"Günah öləndə olur, söyməzdi, vurmazdım" - Müdirini öldürənə hökm oxundu

"Günah öləndə olur, söyməzdi, vurmazdım" - Müdirini öldürənə hökm oxundu

 


 

işlədiyi çörək sexinin müdirini öldürməkdə ittiham edilən gənc hakim qarşısına çıxarılıb. Onun qətli törətdikdən sonra Gəncəyə qaçdığı məlum olub.

 

Sozcu.info  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1996-ci il təvəllüdlü Cəfərov İsmayıl Vahid oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror İsmayıl Cəfərovun əməlinin məhkəmə istintaqında sübuta yetirildiyini bildirib. Dövlət ittihamçısı bu əməlinə görə İ.Cəfərovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun atası İ.Cəfərova daha ağır cəza verilməsini xahiş edib.

Prosesin davamında təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Vəkil bildirib ki, İ.Cəfərovun mərhumu qətlə yetirmək niyyəti olmayıb. Onun sözlərinə görə, cinayət hadisəsi mərhum Elmar Qasımovun işçisi İsmayıla qarşı kobud rəftarının nəticəsində baş verib.

Müdafiəçi İsmayıl Cəfərovun əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsinin nəzərə alınmasını xahiş edib. Vəkil məhkəmədən İ.Cəfərovun əməlinin Cinayət Məcəlləsinkn 120.1-ci (qəsdən adam ölürmə) maddəsindən 126.3.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ölümlə nəticələndikdə) maddəsinə tövsif edilməsini istəyib.

İ.Cəfərov son sözündə mərhumu öldürmək niyyətinin olmadığını deyib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mərhumun atası təqsirləndirilən şəxsin dəmir barmaqlıqlar arxasında əllərinin qandalsız olmasına narazılıq edib. Sonra tərəflər arasında mübahisə böyüyüb. İsmayıl qətlə yetirdiyi şəxsin atasına "oğlun da sənin kimi danışırdı" deyib.

Ardınca isə üzünü anasına tutaraq deyib: "Ay ana, narahat olma. Günah öləndə olur. Söyüş söyməzdi, vurmazdım".

Mərhumun atası isə ona cavab verib: "Söymüşdü, sən də onu söyərdin. Amma narahat olma, sən hələ içəridə çox söyüləcəksən".

İ.Cəfərov ən geci 14 il sonra azadlığa çıxacağını deyib. Məhkəmə nəzarətçiləri tərəfləri sakitləşdirib.

Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən İ.Cəfərov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, qətl hadisəsi Bakı şəhəri, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İsmayıl Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.

İsmayıl Cəfərov ifadəsində müdiri tərəfindən təzyiqlərə məruz qaldığını və işdə olarkən sıxışdırıldığını iddia edib.

O, elan olunmuş ittihamla özünü təqsirli bilib.

Qeyd edək ki, İsmayıl Cəfərov barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}