8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
19 il öncə yanvarın 3-də bir qrup jurnalist 3 gün əvvəl prezidentlik kürsüsündən könüllü istefa vermiş Boris Yeltsindən yaşadığı bağ evində müsahibə almaq istəyəndə KİV nümayəndələri qarşısına sabiq dövlət başçısının həyat yoldaşı çıxıb və gözlənilməyən "qonaq”ları bir cümlə ilə yola salıb: "Çox təəssüf ki, Boris Yeltsin hazırda sizin suallarınızı cavablandırmaq imkanında deyil...”.
Məsələdən agah olan jurnalistlər gözləməyin mənasız olduğunu anlayıblar. Çünki onlar sabiq prezidentin "40 dərəcə” təsiri altında olduğunu əvvəllər də müşahidə ediblər. Belə vəziyyətdə Yeltsinlə danışmaq həqiqətən də mənasız sayılıb. Bu da danılmaz faktdır ki, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsin xalq arasında populyarlığı ilə yanaşı, həyatındakı qeyri-adi olaylarla da yaddaşlarda iz buraxıb. Hətta dövlət başçısı olduğu dövrdə də prezident statusuna uyğun olmayan ağlasığmaz hərəkətləri ilə insanları təəcübləndirməyi bacarıb.
Qeyd edək ki, tarix boyu rusların "40 dərəcəlik” ehtirasının qarşısını heç nə ala bilməyib. Təkcə SSRİ-nin mövcudluğu dövründə beş dəfə, 1918, 1929, 1958, 1972 və 1985-ci illərdə dövlət səviyyəsində antialkoqol kampaniyaları keçirilsə də, bu tədbirlər kütləvi narazılıqlardan başqa heç bir nəticə verməyib. Maraqlı faktlardan biri odur ki, həmin tədbirlər ərəfəsində dövlət başçıları özləri də qədəhlərdən imtina edə bilməyiblər. Tarixdən Leninin, Stalinin, Xruşovun, Brejnevin içki məclisləri, spirt qoxusu verən süfrələri hamıya yaxşı məlumdur. Gecə yarıyadək uzanan məclislər, Kreml məmurlarının əyləncələri heç də az olmayıb. Rus arağından daha çox təsirlənən, sərxoş vəziyyətə düşüb özünü və ölkəsini xoşagəlməz vəziyyətə qoyan isə Boris Yeltsin olub.
Yeltsinin sərxoşluğu ilə bağlı ilk səsli-küylü hadisə 28 sentyabr 1989-cu ildə baş verib. Bu qeyri-adi hadisə kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilməklə yanaşı, həm də SSRİ Ali Sovetinin iclasında ictimai müzakirəyə çıxarılıb. Ali Sovetin fəaliyyəti tarixində ilk dəfə olaraq belə müzakirələr aparılıb.
Nə baş vermişdi? Boris Yeltsin bu dəfə hansı hadisə ilə ölkənin diqqət mərkəzində dayanmışdı?
Məhz həmin günü Boris Yeltsini körpüdən Moskva çayına atıblar. Hadisənin necə baş verməsi haqqında uzun illər müxtəlif versiyalar irəli sürülüb.
Yeltsinin öz söylədiyinə görə, seçicilərlə görüşdən sonra o dostunun bağına getmək istəyib. Xidməti avtomobilini buraxan Yeltsin piyada getmək qərarına gəlib. Bir az getdikdən sonra körpünün yaxınlığında "Jiqulu” markalı avtomobildən düşən bir neçə nəfər adam ona hücum edib, başına torba keçirərək Moskva çayına atıb. Lakin bu versiya hüquq-mühafizə orqanları tərəfindən qəbul olunmayıb.
Digər bir versiyaya görə isə seçicilərlə görüşdən sonra rus arağı ilə gərginliyini çıxaran Yeltsin yaxınlıqda yaşayan məşuqəsi ilə görüşə gedib. Həmişə olduğu kimi, bir ayıqla bir sərxoşun söhbətinin tutmaması bu görüşdə də özünü göstərib. Yeltsin əsəbi halda və sərxoş vəziyyətdə evdən çıxaraq ayılmaq üçün özünü çaya atıb. Uzun illər bu məsələ qaranlıq qalaraq müzakirələrə səbəb olub.
1931-ci ildə Uralda anadan olan Yeltsin məktəb illərində dərslərindən əla qiymətlər alsa da, dəcəlliyi ilə öz həmyaşıdlarından fərqlənib. İl boyu müəllimlərlə yola getməyən gələcək prezident davranışına görə yeddinci sinifdə oxuyarkən məktəbdən xaric olunub. Sonradan ağıllı olacağına söz verən məktəbli Boris yenidən təhsilini davam etdirib və orta məktəbi bütün fənlər üzrə əla qiymətlərlə bitirib.
Uşaqlıqda dəcəlliyinin ucbatından Yeltsin sol əlinin iki barmağını da itirib. Belə ki, həmyaşıdları ilə birgə hərbi anbarın ətrafından tapdıqları qumbara onun əlində partlayıb. Bu səbəbdən də Yeltsin hərbi xidmətə çağrılmayıb.
1955-ci ildə Ural Politexnik İnstitutunu bitirdikdən sonra Yeltsin bir sıra tikinti idarələrində çalışıb, əmək fəaliyyətində fərqlənən mütəxəssis kimi tanınıb və bunun nəticəsi olaraq cavan yaşlarından partiya işinə keçərək siyasi karyerasına başlayıb.
Boris Yeltsin kəskin çıxışları, bəyanatları ilə fərqlənən siyasətçi olub. Məhz bu kəskin çıxışlarına, 1987-ci ilin noyabrında Qorbaçovun siyasətini tənqid etdiyinə görə onu Moskva şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad ediblər.
Bunu haqsızlıq kimi qəbul edən Yeltsin dəftərxana qayçısı ilə özünə qəsd etmək istəyib.
1989-cu ildə yenidən siyasətə qayıdan Yeltsin 1991-ci ildə Rusiya Federasiyasının ilk prezidenti seçilib.
Boris Yeltsin prezidentlik dövründə bir çox qeyri-adi hadisələrlə yadda qalıb.
İlk dəfə Amerika Birləşmiş Ştatlarına səfərə gedərkən özünü saxlaya bilməyən Boris Yeltsin trapdan düşən kimi tualet əvəzinə təyyarənin arxasına keçərək özünü "rahatlayıb”. Təbii ki, onu qarşılamağa gələnlər bunu müşahidə ediblər. Yeltsin isə heç nə olmamış kimi əlini yumadan belə onlarla çox mehribancasına görüşüb.
Ziyafətlərdə Yeltsinin ən çox sevdiyi əyləncələrdən biri qaşıqları stola döycələyərək hansısa mahnının ritmini tutmaq olub. 1992-ci ildə Qırğızıstanda səfərdə olarkən Boris Yeltsin öz sevimli əyləncəsini Qırğızıstan prezidenti Əskər Akayevin başında sınayıb.
Yeltsin hədsiz dərəcədə spirtli içkilərin aludəçisi olb. Rusiya qoşunlarının Almaniyadan çıxarılması ilə bağlı bu ölkəyə səfəri zamanı Yeltsin o qədər sərxoş olub ki, hərbi orkestrin qarşısından drijoru kənara itəliyərək öz "məharətini” göstərib.
1995-ci ildə Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olarkən gecədən xeyli keçmiş sərxoş vəziyyətdə olan Yeltsin alt paltarında onun üçün ayrılmış iqamətgahdan çıxmaq istəyəndə mühafizəçilər prezidentin qarşısını kəsib. Sonradan məlum olub ki, Rusiya prezidenti pitsa almaq üçün çıxıb yolda taksi saxlatdırmaq fikrindəymiş.
1991-ci ildə Rusiyada prezidentinin Yeni il münasibətilə ənənəvi təbriki baş tutmayıb. Bu missiyanı həyata keçirməyi tanınmış satirik Mixail Zadornova həvalə ediblər. Satirik əvvəlcə məsələnin nə yerdə olduğunu anlamayıb. Ona başa salıblar ki, Yeltsin ciddi məşğuldur. Zadornov gülümsəyərək deyib: - Hə, indi anladım, "zapoy...”
Boris Yeltsin Krasnoyarskda olarkən vilayət rəhbərliyi onun istirahəti üçün Yenisey çayında teploxodla gəzinti təşkil edib. Dövlət başçısının vəziyyətinin "yaxşı” olduğunu görən prezidentin mətbuat katibi Vyaçeslav Kostikov zarafatla Yeltsinə "ilişməyə” başlayıb. Bundan hiddətlənən Yeltsin mühafizəçisinə əmr edib ki, mətbuat katibini çaya atsınlar. Əmr dərhal icra olunub.
1992-ci ildə Rusiya hökuməti ilə Moskva hökuməti işçilərinin arasında futbol turniri keçirilib. Yeltsin bu oyunda azarkeş qismində iştirak edib. Oyun başlanandan bir neçə dəqiqə sonra Rusiya hökuməti komandasının qapıçısı zədə alıb və oyunu davam etdirə bilməyib. Qapıçını əvəz etmək problemi yarananda Yeltsinin gözünə vaxtilə SSRİ yığmasının qapıçısı, tanınmış idman şərhçisi Vladimir Maslaçenko sataşıb. Yeltsin onun meydançaya çıxmasına göstəriş verəndə Maslaçenko etirazını bildirib:
- Boris Nikolayeviç, axı mən hökumətin strukturunda deyiləm.
Yeltsinin cavabı məsələyə son qoyub:
- Vladimir, mən səni bu gündən idman nazirinin müavini təyin edirəm.
Əlacsız qalan Masloçenko meydançaya çıxıb. Amma sonradan ona təklif olunan vəzifədən imtina edib. 1994-cü ildə Amerika səfərindən Rusiyaya qayıdarkən Boris Yeltsin içkinin təsirindən bir neçə saat təyyarədən çıxa bilməyib. Elə bu səbəbdən də İrlandiyanın baş naziri ilə əvvəlcədən planlaşdırılmış görüş vaxtında baş tutmayıb. Rəsmi qonaqlara isə izah olunub ki, mühafizəçilərin günahı ucbatından Yeltsini vaxtında yuxudan oyatmayıblar. Boris Yeltsin hədsiz dərəcədə idman həvəskarı olub. Azarkeşlik etdiyi komanda məğlub olanda hətta həkim müdaxiləsinə də ehtiyac yaranıb. Özü isə ən çox voleybol və tennis oyunlarına üstünlük verib. Sol əlində iki barmağının olmamasına baxmayaraq, Yeltsin voleybol üzrə idman ustası dərəcəsini alıb. 1999-cu ilin dekabrın 31-də günorta saatlarında Boris Yeltsin Yeni il münasibətilə rus xalqını təbrik etdikdən sonra prezidentlik müddəti başa çatmadan istefa verdiyini bəyan edib. Boris Yeltsin 2007-ci ildə 76 yaşında uzun sürən ürək xəstəliyindən vəfat edib. O, hərbi karaulun müşayiəti ilə Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub. Yeltsinin dəfn mərasimi televiziya vasitəsi ilə canlı yayımlanıb./musavat.com/