NAXÇIVANDA NÖVBƏTİ RƏZALƏT - Hərbçi “dəlilik” adı ilə təxris olunub…


Naxçıvan şəhəri, Şahbuz rayonu, Kolanı kənd sakini Seyidbəyli Mirəli Mirabbas oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub.

Şikayətçi iddi edir ki, ona edilən haqsızlıq nəticəsində, psixoloji probleminin olduğu haqda diaqnoz qoyulub:

“2011-ci ilin dekabr ayının 26-da Əlahiddə Ümumi Qoşununun N saylı hərbi hissəsində, müddətdən artıq hərbi xidmətdə olmuşam və hərbi qulluqçu kimi işə daxil olmuşam. 2020-ci ildə “Covid 19”-a qarşı peyvənddən sonra məndə bəzi xəstəliklər əmələ gəldi. Bu xəstəliyə heç bir həkim diaqnoz qoya bilmədi və məni “psixoloji xəstə” kimi təxris etdilər.

Hərbi xidmətə “yararsız” kimi işimdən təxris edib, III qrup əlillik verdilər.

Hərbi xidmətdə olduğum vaxtlarda Əlahiddə Ümumi Qoşununun N saylı hərbi hissəsində tuşlayıcı operator olmuşam. Xidmətdən kənar Kərə-təpə postu, Süs postu, Qaraqüzey postu, Keçəldağ postu, Qanlıgöl postunda xidmət göstərmişəm. Bu 5 postda mən gecə-gündüz canımı qoymuşam. Postların sıfırdan tikilməsindən yekunlaşmasına kimi əziyyətim çoxdur. Açarını da özüm təhvil vermişəm.

Əlahiddə Ümumi Qoşun hərbi hissəsində mən can yandıraraq xidmət etmişəm. Ailə sahibiyəm, 4 övladım var. Mənim III qrup əlilliklə xidmətdən təxris edilməyim zamanı haqsızlıq, qanunsuzluq olub. Səhhətimdə olan problemlər göz qabağındadır. Savadsız həkimlərin əlinə düşdüyümə görə, məni belə təxris etdilər. Müalicə olunmadım, ancaq “psixi pozğunluq” diaqnozu qoyuldu. Mən bunların nə III qrup əlilliyini istəmirəm, nə də pensiyalarını. Mənim 4 övladım var, sizlərdən çox xahiş edirəm mənə köməklik göstərəsiniz, müalicəm olunum və gedib hardasa fəhləlik edib, ailəmi dolandırım. Canımın sağlamlığını istəyirəm.

Mənim işimi başlarından ediblər. Yoxlasınlar, görsünlər ki, psixi problemi olan adama oxşayıram, yoxsa canım ağrıyır?!

Yoldaşım yarım aklat işlə təmin olunub, 140 AZN əmək haqqı alır. Mən bu pensiya və az əmək haqqı ilə necə dolana bilərəm?! 4 uşağın yeməyini, içməyini, məktəbini necə həll edə bilərəm?!

Mənim bu müraciətimi hansısa dövlət qurumu oxusa, xahiş edirəm, mənə həkim yönləndirin, sağalmaq istəyirəm”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti