29-05-2026, 12:03
26-05-2026, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
Azərbaycanda iyunun 15-də rəsmi olaraq açılması gözlənilən çimərlik mövsümü bu il qeyri-adi hava şəraiti ilə üst-üstə düşür. Hazırda ölkədə küləkli və sərin hava müşahidə edilir. Hətta iyunun 7-də Şahdağa qar yağıb.
Bəs havaların qeyri-sabit keçməsi çimərliklərə axını azalda və qiymətlərə təsir göstərə bilərmi?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hava şəraiti dənizkənarı turizm və istirahət obyektlərinin fəaliyyətinə birbaşa təsir göstərən əsas amillərdən biridir:
“Havanın küləkli və soyuq keçməsi çimərlik turizmi mövsümünün gecikməsinə səbəb ola bilər. Bu isə həmin obyektlərin fəaliyyətinə mənfi təsir göstərir”.
İqtisadçı deyib ki, müştəri axını azaldığı halda bəzi sahibkarlar itkiləri qarşılamaq üçün xidmət qiymətlərini artıra bilərlər:
“Nəzərə almaq lazımdır ki, dənizkənarı istirahət məkanlarının bir çoxu icarə əsasında fəaliyyət göstərir və icarə ödənişləri vaxtla hesablanır. Yəni obyektlər işləmədiyi müddətdə də xərclər davam edir. Əvvəlki illərdə mayın ortalarından etibarən fəaliyyətə başlayan bir sıra obyektlərin bu il hələ də açılmaması onların müəyyən maliyyə itkiləri ilə üzləşdiyini göstərir. Qiymətlərə gəlincə, əgər müştəri axını gözləniləndən az olarsa, bəzi sahibkarlar itkilərini kompensasiya etmək məqsədilə xidmət haqlarını artırmağa çalışa bilərlər”.
Turizm eksperti Cabir Dövlətzadə isə söyləyib ki, mövcud hava şərtləri çimərliklərə olan marağı azaltmayacaq:
“İyun ayının başlanması və çimərlik mövsümünün bu dövrə təsadüf etməsi insanlarda daha müsbət əhval-ruhiyyə yaradır. Düzdür, aprel və may aylarında hava dəyişkən keçsə də, iyun ayından etibarən artıq mövsümə uyğun hava şəraitinin müşahidə olunacağı gözlənilir. Hazırda insanlar hava proqnozlarını əvvəlcədən izləyə bildikləri üçün çimərliyə getmək planlarını da buna uyğun qururlar. Bu baxımdan hesab edirəm ki, hava şəraiti insanların çimərliklərə üz tutmasına ciddi təsir göstərməyəcək”.
Ekspertin fikrincə, əsas məsələ təhlükəsizlik qaydalarına əməl olunmasıdır:
“İstər ictimai, istərsə də ödənişli çimərliklərdə vətəndaşlar yalnız təhlükəsizlik tədbirlərinin təmin olunduğu, xilasedicilərin növbə çəkdiyi ərazilərə üstünlük verməlidirlər. Çünki insan həyatı hər şeydən önəmlidir. Düşünürəm ki, bu mövsümdə də insanlar çimərlik istirahətindən normal şəkildə yararlana biləcəklər. Bunun üçün əsas şərt öz sağlamlıqlarına və təhlükəsizliklərinə diqqət yetirmələridir”.