“Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”

Mərkəzdə yalnız tibbi müdaxilə deyil, eyni zamanda elmi əsaslı psixoterapiya metodları geniş tətbiq edilir. Buraya Koqnitiv-davranış terapiya (CBT) – asılılıq davranışının dəyişdirilməsi, Motivasional müsahibə (Motivational Interviewing) – daxili motivasiyanın gücləndirilməsi,qrup terapiyaları və ailə terapiyası aiddir. Reabilitasiya və sosial reinteqrasiya proqramlarının əsas məqsədi şəxsin cəmiyyətə geri qaytarılmasıdır. Buraya sosial adaptasiya proqramları, ailə ilə reinteqrasiya aiddir.

Narkotik asılılıqdan əziyyət çəkənlərin sağalma müddəti nə qədərdir? Ümumi götürsək, sağalma faizi neçədir?

- İlk öncə qeyd edilməlidir ki, maddə asılılığında “dəqiq sağalma müddəti” və “sabit sağalma faizi” universal şəkildə verilə bilmir, çünki bu xəstəlik xroniki, residivləşən və çoxfaktorlu xarakter daşıyır. Asılılığın müalicəsində “sağalma” anlayışı adətən tam və birdəfəlik müalicə kimi yox, uzunmüddətli remissiya kimi qiymətləndirilir. Beynəlxalq və regional statistikaya görə, asılılıq üzrə “tam sağalma faizi” deyil, remissiya və relaps göstəriciləri əsas götürülür. Müalicədən sonra ilk dövrlərdə yenidən istifadəyə qayıtma riski mövcud olsa da, müasir müalicə və reabilitasiya proqramlarında mütəmadi iştirak edən şəxslərdə uzunmüddətli sabit remissiya əldə etmək mümkündür. Təcrübə göstərir ki, davamlı tibbi və psixososial dəstək nəticələrin əhəmiyyətli dərəcədə yaxşılaşmasına kömək edir. Müalicə proqramlarında iştirak edənlərdə nəticələr 3–4 dəfə daha yüksək remissiya ehtimalı ilə müşahidə olunur.

- Bölgələrdə narkoloji xəstəxana və dispanserlərin vəziyyəti qənaətbəxsdirmi? Bir müddət əvvəl ixtisaslı həkim çatışmazlığı ilə bağlı problemlər var idi, hazırda bu aradan qalxıbmı?

- Regionlarda narkoloji xidmətlərin təşkili və inkişafı dövlətin səhiyyə siyasətinin mühüm istiqamətlərindən biridir. Bölgələrdə fəaliyyət göstərən narkoloji xəstəxana və dispanserlərin vəziyyətini ümumilikdə qənaətbəxş hesab etmək olar. Bəzi regionlarda əlavə təkmilləşdirmə və modernləşdirmə ehtiyacı mövcuddur. Lakin ümumi mənzərəyə baxdıqda, narkoloji xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb və vətəndaşların bu xidmətlərə çıxışı təmin olunur.

Kadr təminatı məsələsi təkcə narkoloji xidmətlərin deyil, ümumilikdə səhiyyə sisteminin qarşısında duran vacib məsələlərdən biridir. Etiraf etməliyik ki, son illərdə bu istiqamətdə mühüm addımlar atılır.

- Son vaxtlar özəl narkoloji reabilitasiya müəssisələri çoxalıb və onlardan tez-tez şikayətlərə rast gəlirik. Hətta ölüm hallarına da təsadüf olunur. Belə mərkəzlərin çoxalması sizin işinizi asanlaşdırır, yoxsa sonda oradan da ağır vəziyyətdə sizin mərkəzə müalicəyə gəlirlər?

- Asılılıq ilə bağlı reabilitasiya mərkəzlərinin fəaliyyəti dünyanın inkişaf etmiş ölkələrində asılılıqla mübarizə sisteminin mühüm tərkib hissəsidir. Yəni söhbət reabilitasiya müəssisələrinin mövcud olub-olmamasından deyil, onların hansı standartlarla fəaliyyət göstərməsindən gedir. Bu baxımdan, ölkəmizdə də belə mərkəzlərin fəaliyyət göstərməsi təbii və zəruridir. Lakin onların fəaliyyəti elmi əsaslara, peşəkar kadrlara və beynəlxalq standartlara söykənməlidir.



Oxşar Xəbərlər

Xəbər lenti