8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hazırda qəzetimizin əməkdaşı olan Zamin Hacı 24 il öncə “Azadlıq” qəzetində “Arıq əsgərlər və kök generallar ordusu” başlıqlı bir yazı dərc etdirmişdi. Yazı reportaj-araşdırma janrındaydı və hərbi hissələrdə tüğyan edən yeyinti və mənimsəmələrdən bəhs edirdi. Zatən, yazının başlığının özü materialın məzmunundan xəbər verir.
O yazı qalmaqala səbəb oldu. Yox, kök generalların yol verdiyi mənimsəmələri araşdıran, onları kökəldən, əsgərləri arıqladan yeyintilərin vacehinə yetən olmadı, əvəzində qəzetə və Zamin Hacıya hücum təşkil etdilər. Qəzetə bir şey edə bilməsələr də, gözünün zəif olması səbəbi ilə hərbi xidmətə yararlı olmayan jurnalisti düzüb-qoşub əsgərliyə apardılar. Özü də onu hansı hərbi hissəyə salsalar yaxşıdır? Kök generalların və arıq əsgərlərin xidmət etdiyi ən çətin relyefli, sərt iqlimli Murov dağının təpəsindəki N saylı hərbi hissəyə.
Generallar daha bir arıq jurnalistdən qisaslarını belə aldılar, qəzeti də məhkəməylə-filanla qorxudub susdurdular.
O zaman nazirliyə ana dilimizdə 3 cümləni ard-arda qoşub danışa bilməyən Səfər Əbiyev (nazir) və Nəcməddin Sadıkov (1993-cü ildən baş qərargah rəisi) rəhbərlik edirdi. Jurnalisti zərərsizləşdirmək əmrini də onlar, birbaşa özləri vermişdi.
O dövrdə orduda olan neqativ hallarla, əsgər ölümləri ilə, xırda bir hissəsi sızıb gəlib ictimaiyyətə çatan yeyinti və mənimsəmələrlə bağlı yazan qəzetlər vardı. Əbiyevi-Sadıkov cütlüyü hər yazıdan sonra dərhal vəkillərini, trollarını, əlləri çatan, ərkləri ötən hər kəsi işə qoşur, qəzetləri məhkəməyə verir, jurnalisti təqib etdirirdilər.
Adama elə gəlirdi ki, bu iki şəxs axirətə qədər ordunun başında olacaqlar. Bu mövzuda 12 il qabaq “Əbədi nazirin ordusu” başlıqlı bir yazı da bu sətirlərin müəllifi yazmışdı. Əsgər valideynlərinin, jurnalistlərin ən ülvi arzularından biri məhz bu şəxslərin vəzifədən götürülməsi idi. Çünki hamı anlayırdı ki, təpədən dırnağa qədər korrupsiya bataqlığında olan bu psevdo-generallar öz postlarında qaldıqca, səngərdəki postlarda duran arıq əsgərlər həlak olacaqlar, ümumiyyətlə, Azərbaycan ordusu güclü olmayacaq.
Nəhayət, jurnalistlərin “kor balta”sı işini gördü, o qədər yazdılar, danışdılar, deyindilər ki, 2013-cü ilin oktyabrında ordunun büdcəsindən oğurladığı pullarla milyonçuya çevrilmiş Əbiyevi işdən götürdülər. O, yol verdiyi bəd əməllərin əvvəl-axır üzünə oxunacağını bildiyindən ləngimədən ölkəni tərk etdi, xaricdəki villalarından birinə çəkilib sakit həyat keçirməyi üstün tutdu.
Bir milyonçu general getdi, o biri milyonçu general qaldı. Açığı, Sadıkova batmaq olmurdu, arxa-dayağı güclü idi. Onun tənqidçiləri, ondan zərər çəkənlər sağdan-soldan hücum edirdilər, amma adam Beşbarmaq pirinin qayası kimi yerində durmuşdu. Əminlikıə deyənlər vardı ki, bu adam Azərbaycan xalqına qarşı xəyanət içindədir, ordunun güclənməməsi üçün əlindən gələni edir, öz ətrafında xüsusi bir mütəşəkkil dəstə yaradıb, hər cür maxinasiya ilə məşğuldur. Fəqət ya onun ölkədəki və xaricdəki himayədarı güclü idi, ya da əldə tutarlı dəlil-sübut yox idi. Hər nəydisə, Aprel döyüşlərində əldə edilən hərbi uğurla yanaşı, verilən itkilərdə baş qərargah rəisinin əli olduğunu deyənlərin sözü havada qaldı.
Tərtər işi”nin qurbanlarına verilən işgəncələrin birbaşa Sadıkovun göstərişi ilə verilməsi barədə deyilənlər də ciddiyə alınmadı, müqavimətlə qarşılaşdı. Onun trollarının əlində yaxşı bir bəhanə vardı. Bədnam generalların əleyhinə bir söz deyənlərə dərhal “ordunu gözdən, nüfuzdan salma” ittihamı sürürdülər.
Nəhayət, 2020-ci ilin sentyabrında başlayan və 44 gün çəkən hərbi kampaniya bütün İ-lərin başına nöqtə qoydu. Ermənilərlə yanaşı, Sadıkovun çetesi də məğlub edildi.
Bu saat ölkədə yüz minlərlə adam əmindir ki, əgər 44 günlük müharibədə ordunun başında Sadıkov olsaydı, biz nəinki qələbə qazanmayacaqdıq, hətta elə ağır itkilərə məruz qalacaqdıq ki, kapitulyasiyamız qaçılmaz olacaqdı.
Bütün ölkə Şuşa başda olmaqla Qarabağ və Şərqi Zəngəzurun rayonlarının işğaldan azad olunmasını təntənə ilə qeyd edərkən, Sadıkov özünü Dubaya vermişdi, gözündə qəhvəyi eynək, əynində qara şortik dincəlirdi – sanki müharibə günlərində çox əziyyət çəkmiş, stress keçirmişdi.
Elə o zamandan bəri insanlar onun məsuliyyətə nə zaman cəlb ediləcəyini gözləyirdilər və hələ də gözləyirlər. Budur, Sadıkovun barəsində məhkəmədə verilən konkret ifadələr var. Müdafiə Nazirliyinin Satınalmalar və təchizat tdarəsinin həbsdə olan sabiq rəisi Məlikməmməd Qurbanov məhkəmədə deyib:
"Ərzaq malları ilə bağlı müxtəlif adda şirkətlərlə çalışsaq da, hamısı bir şəxsə məxsus idi... Bütün sahələr üzrə alınan malların qiyməti süni şəkildə artırılaraq alınıb. Həmin süni şəkildə artırılan pul nağdılaşdırılaraq bizə geri qaytarılıb. 5 il ərzində şirkətlərdən 20 milyon manat nağdlaşdırılaraq hissə-hissə mənə verilib. Həmin məbləği sabiq baş qərargah rəisinə aparıb vermişəm”; “Bütün alınan pulları birbaşa şəxsən özüm xidməti otağında Nəcməddin Sadıkova vermişəm. Kimə nə qədər pul verilməli olduğunu o müəyyən edib. Düzdür, şirkətlərlə bütün danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq baş qərargah rəisi müəyyən edirdi”.
Sonra M.Qurbanov korrupsiya əməliyyatı ilə əldə olunan pulların son manatına qədər necə bölündüyünü açıqlayıb – 1 milyon 200 min manat birinə, 800 min manat bu birinə və s. Özünə də 400 min manat qalıb. Çox hissəsi isə, təbii ki, işin başında durana çatıb. Sanki dövlət strukturu yox, mafiya sindikatıymış.
Əlavə şərhə ehtiyac varmı? Şərhə yox, əlavə ifadələrə və ittihamnamələrə ehtiyac var.
Prinsipcə, oxucular bu yazını oxumağa başlayanda Sadıkovun qoluna qandal vurulub istintaq orqanlarına təhvil verilməlidir.
musavat.com