Şahin Mustafayev iqtisadiyyatımızı xilas edə biləcəkmi?

Şahin Mustafayev iqtisadiyyatımızı xilas edə biləcəkmi?

İqtisadiyyat Nazirliyində ciddi islahatlara ehtiyac var

Ölkənin üzləşdiyi dərin iqtisadi böhran Azərbaycan iqtisadiyyatının strateji yol xəritələrinə ehtiyacını üzə çıxardı. Bu ehtiyacın ödənilməsi məqsədilə isə Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri hazırlandı. Burada məqsəd Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin etməkdir və hökumət də buna ümid edir.

Digər tərəfdən qlobal çağırışlara cavab verəcək iqtisadi mühitin yaradılması da strateji yol xəritələrinin meydana çıxmasını şərtləndirən əsas məqamlardan ibarət idi. Ümid edilir ki, investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycan dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaqdır. Hökumətin tənqidçiləri də etiraf edir ki, strateji yol xəritəsi mükəmməl sənəddir və onun tətbiqi iqtisadi böhrandan çıxışa imkan yarada bilər. Ancaq eyni zamanda hökumətin tənqidçiləri və hətta iqtidaryönlü ekspertlərin əksəriyyəti hesab edir ki, bu hökumət strateji yol xəritəsini həyata keçirmək imkanlarına malik deyil. Eyni zamanda bu hökumətin cəmiyyətdəki nüfuzu da starteji yol xəritəsindəki vəzifələri həyata keçirməyə imkan vermir. Məsələn, starateji yol xəritəsində əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin inkişaf etdirilməsi kimi hədəflər əksini tapıb. Bu hədəflərin həyata keçirilməsində isə əsas söz sahibi İqtisadiyyat Nazirliyi göstərilib. Ancaq hər kəs də anlayır ki, İqtisadiyyat Nazirliyi bu məsələlərin öhdəsindən gəlməyə qadir deyil. Çünki, İqtisadiyyat Nazirliyinin bu günə kimi olan fəaliyyəti hər kəsin gözləri önündədir. Şahin Mustafayevin 2008-ci ilin oktyabrın 31-dən 2013-cü ilin oktyabrın 22-dək iqtisadi inkişaf naziri, 2013-cü ilin oktyabrın 22-dən 2016-cı ilin yanvarın 15-dək iqtisadiyyat və sənaye naziri, 2016-cı ilin yanvarın 15-dən iqtisadiyyat naziri kimi rəhbərlik etdiyi qurumun yalnız adı dəyişib. Onun fəaliyyətində heç bir keyfiyyət dəyişikliyi baş verməyib. Əksinə, illər ötdükçə Şahin Mustafayevin birbaşa cavabdeh olduğu sahədə vəziyyət daha da pisləşir. Nazirliyin xətti ilə həyata keçirilən layihələr isə tamamilə uğursuz olub. Məsələn, Sumqayıt Texnika Parkı Azərbaycan Respublikasının iqtisadiyyatının stabil inkişafına öz tövhəsini verən nəhəng, çoxşahəli və respublikanın sənayesini inkişaf etdırən müəssisə, ən iri vergi odəyicilərindən biri elan olunsa da burada vəziyyət tamamilə təqdim ediləndən fərqlidir. Məsələn, Dövlət Gömrük Komitəsindəki mənbənin "Yeni Sözçü” qəzetinə verdiyi məlumata görə, Sumqayıt Texnika Parkına daxil olan müəssisələri büdcə qarşısında öhdəliklərinə tam əməl edə bilmirlər. Məsələn, Sumqayıt Texnika Parkına daxil olan müəssisələri idaxl əməliyyatları zamanı üzərlərinə götürdükləri öhdəlikləri icra edə bilməyiblər və beləliklə də Dövlət Gömrük Komitəsinə milyon manatdan artıq borcu yaranıb. Sumqayıt Texnika Parkına daxil olan müəssisələrdən birində işləyən şəxsin sözlərinə görə, əmək haqqları ötən il kəskin şəkildə azaldılıb. Eyni zamanda Sumqayıt Texnika Parkına daxil olan müəssisələrdə ciddi ixtisarlar edilib. Bunun nəticəsində indi bu müəssisələrdə elan olunduğu kimi 4500 nəfər deyil, təxminən 3 min nəfər işləyir. Sumqayıt Texnika Parkına daxil olan müəssisələrinistehsal etdiyi məhsulların payı ölkə ixracatında o qədər azdır ki, bu haqqda dəqiq rəqəmi heç kim dilinə belə gətirmək istəmir. Mənbə bildirir ki, Sumqayıt Texnika Parkına daxil olan müəssisələr əsasən Şahin Mustafayevə yaxın olan şəxslər tərəfindən idarə olunur. Hətta belə rəhbər şəxslər arasında onun ali təhsilli olmayan qohumlarının olduğu iddia edilir. Sumqayıt Texnika Parkında vəziyyət belə olduğu halda Şahin Mustafayevin hələ də İqtisadiyyat Nazirliyinə rəhbərlik etməsi təəccüblüdür. Digərtərəfdən əgər Sumqayıt Texnika Parkına daxil olan müəssisələr büdcə qarşısında öhdəliklərini yerinə yetirə bilmirlərsə, Şahin Mustafayevin əyalətlərdə yaratdığı müəssisələr hansı effekti verəcək?

İndi bu sual çoxlarını, o cümlədən də Azərbaycan iqtisadiyyatının strateji yol xəritələrini hazırlayan şəxsləri, ekspertləri ciddi narahat edir. Ekspertlər hesab edir ki, nazir Şahin Mustafayevlə bərabər İqtisadiyyat Nazirliyinin bütün rəhbərliyi dəyişdirilməli, Sahibkarlığa Kömək Milli Fondu nazirliyin tabeçiliyindən çıxarılıb, Nazirlər Kabineti yanında müstəqil quruma çevrilməlidir. Sahibkarlığa Kömək Milli Fondunun son 10 ildəki fəaliyyəti təhlil olunmalı, Fondun icraçı direktoru Şirzad Abdullayevin fəaliyyətinə siyasi və hüquqi qiymət verilməlidir. Çünki, Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərinin bəzi hallarda korrupsiyanın yemi olması haqqında narahatlıqlar var. Bununla bağlı "Yeni Sözçü” qəzetinə daxil olan məlumatları araşdırmağa çalışacağıq. Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti ilə bağlı geniş araşdırma yazımızı növbəti saylarımızın birində oxucularımıza təqdim edəcəyik.

"Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu



Oxşar Xəbərlər

Xəbər lenti