QULU MƏHƏRRƏMLİ:"Milli və dövlət maraqlarının qorunması istiqamətində müzakirələrə ehtiyac var” “Türkiyə Rusiya ilə nə qədər yaxınlaşırsa, Azərbaycanın problemləri bir o qədər arxa planda qalır”

QULU MƏHƏRRƏMLİ:"Milli və dövlət maraqlarının qorunması istiqamətində müzakirələrə ehtiyac var” “Türkiyə Rusiya ilə nə qədər yaxınlaşırsa, Azərbaycanın problemləri bir o qədər arxa planda qalır”

 

Professor, siyasi icmalçı Qulu Məhərrəmli Strateq.az-a müsahibəsində Azərbaycandakı hazırki durum, cəmiyyətdə, ölkədə və regionda cərəyan edən hadisələr, qonşu ölkələrdə baş verən olayların mahiyyəti, onun kənar təsirləri barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

– Regionda və dünyada gedən hazırki proseslərə Azərbaycan cəmiyyəti nə dərəcədə adekvatdır? Yəni, bizim qiymətləndirmələrimiz, reaksiyamız, hərəkətlərimiz doğru istiqamətdədirmi?

– Azərbaycan cəmiyyətinin bu gün dünyada və regionda gedən proseslərə adekvat olub-olmaması çox mübahisəlidir.

Böyük ölçülərlə götürdükdə, qonşu ölkələrdə, dünyanın bir sıra regionlarında gedən dinamik hadisələr baxımından Azərbaycan cəmiyyəti adekvat deyil. Amma Azərbaycanın öz daxili problemlərinə, ölkənin indiki durumuna nəzər yetirdikdə, adekvat sayıla bilər. Bizdə, şüurlarda belə bir təsəvvür daşlaşıb ki, gözlənilməz kəskin davranış ciddi problemlərə gətirib çıxara bilər. Cəmiyyətdə belə bir düşüncənin hakim olması, təbii ki, onu inkişafdan saxlayır. Biz çağdaş dünyanın bir parçası olduğumuz üçün onunla ayaqlaşmalıyıq.

– Bizdə milli məsələlərlə bağlı dərin ictimai müzakirələr getmir. Eyni zamnda milli, dövlət maraqları heç bir müstəvidə özünə müzakirə imkanı qazanmır. Gündəmi daha çox kriminal xəbərlər, şou-biznes adamlarının dartışmaları məşğul edir. Sizcə, cəmiyyət niyə bura doğru istiqamətlənib?

– Bu, çox ciddi məsələdir. Bizim varlığımızın, mövcudluğumuzun mənbəyi milli və dövlət maraqlarının qorunmasıdır. Burada bir məsələnin dürüst dərk edilməsi çox vacibdir; milli, dövlət maraqları başqa şeydir, şəxsi, hakimiyyət, qrup maraqları isə tamamilə başqa şeylərdir. Məsələ bir az şüurlu yanaşma tələb edir. Yəni biz mücərrəd anlayışdan yox, konkret maraqdan danışmalı, bununla  bağlı  ciddi ictimai müzakirələr aparmalıyıq. Bu mənada 1918-20-ci illərin –  Azərbaycan Cümhuriyyətinin təcrübəsini öyrənməyə dəyər. O dövrün mətbuatına baxın, yazanlar kimlər idi – Üzeyir bəy də, Rəsulzadə də, Ömər Faiq, Əhməd Həmdi də dövlətin varlığını, milli maraqları  təhlükələrdən qorumaq  istiqamətində müzakirələr aparırdılar. İndi də belə müzakirələrə ehtiyac var, Ortaya düşmüş bir-iki "ekspertin” bayağı çıxışları ilə iş aşmaz, problemin mahiyyətinin düzgün dərk olunması üçün ictimai müzakirələr ən yaxşı formadır. Bir var effektsiz təbliğat maşını işləyir və çax-çax kimi baş ağrıdır, başqa variant da var ki, həqiqətən şüurlara, beyinlərə təsir edən diskusiyalar aparılır. Bu mənada ekranlarda ictimai müzakirələrin olmaması təəssüf doğurur.

– Amma əvvəllər belə müzakirələr vardı…

– Bəli vardı, həm də o müzakirələrdə çox ciddi məsələlər qoyulurdu. Amma son illərdə bütün KİV materiallarında, o cümlədən televizyalarda əyləncə seqmentinin, kriminal xəbərlərinin artması, cəmiyyətin tör-töküntülərinin ekrana daşınması, efirdə küçə adamlarının məişət səviyyəsində özlərini təqdim etməsi, belə bir təsəvvür yaradır ki, sanki Azərbaycan xalqının min illər ərzində topladığı dəyərlərə qarşı səlib müharibəsi başlanıb. Əbəttə, belə yanaşma, ictimai əxlaqa da, milli-strateji maraqlara da ziddir. Biz millət quruculuğu işini davam etdirmək, beyinləri bu günün havası ilə təmizləmək istəyiriksə, başqa tədbirlərlə yanaşı normal diskusiyaları da bərpa etməliyik. Çünki milli şüur, dövlət düşüncəsi olmadan, bu maraqları dərk edib ruhumuza hopdurmadan, irəli gedə bilmərik.

– Bu mənfi tendensiya, həm də Azərbaycanın milli təhlükəsizlik problemidir. Əgər, milli, dövlət maraqları cəmiyyəti narahat etmirsə, xarici təcavüz, yaxud dövləti təhdid edən başqa bir proses müqavimətsiz qala bilər. Təhlükələri önəlmək üçün nə etmək lazımdır, bunu kim, yaxud hansı qüvvə etməyə çalışmalıdır?

– Bu sual da, əvvəlki sualla müəyyən qədər bağlıdır. Milli təhlükəsizlik problemi dövlətin, millətin əsas problemidir. Yaxşı cəhət odur ki, neçə illər əvvəl Azərbaycanda milli təhlükəsizlik konsepsiyası qəbul olunub.  Bu konsepsiya, bütün parametrləri ilə o istiqamətləri görməyə imkan verir.  Ona görə, cəmiyyət bundan xəbərdar olmalıdr.  Bu da gəlib dirənir effektli maarifləndirmə və dürüst təbliğat məsələlərinə. Cəmiyyətin bu barədə bilgisi çox olanda, problemləri dərindən duyanda onun həssaslığı, kənar təsirlərə müqaviməti və reaksiyaları artır, yəni ağla-qaradan seçib qərar verə bilir. Amma bütövlükdə götürdükdə, Azərbaycan cəmiyyəti zəifdir, onu  diri və dinamik cəmiyyət hesab etmək olmaz.

– Yəqin ki, bizdə vətəndaş cəmiyyəti formalaşmadığı, onun institutları çox zəif olduğu üçün belə deyirsiniz…

– Bəli, vətəndaş cəmiyyəti zəifdirsə, ümumiyyətlə milli problemləri qavramaq, təhlükəsizliklə bağlı həssaslıq və müqavimət formalaşdırmaq çətin olur. Ona görə də hesab edirəm ki, bunların hamısı biri-biri ilə bağlı olan məsələlərdir. Ümumi problemi bir kənara qoyub, onun hansısa bir elementi ilə məşğul olmaq çətinliklər yaradır. Dövlət və millət quruculuğu məsələsi çoxşaxəli bir missiyadır. Bu iş eyni kök, eyni bünövrə üzərində və paralel şəkildə aparılmalıdır. Qabaqcıl dövlətlərin təcrübəsi bunu açıq şəkildə göstərir.

"Ermənistanda baş verən hadisələrin regiona təsiri olmayacaq”

– Ermənistanda qansız inqilab oldu, hakimiyyət dəyişdi, Azərbaycan cəmiyyətinin bu hadisələrə reaksiyasını necə qiymətləndirirsiniz? Burada hakimiyyətin, müxalifətin, ümumilikdə ictimaiyyətin mövqeyini ayrı-ayrlıqda necə şərh etmək olar?

–  Ermənistanda baş verən hadisələrin əsl mahiyyətini Azərbaycanda yaxşı bilirlər. Amma kimin necə qiymətləndirməsindən asılı olmayaraq, bu proseslər ölkəyə siyasi dividend gətirdi, Ermənistan cəmiyyətinin dünyada və beynəlxaq qurumlarda demokratik imicini formalaşdırdı. Digər tərəfədən, xalq iradəsinin qələbəsi cəmiyyətin özündə sabaha müəyyən bir inam yaradır. Həm də işğalçı dövlət dünyaya belə bir mesaj verir ki, Ermənistanda guya insan haqları, demokratiya, sərbəst toplaşma azadlığı ilə bağlı ciddi problem yoxdur. Əlbəttə, xarici müşahidəçilər hakimiyyətin özünü necə aparmasına, cəmiyyətin mövqeyinə,  müxalifətin davranışına da diqqət yetirdi.  Hesab edirəm ki, son hadisələrdə müəyyən tamaşa elementləri də vardı, xüsusən erməni diasporunun istəklərinə uyğun gələn və əvvəlcədən düşünülmüş mexanizmlər də sınaqdan keçirildi. Amma bütün hallarda bu hadisələrdə  Ermənistan cəmiyyətinin ciddi mesajları da göründü.

– Sizcə, nə mesajlardır bunlar?     

– Əsas mesaj bu oldu ki, Ermənistanın istər xarici siyasətində, istərsə də Rusiya ilə münasibətlərində heç nə dəyişməyəcək. Qarabağ məsələsində də həmin maksimalist mövqe qalacaq. Yerevan Rusiyanın forpostu olsa da, hərbi və iqtisadi cəhətdən Rusiyadan asılılığı artsa da, Qərblə, beynəlxalq təşkilatlarla, xüsusən, Avropa Birliyi ilə dialoqunu davam etdirəcək.

– O zaman dəyişən nə oldu?

– Köçəryan və Sərkisyanın yaratdığı Qarabağ klanı hakimiyyətdən salındı, amma mahiyyətcə heç bir şeyi dəyişməyən hərəkat oldu. Əslində Ermənistanda ən böyük dəyişilklik bir az əvvəl- ölkə parlament üsul-idarəsinə keçəndə baş vermişdi. İndi isə sadəcə, cəmiyyətin özündəki kinetik enerji üzə çıxdı və bu cəmiyyətin etiraz gücünün hələ qaldığı göründü.  "Bu hadisələr Ermənistan cəmiyyətini irəlilədəcəkmi” sualının cavabını məncə, bir az gözləmək lazımdır.

– Ermənistandakı dəyişikliklər regionda situasiyaya necə təsir göstərə bilər?

– Ermənistanda baş verən dəyişiklərin regiona heç bir ciddi təsiri ola bilməz. Çünki bu lokal bir hadisədir, hakimiyyət dəyişikliyinin çox adi üsuludur. İnsanlar küçələrə çıxıb etiraz edirlər, kimsə hakimiyyətdən gedir. Düzdür, bəzi avtoritar rejimlər bu hadisələrdən narahat oldu. Məsələn, Belarusda prezident Lukaşenko toplantıların birində dedi ki, Ermənistanda baş verən hadisələrin burada təkrarlanmasına yol verə bilmərik. Bunlar bir az impulusiv yanaşmalardır. Yəni o təsir müəyyən müddət qalır və sonra sovuşub keçir.

– Yeni baş nazir Nikol Paşinyan kresloya əyləşər-əyləşməz Qarabağa gəldi, separatçıların danışıqlarda tərəf kimi iştirakını şərt kimi qoydu. Bizi reaksiyamızı necə qiymətləndirirsiniz? Bu ritorika danışıqların taleyini sual altında qoyurmu?

– Onsuz da Qarabağ danışıqları dalana dirənib və yeni heç nə yoxdur. Paşinyan separatçıların könlünü xoş eləmək üçün belə bəyanatlar verir. Həm də bu, onun dediyi yeni məsələ deyil. 1992-ci ildə BMT müşahidəçiləri də münaqişə ilə məşğul olarkən, Qarabağdakı separatçıların danışıqlarda tərəf kimi iştirak etməsi məsələsi qaldırılmışdı. Vaxtilə Rusiyanın danışıqlardakı vasitəçisi Vladimir Kazimirov da bu fikri dəstəkləyirdi, Bişkek protokolu imzalananda da bu məsələ qalxmışdı. Azərbaycan o vaxt da, indi də buna qəti şəkildə etiraz edib. Axı hamıya aydındır ki, müharibəni aparan Ermənistandır, onun arxasında dayanan isə Rusiyadır.

– Rusiyanın bölgəyə təsiri hansı səviyyədə qalacaq, Moskva status-kvonun dəyişməsində maraqlı olacaqmı?

–  Rusiyanın yaxın zamanlarda regionda status-kvonu dəyişməsi inandırıcı görünmür. Qafqaz siyasətinin konturlarından  aydın görünür ki, Moskva bütün vasitələrlə Qarabağ problemindən istifadə edərək həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərməyə, bölgədə təsirini saxlamağa, öz iradəsini diqtə etməyə çalışır. Azərbaycan buna müəyyən qədər müqavimət göstərə bilirsə, Ermənistan Moskvanın qarşısnda çox itaətkardır. Rusiyanın hərbi bazası Ermənistan üçün Domokl qılıncıdır.  Buna görə də Yerevandakı son olayları Rusiyanın iradəsindən kənar hadislər kimi təqdim etməyə çalışmaq doğru deyil. Rusiyanın regiona təsirinin dəyişməsinə gəldikdə isə, bu,  həm dünyada gedən qlobal hadisələrdən, həm də Rusiyanın iqtisadi vəziyyətindən asılı olacaqdır.

– Türkiyə Azərbaycanın təbii, strateji müttəfiqidir. Amma Azərbaycanla bağlı məsələlərdə fəal deyil. Bakı Ankaraya böyük meydan vermir, yoxsa, bu, Türkiyənin ehtiyatlı mövqeyinin göstəricisidir?

– Sizinlə razıyam, o mənada ki, Azərbaycanla bağlı Türkiyənin siyasətində müəyyən bir sükunət nəzərə çarpır. Düzdür, yaxşı iqtisadi əlaqələr, neft-qaz layihələri davam edir. Amma Qarabağ məsələsində addımlar bəyanatdan o tərəfə getmir. Hesab edirəm ki, Türkiyə Rusiya ilə nə qədər yaxınlaşırsa, onun üçün Azərbaycanın problemləri bir o qədər arxa planda qalır. Əlbəttə,  biz Türkiyə ilə strateji müttəfiqik, bizi biri-birimizə çox yaxın tellər bağlayır, amma  bununla yanaşı, böyük dövlətlərin böyük maraqları olur. Onlar yalnız özlərinə lazım olan anlarda başqa bir ölkəyə kömək edə bilirlər.  Fikrimcə, bu məsələdə Türkiyədən çox şey ummaq da olmur. Ankara xarici siyasətində, xüsusən, Rusiya ilə münasibətlərdə kəskin dönüş etdiyinə görə, Qərb ölkələri, Avropa Birliyi ilə ciddi problemlər yaşayır.  Belə bri şəraitdə görünür, Cənubi Qafqazda Türkiyə Rusiyanın maraqlarına qarşı çıxa bilmir.  Əvvəlki sərt yanaşması yoxdur. Düzünü desək, belə bir əlverişsiz şəraitdə Ankaranın Azərbaycanı aktiv müdafiə etməsinin böyük faydası olacağını da düşünmürəm. Həm də 90-cı illərdən fərqli olaraq, indi Türkiyə çox aydın şəkildə başa düşür ki, Qafqazda Rusiyanın geopolitik imkanları daha çoxdur. Ona görə, bu reallığı qəbul etməyə, onunla razılaşmağa məcburdur.

– Sonda Türkiyədə gedən proseslərdən nə gözləyirsiniz? Hakimiyyətin qalması və ya dəyişməsi, Azərbaycanla münasibətlərdə necə hiss oluna bilər?

– Əlbəttə, Türkiyədə indi çox çətin və maraqlı proseslər gedir, seçkiöncəsi ehtiraslar qızışır. Görünən odur ki, Ərdoğan bütün imkanlarını səfərbər edərək daha əzmlə seçki marafonuna qoşulub. Müxalifət də kifayət qədər düşünülmüş addımlar atır. Ərdoğana qarşı yaradılmış koalisiya, irəli sürülən namizədlər göstərir ki, çox kəskin mübarizə gedəcək. Aydındır ki, Ərdoğanın resursları daha çoxdur, TV-lərə ciddi nəzarət edilir, amma gözlənilməzliklər də tam mümkündür. Arfindəki qələbə havası keçib gedib, ölkədə iqtisadi vəziyyətin pisləşməsi tendensiyası özünü göstərir, türk lirəsinin dəyərsizləşməsi müəyyən təlaş yaradır, pullu adamların ölkədən çıxması, ölkəyə investisiyanın gəlməməsi də pis əlamətlərdir. Ona görə də seçkilərin ikinci turda davam etməsi ehtimalı var və belə olsa, müxalifət öz üstünlüyünü reallaşdıra bilər. Bir də çox aydın görünür ki, Türkiyə 10-15 il əvvəlki ölkə deyil, mənzərə bir qədər tündləşib, dialoq havası azalıb, indi hər seçki siyasi partiyalar arasında, eləcə də cəmiyyətlə hakimiyyət arasında çatların dərinləşməsinə səbəb olur. Türkiyədə demokratik ab-hava, o cümlədən söz və mətbuat azadlığının meydanı  getdikcə daralır, bu isə ölkə üçün çox ciddi təhlükələr deməkdir.

Elçin Rüstəmli



Oxşar Xəbərlər

Xəbər lenti