Sağlam adamlar ordu üçün necə “yararsız” olur?


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir neçə bölməsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. 

Əməliyyat-istintaq tədbirləri ilə SHXÇDX-nin əməkdaşlarının işlədikləri tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almalarına əsaslı şübhələr müəyyən edilib. Nəticədə bir neçə nəfər saxlanılıb. 

Həbslərin davam edəcəyi gözlənilir. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilməlidir: 

"Mən, mənim yaşıdlarım və yaşda məndən böyük olanlar yaxşı bilir ki, hər zaman hərbi komissarlıq sistemində neqativ hallar olub. Bununla mübarizə də olduqca çətin prosesdir. Bir neçə il əvvəl hərbi çağırış mexanizmi Müdafiə Nazirliyinin tabeliyindən alınaraq ayrıca qurum olaraq formalaşdırıldı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Təbii ki, ilkin dönəmdə bir neçə islahat keçirildi və bunlar çox uğurlu idi. Ən azından çağırışla bağlı bəzi neqativ məsələlər öz həllini tapdı. Artıq kim hara istəsə övladını "saldıra" bilmirdi. Bu istiqamətdə islahatlar həyata keçirildi, mərkəzləşdirilmiş baza fomalaşdırıldı. Amma görünən odur ki, başqa islahatların da həyata keçirilməsinə ehtiyac var. Bu da hərbi xidmətdən yayınma hallarının icra edilməsi ilə bağlıdır. Görünən odur ki, bu saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib, bu da onu deməyə əsas verir ki, hələ də müəyyən neqativ hallar var. Orduya xidmətə getməmək üçün insanlar müəyyən vasitələrdən istifadə edərək bunun qarşısını almağa çalışıblar. Artıq buna yardım edən adamlar bəllidir və saxlanılıblar. 

Fikrimcə köklü, fundamental islahatlara ehtiyac var. əgər bu islahatlar davam edərsə, vətəndaş heç bir halda hansısa vasitələrdən istifadə edib hərbi xidmətdən yayına bilməz. Necə ki, ali məktəbə daxil olmaq istəyən vətəndaş bilir ki, imtahan verməlidir və buna riayət edir. Hər kəs bilir ki, vaxtilə bu sahədə də neqativ hallar var idi və islahatlar sayəsində bunlar aradan qaldırıldı. Yəni səfərbərlik sahəsində də daha fundamental islahatlara ehtiyacımız var". 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}