İran və İsrail arasında gərginlik yenidən alovlandı -Tərəflər qarşılıqlı hava hücumları həyata keçirdi


İran və İsrail arasında atəşkəsin pozulması və bölgədə hərbi fəallığın artması fonunda gərginlik yenidən kəskinləşib. Tərəflər bir-birinin hərbi obyektlərinə və strateji məntəqələrinə qarşı hava zərbələri endirib.

İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, İran Silahlı Qüvvələri qanuni özünümüdafiə hüququ çərçivəsində İsrailin şimalında yerləşən bir neçə hərbi hədəfi vurub. Rəsmi Tehran bu addımın İsrail tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulmasına, eləcə də Livan və İrana qarşı həyata keçirilən hücumlara cavab olaraq atıldığını qeyd edib.

Nazirliyin bəyanatında həmçinin ölkənin cənubunda İran gəmilərinə və obyektlərinə qarşı təşkil olunan hücumlarda İsrailin ABŞ-la əməkdaşlıq etdiyi iddia olunub. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə hücumların Ramat David aviabazasına ballistik raketlərlə həyata keçirildiyini açıqlayıb.

İsrail ordusu isə İranın ölkənin şimalına bir neçə dalğa şəklində təxminən 10 ballistik raket buraxdığını bildirib. Açıqlamada raketlərin hamısının hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi qeyd olunub.

Bu hadisədən sonra İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi bölgələrində yerləşən hərbi obyektlərə cavab zərbələri endirib. İsrail qüvvələri, həmçinin Xuzistan vilayətinin Mahşəhr şəhərindəki neft-kimya müəssisəsini də hədəfə alıb. İranın rəsmi IRNA agentliyinin məlumatına görə, hücum nəticəsinKarun” adlı zavod zərər görüb və müəssisənin əməkdaşları təxliyə olunub.

Hadisələrin ardınca İran İslam İnqilabı Keşikçiləri Korpusu “Nəsr” adlı hərbi əməliyyatın başladığını elan edib. Qurum İsrailin Tel Nof və Nevatim aviabazalarına raket zərbələri endirildiyini bildirib.

ABŞ Prezidenti Tramp tərəfləri danışıqlar masasına qayıtmağa çağırıb. O, bölgədə yeni gərginliyin yaranmasında İsrailin Beyruta qarşı hücumlarının rol oynadığını bildirib.

Tramp məsələ ilə bağlı açıqlamasında deyib: “Hər iki tərəf öz payına düşəni etdi. İsrail öz zərbəsini endirdi, İran da öz zərbəsini endirdi. Yeni zərbəyə ehtiyac yoxdur”.

İsrail Baş naziri Benyamin Netanyahunun ofis müşaviri Dmitri Gendelman isə İsrailin öz vətəndaşlarını qorumaq və onların təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək hüququnu saxladığını bildirib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlamışdı. Aprelin əvvəlində tərəflər iki həftəlik atəşkəs barədə razılığa gəlmiş, sonradan bu müddət sülh danışıqlarının aparılması məqsədilə ABŞ Prezidenti Donald Tramp tərəfindən qeyri-müəyyən müddətə uzadılmışdı.

Mayın sonunda İsrailin “Hizbullah”la mübarizə adı altında Livanda quru əməliyyatlarını genişləndirməsi Təh­ranın danışıqlar prosesindən çəkilməklə hədələməsinə səbəb olmuşdu. Bundan sonra Tramp Netanyahudan Beyruta qarşı hərbi əməliyyatları dayandırmağı tələb etmişdi.

Ağ Ev iyunun 3-də İsrail və Livanın atəşkəs elan etməyə hazır olduğunu bildirmişdi. Lakin iyunun 7-də İsrail ordusu Beyrutun cənub ətrafı olan Dahiyədə yerləşən “Hizbullah” obyektini vurub. Hücum nəticəsində iki nəfər həlak olub, 11 nəfər yaralanıb.

Arzuman Loğmanoğlu

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti