QƏBİR YERİ BİZNESİNƏ hansı məmur nəzarət edir? - VİDEO

QƏBİR YERİ BİZNESİNƏ hansı məmur nəzarət edir?
"Bələdiyyə vətəndaşların təşkilinin elə bir sistemidir ki, yerli əhəmiyyətli məsələlərin müstəqil və sərbəst şəkildə həyatda həll etmək iqtidarında olmalıdır. Bu gün qanunvericilik çərçivəsində yerli əhəmiyyətli məsələlərin həlli də məhz bələdiyyələrə aid edilib. Bələdiyyə sistemi ilə bağlı ola bilən qanunvericilik bazası yüksək səviyyədə hazırlanıb. Düzdür, müəyyən boşluqlar olsa da, orada normativ məqamlar öz əskini tapıb".
Sozcu.info bildirir ki, bu barədə Bizimyol.info xəbər portalına “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyin sədri Vüqar Tofiqli danışıb. İctimai birliyin sədri qeyd edir ki, qəbirstanlıqlar yerli əhəmiyyətli məsələlər olduğu üçün bu istiqamətdə onların bələdiyyələrə verilməsi zərurətdən yaranan məsələdir.

“2015-ci ildə ciddi müzakirələrdən sonra Milli Məclisdə bu proses 2017-ci ilin sonunda tamamlandı və 2018-ci ildən bələdiyyələrə qəbiristanlıqların təşkili və müəyyən xidmətlərin göstərilməsi həvalə edildi. Bu prosesin icrası 3 ay ərzində başa çatdırılmalı olduğu halda bu günə kimi artıq proses başa çatdırılmayıb. Burada müəyyən problemlər var. Bakıda rəsmi şəkildə fəaliyyətdə olan qəbirstanlıqların sayı 31-dir. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti müfaviq olaraq, qanunvericilik çərçivəsində bələdiyyələrə öz balansında olan 31 qəbirstanlığın 23-nü artıq təhvil verib”-deyə Vüqar Tofiqli bildirib.

Bəs bu təhvil verilmə prosesində nə həyata keçirilməyib?
İctimai birliyin sədri bildirib ki, birincisi bu gün təhvil verilən qəbirstanlıqların demək olar ki, hamısı dolu vəziyyətdədir, yəni işlək vəziyyətdə deyil. İkincisi Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən onların hər hansı bir reyestri aparılmayıb. Bu ərazilərə müəyyən qulluğun göstərilməsi həmin orqan tərəfindən lazımi səviyyədə həyata keçirilməyib. Yəni vətəndaş bilməyib ki, qəbirstanlığın ərazisində su xətti olmalıdır, ara yollar asvalt olmalıdır, işıq xətti çəkilməlidir. Müəyyən bir informasiya boşluğu olub. Onun sözlərinə görə, eyni zamanda Bakıda bələdiyyələrə təhvil verilən 23 qəbirstanlıqda müəyyən xidmət sahələri bələdiyyələrə verilməyib.

“Məsələn, məzar daşlarının hazırlanması və qəbirüstü hansısa proseslərin həyata keçirilməsi bələdiyyələrə verilməyib. Böyük əksəriyyət qəbirstanlıqların balansında olan xidmət sahələrinin heç biri bələdiyyənin balansına verilməyib. Ən ciddi problem budur. Əhaliyə Vətəndaşlıq Xidməti Tresti minbir bəhanə gətirərək, bunu təhvil verməyib”-deyə ictimai birlik sədri bildirib ki, qurum bu günə qədər göndərilən sorğuya cavab verməyib.

Vüqar Tofiqli bildirib ki, əgər qəbirstanlıq, ümumilikdə bələdiyyəyə verilibsə, o qəbirstanlığın ərazisində və balansında olan digər xidmət sahələri bələdiyyələrin balansına təhvil verilməlidir.

“Bələdiyyələrin balansına verilməyən 8 qəbirstanlıq bu gün istifadədədir. “Qurd qapısı”, Əhmədli, Keşlə qəbirstanlığı və digər qəbirstanlıqlar var ki, onlar faktiki olaraq, bu günləri əhalinin istifadəsindədir və əhaliyə xidmət göstərilir. Həmin qəbirstanlıqlar bələdiyyələrin balansına verilməli olduğu halda Əhaliyə Vətəndaşlıq Xidməti Tresti onu öz balansında saxlayır. “Qurd qapısı” qəbirstanlığında kifayət qədər həm yer var, həm xidmət göstərilir. Bura ümumişəhər qəbirstanlığıdır. Bu ərazi də düşür, Qaradağ rayonu Lökbatan ərazisinə. Bu qəbirstanlıq Lökbatan bələdiyyəsinə verilməli olsa da, bu gün havada qalıb”-deyə Tofiqli vurğulayıb ki, burada yerin qiyməti 2000 manatdan 8 min manata qədərdir.

“Mən anlamıram ki, bu qiyməti kim təyin edir. Burda bu 8 min nəyə görə alınır”-deyə Vüqar Tofiqli əlavə edib.

Qeyd edək ki, yazıda və videoda sözügedən qurumların mövqeyini dərc etməyə hazırıq.

Vüqar Tofiqli ilə bu mövzuda müsahibəyə Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında baxa bilərsiniz.



Oxşar Xəbərlər

Xəbər lenti