Fors-major (Force Majeure) halın öhdəliklərin icrasına təsiri -Aysu Nəbizadə yazır


Fors-major” (Force Majeure) hallar öhdəliklərin icrası, xüsusilə də müqavilə hüququ baxımdan yarana biləcək nəticələrini təhlil etmək mühüm əhəmiyyətə malikdir.

Belə ki, bu halların baş verməsi müəyyən hallarda “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi” halı kimi də qiymətləndirilə bilər. Həmçinin baş verən halın ümumiyyətlə yanlışlıqla fors-major hal kimi qiymətləndirilməsi hallarına da rast gəlinir. Xüsusilə də ölkəmizdə baş verən COVİD-19 pandemiyası ilə əlaqəli olaraq tərəflər öhdəliklərin icra edilməmə səbəbi kimi də baş verən pandemiyanın fors-major hal kimi qiymətləndirilməli olduğunu və öhdəliyin xitam olunmalı olduğunu da irəli sürmüşlər. 

Hesab edirəm ki, öhdəliklərin icrası baxımdan fors-major hala xas olan xüsusiyyətlər və onun hüquqi nəticələri, o cümlədən müqavilə münasibətlərində yeri kimi məsələlər araşdırılmalıdır.

İlk növbədə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində fors-major hala dair konkret tənzimləmə nəzərdə tutulmamışdır. Buna baxmayaraq müqavilədə tərəflər müqavilə azadlığı prinsipindən istifadə edərək məhz hansı halların fors-major olduğunu, bu halın baş verməsi zamanı öhdəliyi icra etməyə qadir olmayan tərəfin icra etməli olduğu xəbərdarlıq müddəti və hüquqi-nəticələri nəzərdə tutulur. Hesab edirəm ki, müqavilənin tərtibi zamanı bu hal ilə bağlı tənzimləmələrə müqavilədə yer verilməsi tərəfləri müəyyən dərəcədə yarana biləcək mənfi nəticələrdən sığortalaya bilər.

Fors-major hal öhdəliyin icrasını tamamilə və qismən mümkünsüz edən, şəxslərin iradəsindən kənar olaraq baş verən, baş verməsə qabacaqdan görülə bilməyən və ya görülməsi mümkün olmayan və qarşısı alınması mümkünsüz olan bir haldır.

Bu baxımdan fors-major halın müəyyən xüsusiyyətlərini sadalaya bilərik: 


Fors-major hal tərəflərdən asılı olmayan səbəblərdən meydana gəlməlidir.

Baş verən halın fors-major olması üçün qarşısı alınması mümkün olmamalıdır. (Tutaq ki, baş verən halın qarşısı müqavilə tərəfi olan A.nın tamamilə ehtiyati tədbirlər görməsi ilə əlaqəli aradan qalxa bilərdisə, bu hal fors-major hal kimi qiymətləndirilməyəcək.)

Bu halın baş verməsi qabaqcadan görülə bilməzdi.

Tərəflər arasında müqavilə bağlandıqda hansı halların fors-major hal kimi nəzərdə tutulduğu dəqiq göstərilməlidir. Ümumiyyətlə, tərəflər daha çox daşqın, sel, zəlzələ, yanğın, ixtişaş, pandemiya və s. kimi halları bu halın dairəsinə daxil edərək xəbərdarlıq müddəti nəzərdə tuturlar. Oxşar məsələ MM-in 448.4-cü maddədə də nəzərdə tutulur: Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.


Göründüyü kimi normada borclunun məsuliyyətini istisna hal müəyyənləşdirərək bu halı borclunun kreditora xəbər vermək vəzifəsi ilə bağlamışdır. Qanunvericinin bu mövqeyinin məqsədi, yəni kreditoru bu hal barədə qabaqcada məlumat vermək vəzifəsinin nəzərdə tutulması əslində baş verən zərərli nəticələrin qarşısını almaqdan ibarətdir.



Yəni müqavilədə tərəflərin tez-tez nəzərdə tutduğu “borclu fors-major halın baş verdiyi zaman öhdəliklərdən bu şərtlə azad edilir ki, əgər tərəf bu halın baş verməsi barədə bildiyi andan X gün ərzində digər tərəfi xəbərdar etmiş olsun.” – müddəası əslində MM-in 448.4-cü maddəsində nəzərdə tutulan müddəasının müqaviləyə tədbiqinin nəticəsi ola bilər.


Qeyd edilən müddəada isə digər maraqlı məqam borclunun məsuliyyətindən söhbət getməsidir. Yəni, müddəaya nəzər yetirdikdə görə bilərik ki, burada borclunun öhdəliyinə xitam verilməsindən yox, onun öhdəliyin icra edilməməsi nəticəsində yarana biləcək məsuliyyətdən azad edilməsi şərtlərindən bəhs edilir.


Beləliklə, hesab edirəm ki, fors-major hal ilə bağlı iki yanaşma mövcuddur. Bu hal baş verdiyi təqdirdə həqiqətən fors-major hal olduğu müəyyən edildikdə borclunun öhdəliyi aradan qalxır və öhdəliyə xitam verilir. Digəri isə öhdəlik aradan qalxmır, öhdəliyin icra edilməməsinə görə məsuliyyət aradan qalxır. Lakin qeyd edilən iki yanaşmanı ayrı-ayrılıqda müstəqil hesab etmək olmaz. Bunu misal üzərindən izah edək.


A (Alıcı) və B (Satıcı) arasında bağlanılan alqı-satqı müqaviləsi ilə müqavilənin predmenti olan fərdi-müəyyən əşya Alıcıya təhvil verilməmiş və təhvil verilənə qədər Satıcının mağazasında hələ saxlanılır. Baş verən zəlzələ nəticəsində mağazada olan həmin məhsul yararsız hala düşür. Burada baş verən zəlzələnin fors-major hal kimi xarakterini və malın isə fərdi-müəyyən əşya olduğunu, Satıcının öhdəliyin icra edilməsində hər hansı təqsirinin olmamasını nəzərə alaraq onun öhdəliyin icrasından azad olduğunu deyə bilərik.

Maddə 556. İcra mümkün olmadığına görə öhdəliyin xitamı


556.1. İcra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz.


556.2. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz.


556.2-ci maddəyə nəzər saldıqda deyə bilərik ki, deməli fors-major hal nəticəsində kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı da tələb edə bilər. Eyni məsələ Türk Borclar Qanunun 136-cı madddəsində qeyd olunur. Belə ki, borcun icrası borclunun təqsiri olmayan səbəblər üzündən mümkünsüzdürsə, borc sona çatır. Qarşılıqlı borc yükləyən müqavilələlərdə mümkünsüzlük səbəbi ilə borcdan azad olan borclu qarşı tərəfdən almış olduğu icranı əsassız varlanma səbəbi ilə geri verməyə borcludur. 


2- A və B arasında icarə müqaviləsi bağlanmışdır. Baş verən pandemiya ilə əlaqəli olaraq B tərəfindən(icarəçi) 5 ay ərzində ödənişlər icra edilməmişdir. Bu situasiyada B pandemiyanın fors-major hal olduğunu və bu səbəbdən fəaliyyət göstə bilmədiyi üçün ödənişləri icra edə bilmədiyini və öhdəliyin icrasından azad olduğunu bildirmişdir. Hesab edirəm ki, bu situasiyada B-nin öhdəliyinin icrası ümumiyyətlə mümkünsüz deyildir. Şəraiti düzəldikdən sonra ödənişləri icra edə bilər. Buna görə B müqavilənin fors-major hal ilə bağlı lazımi xəbərdarlıq müddətinə əməl etməklə, yəni A-nı əvvəlcədən xəbərdarlıq etməklə, öhdəliyi hazırda icra etməyə qadir olmadığını bildirməlidir. Bununla da B. öhdəliyin icra edilməməsi nəticəsində yaranan məsuliyyətdən azad oluna biləcəkdir. (MM 448.4) Lakin bununla B-nin bütövlüklə icradan azad olunması məqsədəuyğun deyildir.


Göründüyü kimi yuxarıda qeyd edilən iki situasiyada borcun icrası birinci halda davamlı, ikinci halda müvəqqəti olaraq mümkünsüzdür. Davamlı, bütünlüklə mümkünsüzlük halında öhdəliyin icrası aradan qalxacaq və borclu icra edilməməyə görə məsuliyyət daşımayacaqdır. Müvəqqəti olaraq icra mümkünsüz olduqda isə, icranı mümkünsüz edən şərait aradan qalxdıqda, borc icra edilə bilər

Aysu Nəbizadə,
 Hüquqşünas

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti