Əşyalar seçkiyə qatılacaq

Ey dili qafil fil faili məchul fani f...

Derlər,

Aldığı nəfəsə də köləlik qazandıracaq unudulmuş oxucu,

Mənə elə gəlir, virusların, bakteriyaların, cücülərin, böcəklərin aktiv və hakim olacağı yaxın gələcəkdə, 

geridə sağ qalan səbrdən, dözümdən çıxmış, köləlikdən qurtulmuş ölkələr olacaqsa və bu ölkələr hər hansı bir məsələ ilə bağlı, bələdiyyə, milli məclis, prezident kimi seçkiləri keçirsələr, təkcə özləri deyil, əşyaları da seçkiyə qatılmağa “təşkil edəcəklər”. Hətta beşikdə körpələr, saxladığı heyvanlar, hətta varsa tarlası, bostandakı pomidoru, xiyarı gələcəyin uzaq olmayan hansısa zaman kəsimində seçkilərə cəlb olunacaqlar. Hə, sual verə bilərsiniz ki, bu əyləm, bu inqlab, bu böyük dəyişim necə gerçəkləşə, başverə bilər? Beşikdəki çağa, tarladakı pomidor, həyətdəki it, dibçəkdəki çiçək, baxçadakı gül kolu hər hansı seçkilərdə necə səs vermə hüququna sahib ola bilər? 

Biz, sibel hücumlara, dijital hesablamalara dayalı həyat tərzində, süni intellekt dövründə yaşayırıq. Bizim nəinki itimiz, pişiyimiz, hətta suyumuz, daşımız, torpağımız da (ərşi-gurşu ölçə-ölçə, özü də qışqıra-qışqıra) danışacaq. (Deyəsən əşya və cismlərdə, digər canlılarda vərəmləmiş milyon illik SÜKUT tolerantlığı bizim genetiq qiyamımıza dağ çəkəcək, ot yolduracaq, diş qıcırdacaq, tərəfdaşlıq aşinalığını ölümünə icra edəcək.)Necə ki, qutsal kitablarda deyilirdi ki, hər zərrə, hər canlı - cansız bildiyin nə varsa sənə, sənin əməl və işlərinə şahidlik edəcək. Pis, ya yaxşı əməllərinlə bu şahidlərdən məmnun qalaraq onlara öz şükran borclarını bildirəcəklər. 13-cü yüzilin şairi Yunis Əmrə isə “bir çiçəyə salam verdim” deyərkən, eyni düşüncə və təfəkkür atmosferi üçün yaşadığını, dərk ediləcəyini bildirirdi. 

Yaxın gələcəkdə (əslində, bu çağdışı gerçəklər bir çox gəlişmiş ölkələrdə kütləvi olmasa da, ekzimplyar şəklində  həyata keçirilib) 

bu dünyada ağlınıza gələn nə varsa, 

“hər şeyə yüklənilən data sayəsində”  

avtomatik bir reaksiya sonucu cavab (verilər) əldə edilərək 

mərkəzi sistemə ötürüləcək. 

Bütün informasiyalar ayrıntılı şəkildə bu mərkəzdə öz yerini, çeşidini, türünü alaraq,  

hər şey və hər kəsdən istənilən veriləri əldə edəcəkdir. Məsələn, sən bu gün Vəlininmi bələdiyyə başqanı olmağını istəyirsən, yoxsa bir kürən atınmı, budaqda cəh -cəh vurduğunu bildiyin boz sərçəninmi? 


Derlər,

Xoşbəxt olmaq istəyirsənsə, bir məqəsəd sarıl, insanlara və əşyalara deyil sözlərindən tez-tez diksinən unudulmuş oxucu,

Bu və ya bu kimi dəyişik, artıq yeni dünyanın əxlaq və yapılanmasına uyğun suallarla əldə edilən cavablar istədiyiniz seçicinin taleyini həll edəcəkdir. 

Yuxunu, mürgünü yapısında silah kimi saxlayan yer kürəsi insan hafizəsi ilə milyon ildir yüklüdür. Siz elə zənn edirdiniz ki, insan dünyasını dəyişdi, öldü, bədəni çürüdü getdi? Xeyr, 

belə olsa da, insanın beyni, bədənindəki HAFİZƏSİ itmir, torpağın tərkibinə qarışır. İnsanlar bu dünyada istifadə etdiyimiz nə varsa, (yemək, içmək, geyimə kimi) hamısının tərkibində gəlib getmiş insanlığın hafizəsini istifadə edirik. Yaxın gələcəkdə dediyim ssenari üzrə insanların yaşamına müdaxilə edildiyində, hər detala, əşyaya, insan və heyvana yaradılmış datası, hər hansı bir məsələ ilə bağlı lazım olduğu anda ümumi mexanikləşdirilmiş prosesə qoşularaq reaksiya verdiyində, 

o əşya, 

o zərrə, 

o atomun tərkibindəki insan hafizəsi də dövriyyəyə qarışacaq. Belə nəinki hadisə baş verdiyində ondan çağdaş insanlar, hətta gəlib getmiş bütün insanlar “xəbərdar olacaqlar”. Çünki insan təkcə bədən olaraq var olmamışdır. İnsanın kimliyi, varlığı, gerçəkləri onun hafizəsində hifz olunur, qorunur və itmir. 

Bəli, 

biz yuxudayıq. Biz, zalım-məzlum, xeyir-şər, ağ-qara dilenmalı şüuraltı təyinatlı bu halımızla böyük bir yuxu içində varlığımızı sürdürürük. Öldüyümüz andan etibarən yuxudan oyanıb real aləmə daxil olacağıq. Hətta bir yuxu olan bu dünyada birinin belə yatıb yuxu görməsi də o yuxunun törəməsi, bu yuxunun  çeşitli uzantısıdır. Əgər sizə desəm ki, biz öldükdən, oyandıqdan sonra bu yuxu həyatımızda, bu dünyada baş verənləri yuxu zənn etsək, çoxları inanmaz və bəlkə də çoxusunun ağlı yerindən oynayar. Ancaq gələcək zamanlarda bizim yatıb görəcəyimiz yuxular da bir “obyekt”, bir  mahiyyət olaraq bizim həyatımıza, aktiv həyatımıza, ümumi işlərimizə qazandırılacaq. Məsələn, birinin gördüyü yuxu belə hər hansı bir ölkənin başçısının, bələdiyyəsinin, milli məclisinin seçilməsində sistemə cəlb edilib yönləndirilməklə böyük rol oynayacaq. Ola bilsin ki, Əhməd kimisə bələdiyyə başçısı seçmədi, ancaq onun gördüyü yuxudan sistemə ötürülən, gələn bildiridə müsbət cavab gözləmək mümkündür. Bütün bunlar nəyin nəsidir, əslində? Bütün bunlar, dini, müqəddəs, qayb aləmi kimi anlayışın dərk edilməməsi,  insanın əslində, özü olmadığının gerçək mahiyyətindən xəbər verir. (bir sözlə insanın bizə təqdim edilən şüurumuzdakı obrazın dışında, onun  ağılalmaz özəllyə sahib olması gerçəkləri üzə çıxır:-x.t.) Bir daha din, Quran, hədislərin uydurma olmadığını, bu dəyərlər dışında nə varsa heç bir önəm daşımadığını insan oğlu dərk edəcək, anlayacaq, iman gətirəcək. Kimisi üçün iman gətirmək olduqca gec olacaq. Məlum olacaq ki, din, din deyilmiş. Kitab kitab deyilmiş. Bu oxumuşlar, alimlər, bir şeylər bildiyini zənn edənlər, dini xurafat adlandıranlar qəfil anlayıb dərk edəcəklər ki, elə əsl xurafat onların ömrü boyu əldə elədikləri bilgi və yaşam tərzidir. Burdaca ürəkləri partlayıb gözlərini yumacaqlar. Allah rəhmət eləsin sizə, ölülər! 


Derlər,

Iki qaşının arasında ayı sıxıb sıxıb hilala çevirməkdən sonsuz zövq almağın uzaq keçmişini yaşayan Unudulmuş oxucu,

Heç bir haşiyəyə, əlavə qeydlərə, kənar baxışlara yer vermədən, yaxın gələcəkdə evdəki əşyalarımızın seçkilərə qatılacağından danışdıq. Ancaq ondan sonrakı mərhələdə yəqin ki, onların seçdiyi kimi,  seçilmək hüququnun da olacağına heç şübhəm qalmayacaq.

Bir gün boz qurdun, aslanın, ceyranın Qarabağdan, Gəncədən, Naxçıvandan milli məclisə millət vəkili seçiləcəyini görsəniz, duruxmayın.

Bir gün məsələn, ermənilərin parlamentində tülkü, dovşan, çaqqal, eşşək bir - birinə girsə, əsla təəccüblənməyin. 

Bir gün Fransanın prezident seçkilərində bir itin hürüşünü eşitsəniz, heyrətlənməyin. ABŞ-ın prezident seçkilərinin qalibi nə vaxtsa dinozavr olsa, boş verin, sanki belə olacaqmış kimi, belə olmalıymış psixologiyasıyla həyata, yaşama davm edin. Çünki biz, bizə təqdim olunmuş insanın gerçək özəllyini və kimliyini görmədik, anlamadıq, dərk etmədik. 

Biz insanı tanımadıq. 

Biz insanı səhv saldıq.

Sonda bir sual və bu sualın cavabı gələcək yazılarda: əgər qeyd etdiyimiz qayda üzrə əşya və cisimlər, digər canlılar insanı önəmli mövqelərə seçə biləcəklərsə, 

görəsən bizim hər hər halda kainat təvazökarlığı babında nadir bu insan türümüz 

dünyada kimləri, nələri seçəcək, 

kimləri, nələri bir daha tarixi və fanilik arşınını işə salaraq seçəcək?

Xanəmir Telmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti