna etmir.  Çünki, Dağlıq Qarabağın müstəqilliyini tanımaq hazırkı vəziyyət üçün ən unikal və tək "vasitə"-dir.

2. Rusiya bölgədə dəmiryol layihəsinin müəllifi kimi çıxış edir və aparıcı xarakter daşıyır. Rəsmi Kreml üçün ən vacib məsələlərdən biri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin müzakirələrdən kənarlaşdırılması və təsirinin minimuma endirilməsi idi. Çünki, xarici təzyiq qrupları müdaxilə edərək, gedişata mane ola bilərdi. Hansı ki, Fransa həm Azərbaycan tərəfindən bloklanıb, həm Ermənistan vasitəsi ilə hadisələrə birbaşa təsir göstərmək imkanına malik deyil. Dolayı yolla əlindən gələni etməyə çalışır ki, Türkiyənin və Azərbaycanın bölgədə dominantlığının əsasları dünya ictimaiyyətinə zorakı və təcavüzkar güc kimi təqdim olunsun. Ermənilər üçün Dağlıq Qarabağda həyat şəraitinin normallaşdırılması etnik balansın qorunması üçün çox vacibdir. Rusiya bunu nəzərə 

alaraq, bu yöndə kifayət qədər səy göstərir. Türkiyənin geniş əl-qol açması da Kremilin maraqlarına uymur.

3. Türkiyə öz prinsipial mövqeyini aşkar şəkildə sərgiləyir. Zəngəzur dəhlizinin icrası ermənipərəstləri xüsusən də, Fransanı nə qədər narahat edirsə, bir o qədər Türk dünyası üçün əhəmiyyətilidir. Yüklərin və sərnişinlərin bir başa quru yolla Azərbaycana (Türkiyəyə) daşınması gömrük xərclərini sıfıra salacaq. Şuşada Türkiyə Konsulluğunun açılacağı bəyanatı bir daha Azərbaycanın oradakı mütləq sahibliyini sübut edir və birgə siyasi-iqtisadi əməkdaşlıq layihələrinin genişlənəcəyini bildirir. 

4. İsrail Azərbaycan münasibətləri son dərəcə ürəkaçandır və bunun müharibə dövründə də şahidi olduq. İsrailin Azərbaycana hərbi silah-sursat satışı iki ölkə arasında əlaqələri daha da sıx edir. Qarabağda da anoloji əməkdaşlıq mütləqdir. Türkiyə - İsrail münasibətlərinin də Bakı vasitəsilə normallaşmasını ehtimal etmək olar. İstənilən halda Azərbaycan İsrail üçün xeyirli tərəfdaşdır. 

 

Ermənistanda isə hal-hazırda seçkiqabağı xaos yaşanır. Və müxtəlif partiyalar tərəfindən böyük təşviqat - təbliğat mərhələsi start götürüb.

Mövcud vəziyyətə əsasən Ermənistanın Daxili siyasətini siyasi hərc-mərclik, xarici siyasətini isə ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən lobbi qruplarının provokasiyası təşkil edir.

Yuxarıda qeyd etdiyimiz siyasi qütbləşmənin mahiyyəti məhz digər dövlətlərin Azərbaycana qarşı münasibətindən doğur. Prezident İlham Əliyevin də bildirdiyi kimi müharibə dövründə kimin dost kimin düşmən olduğunu gördük. 

 

Fuad Qarayev, 

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi



Oxşar Xəbərlər

Xəbər lenti