SƏFƏR MEHDİYEV VƏZİFƏSİNİ İTİRƏ BİLƏR

SƏFƏR MEHDİYEV VƏZİFƏSİNİ İTİRƏ BİLƏR

 

Yolu azı bir dəfə gömrükdən düşən hər bir şəxsə gömrükçülərin hansı oyunlardan çıxdıqları ən incə detallarınadək bəllidir

Təxminən, bir ildən artıqdır ki, adı müxtəlif xoşagəlməz məqamlarda, neqativ olaylarda hallanan qurumlardan biri və bəlkə də elə birincisi məhz Dövlət Gömrük Komitəsidir. Bunu sübuta yetirmək o qədər də çətin məsələ deyil. Belə ki, əgər son günlər adıçəkilən qurumla bağlı bir sıra media orqanlarında yayımlanan ilginc məlumatlarla tanış olsanız, o zaman görərsiniz ki, Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinatından sonra DGK-da hələ sabiq sədr Aydın Əliyevin zamanında mövcud olan problemlər, vətəndaşların ciddi narazılığına yol açan əyrintilər nəinki öz həllini tapmayıb, əksinə onların sırasına yeniləri də əlavə olunub. Elə buna görə də Səfər Mehdiyevin DGK sədri kimi fəaliyyətinin arzuolunan səviyyədə olmadığını demək mümkündür.

Dövlət Gömrük Komitəsinin rəsmiləri qurum haqda mətbuatda yayımlanan tənqidi materialları nə qədər təkzib etməsə çalıssalar da...

Düzdür, mətbuatda Dövlət Gömrük Komitəsi ilə bağlı vətəndaşların şikayətləri əsasında hazırlanmış, konkret faktlara əsaslanan yazılardan sonra adıçəkilən qurumun yetkili şəxsləri DGK-ya yaxınlığı ilə seçilən sayt, xəbər portalları vasitəsiylə dərhal bəsit və standart cümlələrlə deyilənləri təkzib etməyə çalışırlar. Lakin Dövlət Gömrük Komitəsinin bununla bağlı yaydığı informasiya heç də hər zaman inandırıcı görünmür. Çünki məşhur atalar sözündə də deyildiyi kimi, görünən dağa bələdçi lazım deyil. Odur ki, yolu azı bir dəfə gömrük keçid məntəqələrindən düşən, yəni ölkəyə bu və digər məhsul idxal, ya da ixrac edən, əsasən də Azərbaycana avtomobil gətirən şəxsə Səfər Mehdiyevin tabeçiliyində çalışan gömrükçülərin hansı oyunlardan çıxdıqları, onların sadə vətəndaşlara, o cümlədən kiçik və orta sahibkarlara, hətta bəzən daha iri iş adamlarına qarşı sərgilədikləri münasibət, bir sözlə gömrükdə yaşanan arzuolunmaz mənzərə ən incə detallarınadək bəllidir. Məhz elə buna görədir ki, Dövlət Gömrük Komitəsinin rəsmiləri qurum haqda mətbuatda yayımlanan tənqidi materialları nə qədər təkzib etməsə çalıssalar da, onların fikirləri konkret faktlar qarşısında olduqca cılız görünür.

Səfər Mehdiyevin tabeçiliyində çalışan gömrükçülər iş adamını intihara vadar edib

Beləliklə, deyilənlərə misal olaraq bugünlərdə Bakı Baş Gömrük İdarəsinin qarşısında yaşanan insidenti göstərə bilərik. Bir neçə gün əvvəl sfera.az-a daxil olan məlumatda qeyd olunur ki, 50 min manat rüsum ödəməsinə baxmayaraq, bir aydır ki, malını təhvil ala bilməyən iş adamı, "Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadənin bütün etirazları qulaqardına vurulub. Odur ki, nə rüsumunu ödədiyi malı, nə də rüsum olaraq ödədiyi 50 min manat pulunu geri ala bilən Mədət Quluzadə son çarəni özünü yandırmaqda görüb. Xoşbəxtlikdən iş adamı bu qorxunc istəyini gerçəkləşdirmək istədikdə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları və ərazidəki digər sahibkarlar ona mane olmağa, intiharçını idarənin binasına salmaqla faciəli sonluğun qarşısını almağa nail olublar. Yayılan xəbərdə deyilir ki, hadisədən xəbər tutan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dərhal hadisə yerinə gedib. Burada hüquqları pozulmuş sahibkarların təzyiqi ilə qarşılaşan komitə sədri onları inandırmağa çalışıb ki, bir daha bu kimi hallar təkrarlanmayacaq. Həmçinin, DGK sədri idarənin qarşısına toplaşanlardan baş vermiş olayın ictimailəşməməsini də xahiş edib. O da bildirilir ki, baş vermiş hadisəyə görə 16 əməkdaş gömrük orqanlarından xaric edilib.

Dövlət Gömrük Komitəsi günahı özündə yox, intihara vadar etdiyi iş adamında görür

Onu da nəzərinizə çatdıraq ki, "Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə lent.az-a verdiyi açıqlamasında intihara cəhdinin səbəblərinə toxunub. Onun sözlərinə görə, İran İslam Respublikasından onun ünvanına gələn mallar - 3 maşın üzlük plitələri müəmmalı şəkildə yoxa çıxıb: "Mənə məxsus malları mənimsəyiblər. Bu faktdır. Mənimsəmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı da var. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu işə baxandan sonra qərardad qəbul edib və orada göstərilib ki, Dövlət Gömrük Komitəsi Astara Gömrük İdarəsindən 39 697 manat təzminat alınaraq "Ulduz-Elektron” MMC-yə ödənilsin. Bütün məhkəmə instansiyaları mənim xeyrimə qərar çıxarıb. İş icraya yönəldilib. Lakin Dövlət Gömrük Komitəsi təzminatı ödəmir. Onlar istəyir ki, təzminatdan imtina edim. Məni buna məcbur etmək niyyətindədirlər. Mən isə imtina etməyəcəyəm və hər gecikən günə görə əlavə təzminat tələb edirəm". "Ulduz-Elektron” MMC-nin direktoru bildirib ki, o təzminatdan imtina etmədiyi üçün hazırda gətirdiyi yüklər də gömrük nəzarətindən buraxılmır: "Mən Bakı Baş Gömrük İdarəsinə getdim ki, mallarımı götürüm. Artıq neçə dəfədir ki, gətirdiyim yüklərimi saxlayırlar, başqa çıxış yolum qalmadığı üçün intihara cəhd etdim. Bu gün də mənə yalan vəd verib sakitləşdirdilər. Guya problem həllini tapacaq. Mənə aid bütün mallara plomb vurub saxlayırlar. Bu işdən əl çəkən deyiləm". Məsələnin maraqlı tərəfi isə ondadır ki, bu qədər həngamənin qarşısında Dövlət Gömrük Komitəsinin mətbuat xidməti sahibkarın dediklərinin həqiqəti əks etdirmədiyini iddia edir. Yəni bu, o deməkdir ki, DGK günahı özündə yox, məhz intihara vadar etdiyi iş adamında görür...

Milliyyətcə erməni olan Nalbandyanın şirkətinin məhsulları Azərbaycanda "at oynadır"

Hələ bu, harasıdır. Kütləvi informasiya vasitələrində yer alan məlumatlarda o da deyilir ki, Dövlət Gömrük Komitəsinin əməkdaşlarının ayıq-sayıq olmaması, kim bilir, bəlkə də nəyinsə müqabilində görməzdən gəlmələri nəticəsində milliyyətcə erməni olan Gevorq Nalbandyanın "GN Tobacco Sweden” adlı şirkətinin məhsulları Azərbaycana idxal edilib. Bu barədə ARB TV-nin araşdırmaları nəticəsində məlum olub ki, tütün məhsullarının satışı ilə məşğul olan hər obyektdə "GN Tobacco Sweden” brendi altında istehsal olunan məhsullara - "Siberia”, "White Fox” və "Odens” kimi markalara rast gəlmək olar. O da qeyd olunur ki, tütün biznesi Gevorq Nalbandyana və ailəsinə 1937-ci ildən qalıb. Və o, əldə etdiyi gəlirdən Qarabağdakı separatçılara maddi yardım göstərir. Bununla bağlı açıqlama verən İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyevin sözlərinə görə, Gevorq Nalbandyan İsveçdə aktiv olan erməni lobbisinin fəal üzvlərindən biridir. Bax, məhz bu məqamda ortaya olduqca vacib və mütləq cavablandırılmalı olan suallar çıxır: Səfər Mehdiyev, erməni malları Azərbaycan bazarına necə yol tapır? Həmin məhsullar ölkə ərazisinə necə, hansı yolla və kimlərin vasitəsiylə idxal olunur? Əgər Dövlət Gömrük Komitəsinin bu məsələdən xəbəri yoxdursa, o zaman bu qurum nəyə və kimə nəzarət edir? Tutaq ki, həqiqətən də DGK bundan məlumatsızdır, onda belə çıxır ki, erməni məhsulları Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının məsuliyyətsizliyi, biganəliyi nəticəsində və yaxud başqa səbəblərdən Azərbaycana ayaq açıb. Eləmi? Ümid etmək istərdik ki, Dövlət Gömrük Komitəsinin, o cümlədən Dövlət Sərhəd Xidmətinin yetkili şəxsləri deyil, məhz DGK və DSX sədrləri özləri bu sualları tez bir zamanda cavablandıracaqlar.

Ölənin müvafiq qurumları hara baxır ki, bu qədər erməni şirkəti Azərbaycanda açıq-aşkar şəkildə fəaliyyətdədir?

Yeri gəlmişkən, təəssüf hissilə də olsa, qeyd etməliyik ki, bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin bir çoxunun başında ermənilər durur. Bununla bağlı azpolitika.info-da yer alan informasiyaya görə, rəhbəri erməni olan və Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri "Yandex taxi”dir. Bildiyimiz kimi, 2017-ci ilin iyul ayında "Yandex” və "Uber” xidmətləri Rusiya və MDB ölkələrində biznesin birləşdirilməsi barədə saziş imzalayıblar. Müqaviləyə əsasən birləşmiş şirkətdə "Yandex” 59,3 faiz paya malikdir. Bu həm də o deməkdir ki, Azərbaycanda "Uber” adı ilə fəaliyyət göstərən taksilərin qazandığı pulun yarıdan çoxu erməni əsilli Tiqran Xudaverdyanın rəhbərlik etdiyi "Yandex taxi” şirkətinin kassasına daxil olur. Nəzərinizə çatdıraq ki, Tiqran Xudaverdyan 28 dekabr 1981-ci ildə İrəvanda anadan olub. 2004-cü ildə Moskva Dövlət Universitetinin fizika fakültəsindən məzun olub. 2006-cı ildən "Yandex” şirkətində çalışmağa başlayıb. 2014-cü ildən "Yandex taxi” şirkətinə rəhbərlik edir. Bu ilin may ayında "Yandex” şirkətinin Direktorlar Şurasına üzv olub və şirkətin əsas səhmdarlarından birinə çevrilib.

Qeyd edək ki, rəhbəri erməni olan və Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən biri də "Sputnik” xəbər agentliyidir. Bu agentlik Rusiyanın və eləcə də dünyanın ən böyük media şirkətlərindən biri hesab olunur. Xəbər agentliyinin başında isə erməni əsilli Marqarita Simonyan dayanır. Marqarita Simonyan 6 aprel 1980-ci ildə Rusiyanın Krasnodar vilayətində erməni ailəsində dünyaya gəlib. Kuban Dövlət Universitetində və ABŞ -da jurnalistika təhsili alıb. 2005-ci ildən "Russia Today” telekanalına baş redaktorluq edir. 2014-cü ildət etibarən isə "Sputnik” xəbər agentliyinin baş redaktoru təyin olunub. Erməni əsilli Marqarita Simonyan dəfələrlə Rusiyanın yüksək dövlət mükafatları ilə təltif olunub. Marqarita Simonyan erməni əsilli kinorejisor və aktyor Tiqran Keosayan ilə evlidir.

Rəhbərlərindən biri erməni olan və ölkəmizdə böyük biznes fəaliyyəti gösrərən şirkətlərdən biri də Rusiyanın nəhəng neft şirkətlərindən olan "RussNeft”dir. Bu şirkət Azərbaycanın quruda yerləşən neft yataqlarının böyük əksəriyyətini istismar edir. Hazırda quruda yerləşən neft yataqları üzrə 12 saziş imzalanıb. Bu sazişlərin bəziləri "RussNeft”ə bağlı olan şirkətlərlə – "UQE Lanser PTİ. LTD”, AZEN, "Qlobal Energy Azərbaycan”, "Neftçala İnvestments LTD” ilə bağlanıb. Bu şirkətlər hazırda Azərbaycanın ən böyük quru neft yataqlarında 75-85% paya sahibdirlər. Həmin quru neft yataqları arasında "Balaxanı-Sabunçu-Ramana”, "Kürdəxanı”, "Binəqədi”, "Qırməki”, "Çaxnaqlar”, "Sulutəpə”, "Masazır”, "Fatmayı”, "Şabandağ”, "Sianşor”, "Kürovdağ”, "Mişovdaq”, "Kəlaməddin”, "Neftçala”, "Xıllı”, "Dürovdağ-Babazanan” kimi fəaliyyətdə olan yataqlar yer almaqdadır. Azərbaycanda böyük layihələrə imza atan "RussNeft” şirkəti erməni əsilli maliyyə mütəxəssisi, "Safmar” şirkətinin baş direktoru Avet Mirakyanı Direktorlar Şurasına daxil edib. Avet Mirakyan 23 may 1974-cü ildə İrəvanda anadan olub. O, 1996-cı ildə İrəvan Dövlət Universitetinin məzunudur və bir müddət Ermənistan Mərkəzi Bankında çalışıb. Daha sonra Rusiyada müxtəlif banklarda, eyni "Artur Anderson” və "Ernst and Young” kimi audit şirkətlərində işləyib. 2007-ci ildə Qutseriyevə məxsus "Binbank”a vitse-prezident təyin olunub. 2016-cı ildə isə Qutseriyevin "Safmar”ın şirkətinin baş direktoru olub. Hazırda Mirakyan erməni millətindən olan şəxslərlə olduqca sıx münasibətləri malikdir. Bunu "RussNeft”in Direktorlar Şurasının yeni üzvünün "Facebook” sosial şəbəkə hesabından açıq şəkildə görmək mümkündür. Maraqlıdır, görəsən ölənin müvafiq qurumları hara baxır ki, bu qədər erməni şirkəti Azərbaycanda açıq-aşkar şəkildə fəaliyyətdədir?!

Səfər Mehdiyev gömrükdəki narazılıqlarla bağlı qəbula yazılanlarla görüşməkdən imtina edib

Konkret olaraq Dövlət Gömrük Komitəsi ilə bağlı məsələyə gəlincə, onu da vurğulamaq lazımdır ki, əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan, adıçəkilən qurumdakı ən mühüm və gəlirli postları məhz həmyerlilərinə həvalə edən Səfər Mehdiyevin bu ilin avqust ayının 30-da Masallı, Lənkəran, Yardımlı və Lerik rayonlarından olan vətəndaşları, eləcə də bu bölgələrdə məskunlaşan məcburi köçkünlərlə görüşü zamanı xoşagəlməz olay yaşanıb. Belə ki, sözügedən görüşdə iştirak etmək üçün qəbula yazılan vətəndaşlardan bəzilərinin demokrat.az-a ünvanladıqları şikayətdə qeyd olunur ki, qəbulda onların gömrük problemləri ilə bağlı müraciətlərinin dinlənilməsi nəzərdə tutulsa da, Dövlət Gömrük Komitəsinin sədri onları qəbul etməkdən imtina edib: "Səfər Mehdiyev avqustun 30-da Masallıda qəbul keçirəndə onlarla vətəndaş ora getmişdi. Gedənlərin əksəriyyəti işlə bağlı müraciət etmişdilər. Qapıda bizdən soruşdular ki, siz nə üçün gəlmisiniz? Biz də işlə bağlı qəbula yazıldığımızı söylədik. Dərhal bizi oradan kənarlaşdırdılar, içəri buraxmadılar. Səfər Mehdiyevin qəbuluna girənlərin hamısı ya sahibkarlar idi, ya da özlərini sahibkar kimi təqdim edib onunla görüşürdülər. Gömrükdəki narazılıqlarla bağlı qəbula yazılanların heç birini Səfər Mehdiyevlə görüşməyə imkan vermədilər. Təqribən 30-a yaxın insan kor-peşiman geri qayıtdı. Səfər Mehdiyevi isə arxa qapıdan çıxardılar. Camaat ona sözünü deyə bilmədi".

DGK sədri gömrük sistemində ciddi islahatlar aparmalı, qurumu həmyerlilərinin - Nehrəmlilərin nəzarətindən çıxarmalıdır

Bu arada, bir məqamı da nəzərinizə çatdıraq ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bir neçə gün öncə Real TV-yə müsahibəsində bildirib ki, son dövrlərdə gömrükdəki bəzi neqativ halları ictimailəşdirməklə, hətta sosial şəbəkələrdə adıməkilən quruma təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edirlər. "Amma onlar bizi ruhlandırır" deyən DGK sədri onu da qeyd edib ki, əgər hər hansı gömrük məmuru ilə bağlı xoşagəlməz hadisə və yaxud rüşvət, korrupsiya ilə bağlı iddiası varsa, buyurub məhkəmələrə müraciət edə bilərlər: "Biz də onlara tam dəstək verəcəyik. Bizim işimiz budur, şəffaflığı təmin etmək, bu sistemə, bu dövlətə xidmət etmək". Hörmətli Səfər Mehdiyevin diqqətinə çatdırmaq istərdik ki, şəxsən bizim - "Hürriyyət"in onunla və rəhbərlik etdiyi qurumla heç bir ədavətimiz-filan, yaxud da umacağımız yoxdur. Məqsədimiz sadəcə odur ki, vətəndaşların bir hissəsinin narazılığına səbəb olan gömrük sistemi daha şəffaf, obyektiv və nöqsansız fəaliyyət göstərsin. Çünki gömrük sahəsində şəffaflıq olmasa, ölkə iqtisadiyyatında hər hansı ciddi inkişafdan söhbət belə gedə bilməz. Lakin əfsuslar olsun ki, hazırda gömrük sistemində yaşanan arzuolunmaz mənzərə Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri kimi fəaliyyətini müsbət qiymətləndirməyə imkan vermir. "Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadənin üzləşdiyi problem və bunun nəticəsində iş adamının intihara əl atması deyilənlərin təsdiqindən başqa bir şey deyil. Və burada qərəz axtarmağın özü ən böyük qərəzçilik, ədalətsizlikdir. Çünki MMC-nin direktoru özü mətbuata verdiyi açıqlamasında konkret olaraq gömrük əməkdaşlarını ittiham edir. Eyni zamanda, yuxarıda sadalanan digər faktlar da Dövlət Gömrük Komitəsində neqativ halların olduğundan xəbər verir. Məhz bu da öz növbəsində, Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyinin tabeçiliyində bir departament kimi fəaliyyət göstərməsi ilə bağlı ekspertlər tərəfindən səsləndirilən çoxsaylı təkliflərin reallığa çevrilməsini aktuallaşdırır. Odur ki, Səfər Mehdiyev rəhbərlik etdiyi gömrük sistemində ciddi islahatlar aparmalı, qurumu həmyerlilərinin - Nehrəmlilərin nəzarətindən çıxarmalı, vətəndaşların Dövlət Gömrük Komitəsi ilə bağlı şikayətlərinə qulaq verib onların həllinə çalışmalıdır. Əks halda, ölkə əhalisinin gömrük sistemindən artan narazılığı onun acı sonunu gətirə və sələfi Aydın Əliyevin taleyini yaşaya, vəzifəsini itirə bilər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

"Hürriyyət"in Araşdırma Qrupu



Oxşar Xəbərlər

Xəbər lenti