"Şöbə müdirləri məni çağırıb dedi ki, Oqtay Əsədov..." - MM-in sektor müdiri spikerin qanunsuzluğundan nələr yazdı? + Şikayət /Sənədlər

"Şöbə müdirləri məni çağırıb dedi ki, Oqtay Əsədov..."

 

Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin sektor müdiri, YAP-ın veteran üzvü, YAP Səbail rayon ilk ərazi partiya təşkilatının idarə heyətinin üzvü, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 82, mənzil 9-da yaşayan Rahim Axundov Prezident İlham Əliyevə növbəti dədə şikayət məktubu ilə müraciət edib.

Bu barədə Mia.az-a açıqlama verən Rahim Axundovun sözlərinə görə, o, parlamentdəki işindən təhdid və təzyiqlə vəzifəsindən uzaqlaşdırılıb:

"Cənab Prezident, Milli Məclisdə tutduğum vəzifədən kənarlaşdırılmaq istiqamətində mənə olan təzyiqlər və təhdidlər Əmək Məcəlləsinin 69.7 maddəsinin tələblərinə daban-dabana zidd idi. Amma hələ də ədalət yerini tapmayıb.

2018-ci il noyabrın 26-da Astanadan səfərdən qayıdan kimi, Milli Məclisin Kadrlar şöbəsinin müdiri İlqar Fərzəliyev və Beynəlxalq münasibətlər şöbəsinin müdiri Rəşid İbrahimov dedi ki, Milli Məclisin sədri cənab Oqtay Əsədovun tapşırığına görə, mən dərhal ərizə yazıb, sorğusuz-sualsız Milli Məclisdə tutduğum vəzifədən çıxmalıyam.

Nə qədər soruşsam da, heç bir səbəb göstərmədilər. Bu da Dövlət qulluğu haqqında qanunun və ən əsası Əmək Məcəlləsinin tələblərinə tamamilə ziddir. Çünki dövlət qulluqçunun vəzifədən azad olunması üçün qanunvericilikdə əsaslar müəyyənləşdirilib. Milli Məclis kiminsə şəxsi ofisi və ya biznesi deyil, dövlət hakimiyyətinin ali qanunverici orqanıdır. Ona görə mən bu qanunsuz tələbə etiraz etdim. Dedim ki, mənə hörmət etmirsizsə, etməyin, amma dövlətin qanunlarına hörmət edin, qanunlarda Prezident cənab İlham Əliyevin imzasına hörmət edin. Kim sizə haqq verib ki, bu cür hərəkət etməyə? Mən də bu dövlətin vətəndaşıyam və qanunçuluğun tətbiqini, ədalətin icrasını tələb edirəm".

Keçmiş sektor müdiri bildirir ki, haqqındakı işdən azad olunma ilə bağlı qanunsuz əmrdən ə 2 saylı İnzibati-İqtisad Məhkəməsinə şikayət edib, iş orada icraata götürülüb:

"2019-cu il noyabrın 28-də Hakim Zaur Tağıyevin sədrliyi ilə birinci məhkəmə iclası keçirildi, məhkəmə araşdırması başlandı. Milli Məclisə sorğu göndərildi. Məhkəmə-hüquq islahatlarına görə, iş Bakı inzibati məhkəməsində hakim Miminat Hacıbəyovun icraatına verildi. Amma Miminat Hacıbəyova vaxtın ötürülməsini bəhanə gətirərək məhkəmə baxışını mümkünsüz hesab etdi. Bu necə ola bilər ay Miminat Hacıbəyova? 2-saylı İnzinati-İqtisad Məhkəməsində hakim Zaur Tağıyev işə baxmağı mümkün saydı, amma Miminat isə mümkünsüz saydı. Buna Məhkəmə Hüquq Şurası münasibət bildirəcək. Müddətin ötürülməsi əsas ola bilməz. Çünki Milli Məclisdən 2019-cu ilin sentyabrında rəsmi olaraq poçt vasitəsilə sərəncamın surətini alandan sonra oktyabr ayında məhkəməyə müraciət etdim.

İşdən çıxmaqla bağlı növbəti qanunsuzluq Milli Məclis rəhbərliyinin mənə etdiyi təzyiqlər oldu. Bu da Əmək Məcəlləsinin 69.7 maddəsinin tələblərinə tamamilə ziddir. Ali qanunverici orqan olan Milli Məclis belə hərəkətlərə yol verirsə, qanunun aliliyi prinsipi təhdidə məruz qalır və hakim iqtidar partiyasının, xüsusilə onu Sədri, Prezident cənab İlham Əliyevin yürütdüyü siyasətə daban-dabana ziddir.

Məhkəmədə Milli Məclisin hüquqşünası, sektor müdiri Şahin Xanbaba oğlu Quliyev iddia etdi ki, mənə edilmiş təzyiq barədə əsaslı sübutlar yoxdur. Mən də onun diqqətinə çatdırdım ki, hələ ərizə yazmamış 3 dekabr 2018-ci il tarixində Milli Məclisin sektor müdiri kimi mən Prezident cənab İlham Əliyevə məktubla rəsmi müraciət etdim və Milli Məclis rəhbərliyinin mənə təzyiqləri və təhdidləri barədə yazdım. Bu sübut deyilmi? Belə ki, şikayət məktubum Prezident Administrasiyasından 21/3415 nömrəli, 06.12.2018 tarixli məktubla Milli Məclisə göndərilmişdir. Onda sual olunur? Xidməti araşdırma niyə aparılmadı, yazılı izahatlar niyə alınmadı? Niyə Milli Məclis rəhbərliyi məni çağırıb demədi ki, bu nə məktubdur yazmısan cənab Prezidentə? Kim sənə təzyiq edir? və s".

Şikayətçi təzyiqlərlə bağlı Prezidentə ünvanladığı 3 dekabr 2018-ci il tarixli məktubu, onun poçt xəbərnaməsini təsdiq kimi də sayta təqdim edib.

O vaxtkı həmin məktubu da olduğu kimi təqdim edirik:

RAHİM AXUNDOV

                                                                                                 ****

"Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizin rəhbəriyiniz altında respublikamızda tətbiq edilən dövlətçilik prinsiplərinə sadiq qalan və Sizin yürütdüyünüz uğurlu daxili və uğurlu xarici siyasətlə fəxr edən bir dövlət qulluqçusu kimi, bu günə qədər mən Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsində sektor müdiri kimi çalışıram. Dövlət qulluğunda 20 ildən artıq iş stajına malikəm. Son prezident seçkilərində və parlamentin 100 illiyi ilə əlaqədar keçirilmiş tədbirlərdə fəal iştirakıma görə şəxsi işimə təşəkkür elan edilmişdir. Dövlət qulluğunda olduğum müddətdə hər zaman Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində öz vəzifə səlahiyyətlərimi yerinə yetirmişəm.

Lakin 2018-ci il 24-26 noyabr tarixlərində Qazaxıstanda ezamiyyətdə ikən noyabrın 26-da Milli Məclis Aparatında məni axtarmağa başlayıblar. 27 noyabrda günün birinci yarısında məndən Milli Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri cənab İlqar Fərzəliyevin xidməti iş otağına qalxmağım tələb edildi. Bu zaman içəri daxil olarkən cənab İ.Fərzəliyevin yanında Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri cənab Rəşid İbrahimovun da olduğunu gördüm. Mənə bildirdilər ki, Milli Məclisin rəhbərliyinin göstərişi və tələbi ilə mən tutduğum vəzifədən könüllü getməyim barədə ərizə yazmalıyam. Heç bir səbəb göstərilmədən məni belə bir ərizə yazmağa məcbur etməyə başladılar və əks təqdirdə xüsusi maddə ilə işdən azad olunacağımla təhdid etdilər. Bəlkə də, cənab Oqtay Əsədovun bu məsələdən heç xəbəri yoxdur. Milli Məclis Aparatının rəhbəri cənab Səfa Mirzəyevin xidməti iş otağına gedərək bu formada işdən getməyimin tələb edilməsinin səbəbini soruşdum. Səfa müəllim səbəbini bilmədiyini söylədi. Lakin mənim tələblərə cavab verən dövlət qulluqçusu olduğumu da dilə gətirdi və məndən razı qaldığını ifadə etdi. Mat vəziyyətində qaldım. Milli Məclis Azərbaycan dövlət hakimiyyətinin 3 qollarından biri olmaqla ali qanunvericilik hakimiyyətini həyata keçirir. Lakin Ali Qanunverici orqanda Azərbaycan Respublikasının Konstitusiyasından və qüvvədə olan digər qanunvericilk aktlarından, xüsusilə də Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan kənar hərəkətlər heç bir məntiqə sığmır, ali qanunverici orqanının statusuna və imicinə uyğun gəlmir. Milli Məclis qanunun aliliyi prinsipinə sadiq qalıb digər dövlət qurumlarına nümunə olmalı olduğu halda, belə bir qanunazidd tələblə işçini tutduğu vəzifədən azad etməyə çalışması dövlətçilik və qanunçuluq prinsiplərinə tamamilə ziddir, vətəndaş-dövlət münasibətlərinin gərginləşməsinə səbəb olmaqla, milli təhlükəsizlik konsepsiyasına ciddi zərbə vurur.

Möhtərəm Prezident, mən Sizə güvənirəm. Çünki Siz hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verən dövlətimizin başçısısıniz.

Azərbaycan Respublikasının Prezidenti olaraq Siz Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edirsiniz. Azərbaycan

Respublikasının Prezidenti olaraq Siz Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısısınz.

20 ildən artıq bir müddətdə Ümummilli lider Heydər Əliyevə, onun davamçısı Prezident cənab İlham Əliyevə, dövlətə, dövlətçiliyə sadiq qaldığım, Yeni Azərbaycan Partiyasının veteran üzvü və ilk ərazi partiya təşkilatının idarə heyətinin üzvü olduğum halda, bu cür qanunazidd hərəkətlər mənim haqlı hiddətimə səbəb olmuşdur.

Vətəndaşların dövlət qulluğuna qəbul edilməsi və dövlət qulluğunda tutduğu vəzifədən azad edilməsi dövlət qulluğu haqqında qanunla və qüvvədə olan digər qanunverici aktlar ilə tənzimləndiyi halda, Milli Məclis rəhbərliyi isə mənə deyir ki, könüllü ərizə yazıb işdən çıxın.

Dövlət qulluğu haqqında qanunun 25-ci maddəsinin tələblərinə görə, Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində intizam tənbeh tədbirlərindən biri, o cümlədən dövlət qulluğundan azad edilmə tətbiq edilə bilər. Mən isə heç bir tələbi pozmadığım halda məni öz ərizəm ilə işdən azad etmək istəyirlər. 25.3 maddəsinin müddəalarına müvafiq olaraq bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Mənə münasibətdə bunların heç biri aparılmamışdır. Çünki heç bir qanunazidd hərəkət etməmişəm.

Eyni zamanda Dövlət qulluğu haqqında qanunun 20.3 maddəsinin tələblərinə görə, dövlət qulluqçusu bu qanunun 20-ci maddəsinin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir.

Yuxarıdakıları nəzərə alaraq, möhtərəm cənab Prezident, ədalətin bərpası naminə Milli Məclis Aparatında xidməti araşdırma aparılması barədə göstəriş verməyinizi, qüvvədə olan Azərbaycan Respublikası qanunlarının tətbiqində Milli Məclis Aparatında mövcud nöqsanların aradan qaldırılması və mənə olunan bu təzyiq və təhdidlərin dayandırılması, sağlam iş mühitində çalışmağımın təmin olunması barədə göstəriş verməyinizi xahiş edirəm".

Məsələyə MM-dən münasibət öyrənmək mümkün olmadı.


img


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}