8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gənclər cəmiyyətin dinamikliyini təmin edən hərəkətverici, yaradıcı qüvvədir. Bir toplumun, cəmiyyətin gələcəyini təsəvvür etmək üçün onun gənclərinin bugünkü durumuna nəzər yetirmək kifayətdir. Təsadüfi deyil ki, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da gənclər siyasəti ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin vacib bir qolunu, istiqamətini təşkil edir.
Məlum olduğu kimi, müstəqil Azərbaycanın gənclər siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Müstəqilliyin ilk illərində siyasi-iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü bütün cəmiyyətimiz kimi, gənclərin də yaşayış səviyyəsinə, sosial-maddi təminatına, mənəvi-psixoloji durumuna mənfi təsir göstərmişdi. Belə vəziyyət ölkədən beyin axınına, gənclərin xarici təsirlərə, müxtəlif adlar altında təbliğat və təxribat fəaliyyətlərinə məruz qalmasına zəmin yaratmışdı.
Xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışından və Prezident seçilməsindən sonra ölkədə sabitliyi, qanunçuluğu, təhlükəsizliyi təmin edən Ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərini hərtərəfli dövlət qayğısı ilə əhatə etmək üçün əməli addımlar atdı. Onun 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı, 1996-cı ildən etibarən gənclər forumları keçirilməyə başlandı, 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi.
Həmçinin, gənclərin təhsil keyfiyyətinin yüksəldilməsi, elmə marağının artrılması və sosial təminatının gücləndirilməsi üçün bir çox işlər görüldü, o cümlədən minlərlə gəncin dövlət hesabına xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alması təmin edildi, 1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlar üçün xüsusi təqaüd təsis edildi. Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşməsi, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı da Ulu Öndərin gənclərə qayğısının təzahürüdür.
1999-cu il 29 iyul tarixli “Dövlət gənclər siyasəti haqqında” Fərmanla bu sahədə tədbirlər planının təsdiqlənməsi, eləcə də Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzinin yaradılması, habelə 2002-ci il aprelin 9-da “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbulu ölkənin gənclər siyasətinin mahiyyətini, istiqamətlərini və icra formalarını müəyyən edərək dövrün tələblərinə və imkanlarına, ölkənin və cəmiyyətin maraqlarına uyğun kursun həyata keçirilməsini təmin etdi.
Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənclərin sosial müdafiəsi, fiziki sağlamlığı ilə yanaşı, onların düzgün mənəvi-psixoloji tərbiyəsinin, vətənpərvər, milli ruhda yetişməsinin də qayğısına qalır. Ulu Öndərin milli ideologiya səviyyəsinə qaldırdığı azərbaycançılıq düşüncəsi Azərbaycan gənclərini dünyanın harasında yaşamalarından asılı olmayaraq, Vətənə bağlı olmağa, onun mənafeyinin müdafiəsi uğrunda daim çalışmağa ruhlandırır.
Cənab Prezident İlham Əliyev isə Əsasını Heydər Əliyevin qoyduğu möhkəm təmələ söykənən gənclər siyasətini ölkənin inkişaf nailiyyətlərinə və günümüzün reallıqlarına uyğun olaraq genişləndirmiş, təkmilləşdirmişdir. 2007-ci il ölkədə “Gənclər ili” elan olunmuş, sonrakı illərdə bir çox şəhər və rayonlarda gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət edən “Gənclər evi” yaradılmışdır.
Gənclərin dünyanın nüfuzlu ali təhsil ocaqlarında dövlət hesabına təhsil alması siyasəti bu gün də davam etdirilir.
2011-ci ildə yaradılan və 2018-ci ildə yenidən təşkil edilən Azərbaycan Respublikasının Gənclər Fondu gənclərin ictimai fəallığının artırılmasına, yaradıcı imkanlarının gerçəkləşməsinə dəstək göstərir. Cənab Prezident İlham Əliyevin gənclərə böyük diqqət və qayğısının daha bir göstəricisi kimi, elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti, ictimai fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən 10 nəfər gəncə ildə bir dəfə 10 min manatın verilməsini nəzərdə tutan “Gənclər üçün Prezident Mükafatı” 2013-cü il 2 iyul tarixində təsis edildi.
Azərbaycan gənclərinin inkişafına kifayət qədər müsbət təsir edən amillərdən biri isə ölkəmizdə könüllülər hərəkatının yaradılması oldu. 2012-ci ildə Bakıda keçirilən Avroviziya müsabiqəsi ilə qazanılan böyük təcrübə sonrakı irimiqyaslı beynəlxalq tədbirlərin uğurlu təşkilinə də böyük töhfə verdi. Könüllülük hərəkatı gənclərə dəyərli iş təcrübəsi qazandırmaqla yanaşı, onların vətənpərvər, çalışqan, yardımsevər ruhda formalaşmasına da müsbət təsir göstərir. Təsadüfi deyil, ölkə başçısının müvafiq tapşırıqları əsasında könüllülük təcrübəsi olan gənclərin dövlət qurumlarında işlə təmin olunmasına diqqət yetirilir.
Ölkə başçısının 2019-cu il 26 iyul tarixli Sərəncamı əsasında təsis edilmiş “Yüksəliş” müsabiqəsi isə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsinə, dəstəklənməsinə və ölkədə kadr ehtiyatı bankının yaradılmasına yardım edir.
Dövlət siyasəti ilə bərabər, Heydər Əliyev Fondu elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid gəncləri də əhatə edən proqram və layihələr hazırlayıb icra etməklə gənclər siyasətinə öz töhfəsini verir.
İstər Ulu Öndər Heydər Əliyev, istərsə də cənab Prezident İlham Əliyev hər zaman Azərbaycan gəncliyinə böyük etimad göstərmiş, öz çıxışlarında onun parlaq gələcəyinə, gənclərimizin ölkəyə layiqli vətəndaş kimi formalaşmasına inam ifadə etmişlər. 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənə, xalqa sədaqətinin, çətinlik qarşısında iradəsinin və mərdliyinin, eləcə də qələbə əzminin təntənəsi olmaqla bu inamın tam şəkildə özünü doğrultması idi. Məhz Qarabağ zəfərindən sonra hər bir bayramımız kimi Azərbaycan Gəncləri Günü də yeni bir dəyər, anlam qazandı.
Cənab Prezident İlham Əliyevin ətrafında sıx bizləşən Azərbaycan xalqı və onun gəncləri ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına və xalqımızın müzəffər xalq olaraq dünyada nüfuzunun və hörmətinin artmasına əvəzsiz töhfə verdi.
Gənclərimiz ölkənin, xalqın mənafeyinin müdafiəsində bütün dünyaya əzmkarlıq nümayiş etdirməkdə davam edir. Rusiya sülhməramlılarının müvəqqəti olaraq nəzarət etdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ölkə rəsmilərinin, mütəxəssislərin monitorinqinə maneə törədilməsinə etiraz olaraq ekofəalların ötən il dekabrın 12-dən başlayan və bugünədək davam edən dinc etiraz aksiyasının əsas iştirakçıları da xalqımızın məhz gənc oğul və qızlarıdır. Bu il onlarla gəncimizin 2 Fevral – Gənclər Gününü sözügedən Laçın – Xankəndi yolundakı aksiya məkanında qeyd etməsi gəncliyin gücünün, iradəsinin təsdiqi, Azərbaycanın haqq səsinin dünyaya duyurulmasının göstəricisidir.
Hülya Məmmədli
Politoloq
Sozcu.info