Azərbaycanda plastik cərrah olmaq üçün 11 il lazımdır – Bəs, saxta sənədləri kim verir? - ARAŞDIRMA


Azərbaycanda estetik cərrahiyyə və kosmetologiya sahəsində sirli düyünlər 2024-cü ildə açılmağa başladı. Aydın oldu ki, bu sferada fəaliyyət göstərənlərin bir çoxunun müvafiq təhsili və icazəsi yoxdur, bir çox estetik cərrahların sertifikatları ya saxtadır, ya da hansısa qaranlıq yolla əldə edilib.
Maraqlıdır, bu sahədə qanunsuzluğun baş alıb getməsinin səbəbləri nədir?
İxtisasını dəyişib sonradan plastik cərraha çevrilən həkimlərin əlində bayraq etdikləri kurslar, sertifikatların hüquqi qüvvəsi varmı, onlar hansı əsaslarla verilir?

Hurriyyet.az xəbər verir ki, Medicina.az bu və digər suallarla bağlı araşdırma aparıb, bu sahəyə cavabdeh olan qurumlardan mövzu ilə bağlı açıqlamalar alıb.

Öncə qeyd edək ki, test imtahanlarında 500-600-dən yuxarı bal toplayan, həkim olmaq istəyən abituriyentlər 6 il ATU-da tibbi biliklərə yiyələnirlər. Lakin bu hələ onların tam ixtisas sahibi olması anlamına gəlmir. Eləcə də ATU-nu bitirməklə estetik cərrah kimi fəaliyyət göstərmək mümkün deyil.
Türkiyədə uzmanlıq, bəs bizdə?
"Azərbaycan Tibb Jurnalı"nın baş redaktor müavini, tanınmış tibb işçisi Fuad İslamzadə Medicina.az -a açıqlamasında bildirib ki, sovet dövründən sonrakı illərdə ixtisas alma və həkim kimi işləmək qaydaları dəyişdirilib:
“Sovet vaxtında Tibb İnstitutunun bitirənləri məcburi ixtisasa göndərmə qaydası vardı. Məzunlar məcburi şəkildə dövlət xəstəxanalarında işləməyə və ya rayonlardakı tibb müəssisələrinə göndərilirdi. Əvvəllər 6 illik təhsildən sonra 1 il internatura keçirilirdi. İnstitutu bitirənlər müəyyən xəstəxanaya təhkim olunurdu, həm praktika keçirdi, həm ştatdankənar maaş alırdı. Yəni, ATU ümumi təbabət haqda bilik verir. Tibb Universiteti diplomunda praktiki həkim yazılır, ixtisas yazılmır. Bundan sonra tələbə rezidenturaya imtahan verib ixtisasdan asılı olaraq, 3 ildən 5 ilə kimi təhsil almalıdır. Ondan sonra o, ixtisaslı həkim olur. Türkiyədə buna UZMAN deyilir. Bəzən yanlış olaraq deyilir ki, uzman ancaq Türkiyədə olmaq mümkündür. Xeyr. ATU-nun rezidenturası məhz elə bu uzmanlıqdır. Sadəcə, bizdə başqa cür səslənir. Rezidenturada ixtisas almayan həkimlər yalnız poliklnikada, məntəqədə, məktəbdə və s. işləyə, sahə həkimi ola bilər".

Kimlər plastik cərrah ola bilər?

Mütəxəssisin sözlərinə görə, rezidentura zamanı praktiki fəaliyyət göstərən həkim müəyyən nəzarətdə olmalı, peşəkar həkimlərin yanında çalışmalıdır:
"Bu ixtisası nə Səhiyyə Nazirliyi, nə TƏBİB, nə də Həkimləri Təkmilləşmə İnstitutu verir. Vaxtilə Təkmilləşdirmə İnstitutunda müəyyən kurslarla ixtisas dəyişmək olurdu, indi isə qanunla bu da mümkün deyil. Rezidentura keçəndən sonra öz ixtisası daxilində daha dar ixtisaslar üzrə təkmilləşmək mexanizmi bizdə hələ yoxdur. Türkiyədə buna yandal uzmanlıq deyilir. Məsələn, ümumi cərrah onu keçib plastik cərrah ola bilər, endokrinoloq əməliyyat edə bilər və s. Bu daha üst səviyyədir. Bizdə hələ bu yoxdur. Ancaq hesab edirəm ki, olmalıdır. Plastik cərrahlar bağlı məlum siyahıda adları çəkilən həkimlərin rezidentura bitirib-bitirməməsi, həqiqi ixtisası, hansı əsaslarla işləməsi dövlət qurumları tərəfindən yoxlanmalıdır. Görünür, bu sahədə bir boşluq var. Belə "həkimlər" adətən, özəl klinikalarda sərbəst işləyə bilir, çünki arayıb-araşdıran yoxdur”.
Estetik cərrahlarla bağlı qalmaqalda adı çəkilən qurumlardan biri Dövlət Həkimləri Təkmilləşdirmə İnstitudur. Bura demək olar, həkim hazırlanmasında ATU-dan sonra ikinci yer tutur və daha çox alimlər yetişdirir.

İnstitutun dosenti, tibb üzrə fəlsəfə doktoru Akif Əfəndiyev saytımıza açıqlamasında Azərbaycanda plastik cərrah olmaq üçün nələr tələb olunduğundan danışdı.
Onun sözlərinə görə, SSRİ-dövründə, eləcə də müstəqilliyin ilk vaxtlarında Tibb Universitetinin Müalicə işi fakultəsini bitirən tələbələr 3 ixtisas qrupuna bölünürdülər:
"Bunlar terapevtlər, cərrahlar və ginekoloqlar idi. Cərrahlar 1 illik internatura keçirdilər. Bundan sonra müəyyən cərrahi ixtisaslar üzrə bölünürdülər. O dövrdə plastik cərrahiyyə yox idi. Ona görə də o tələbələr uroloq cərrah, ümumi cərrah, LOR cərrah olurdular.

Azərbaycan müstəqillik qazandıqdan sonra, 2000-ci ilə kimi məhz bu cərrahlar Həkimləri Təkmilləşdirmə İnstitutunda 3-6 aylıq kurs keçib, ixtisasını artırıb, plastik əməliyyat edə bilirdilər. Ona görə bir çox yaşlı cərrahlar var ki, onların belə bir sənədi, icazəsi var. Onların işləmələri qanunidir. 2011-ci ildən artıq qanun dəyişdi, plastik cərrahiyyə üzrə rezidentura təhsili yaradıldı".

Qeyd edək ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti 18 mart 2010-cu ildə “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları” təsdiq edib (https://e-qanun.az/framework/19507). Bundan sonra hansısa həkimin kurs bitirməklə plastik cərrah olmasına rəsmən qadağa qoyulub.
Akif Əfəndiyev bildirib ki, hazırda ATU-nu bitirən tələbə yenidən imtahan verib rezidenturaya qəbul oluna və seçdiyi ixtisas üzrə daha 4-5 il oxuyub cərrah ola bilər:
"Yəni plastik cərrah dipliomu rezidenturanı uğurla bitirənlərə verirlər. 2011-ci ildən sonra heç bir həkim plastik cərrah diplomunu kursla ala bilməz”.
O, nevroloq, endokrinoloq, terapevtin hansı şərtlər daxilində estetik cərrah ola biləcəyini də açıqlayıb:
“Bu o halda mümkündür ki, həmin şəxs yenidən rezidenturaya imtahan verir, daxil olur, 4-5 il oxuyub o ixtisas üzrə həkim olur. ATU-nu bitirən hər kəsin hüququ var ki, lap 50 yaşa kimi yenidən rezidentura təhsili alıb, cərrah və ya başqa ixtisasda uzman olsun. Heç bir həkim, xüsusən də nevroloq, endokrinoloq Həkimlərin Təkmilləşdirmə İnstitutunda kurs keçməklə, sertifikat almaqla estetik cərrah ola bilməz. Bu kurslar yalnız plastik cərrahlar üçündür, ora hər həkim gələ də bilməz. Bunlar qanuna uyğun aparılır".Plastik cərrah olmağın qanuni yolları
Müsahibimiz bildirib ki, Həkimləri Təkmilləşdirmə İnstitunda plastik cərrahlar üçün 10 günlük qısa kurslar təşkil edilir:
"Bu kurslarda yeniliklər çatdırılır, fikir mübadiləsi aparılır və onlar sertifikasiya imtahanlarına hazırlaşırlar. Bu kurslara qeyri-həkimlər gələ bilməz.
2011-ci ildən sonra yeganə sənəd 5 illik rezidenturanı oxuyub imtahan verib sənəd almaqdır. Beləliklə, plastik cərrah olmaq üçün Azərbaycanda 11 il təhsil almaq lazımdır.
Yəni plastik cərrah olmaq üçün bizdə başqa heç bir kurs yoxdur. İxtisası 1 aya, 1 ilə dəyişmək mümkün deyil. Görünür, qanunda yenə də hansısa boşluqlar var ki, bundan sui-istifadə edilir. O ki, qaldı göstərdikləri sertifikatlara, baxmaq lazımdır ki, orada nə yazılıb. Onu da qeyd edim ki, Azərbacyanda həkimlər 5 ildən bir sertifikasiya imtahanı verir və imtahandan keçərsə, növbəti 5 il üçün öz ixtisası üzrə işləyə bilər. Bu da onlara heç bir yeni ixtisas, hansısa üstünlük vermir. Hansısa endokrinoloq, stomatoloq əlində plastik cərrahiyyə ilə bağlı sənəd, sertifikat varsa, o saxtadır".
Akif Əfəndiyev müxtəlif peşə sahiblərinin kosmetoloq həkim kimi fəaliyyət göstərməsi, insan bədəninə müdaxiləsini də qanunsuz hesab edir:
“Gördüyünüz kimi, plastik cərrahiyyə asan sahə deyil, ona yiyələnmək üçün 11 il vaxt lazımdır. O ki qaldı kosmetoloqlara, başqa universiteti, kimya-biologiyanı bitirənlər və ya tibb bacıları əlinə iynə alıb insanlara müdaxilə edir. Əlbəttə, bu yolverilməzdir. Bu məsələlər qabardılır. Biz ümid edirik ki, dövlətimiz bu məsələləri araşdırıb hüquqi baza, müvafiq təhsil mexanizmi yaradacaq. Bunun üçün başqa qanunvericilik lazımdır. Biz ümid edirik ki, kosmetologiya sahəsi də nəzarətə götürüləcək. Kimlər kosmetoloq ola bilər? Əlbəttə yaxşı olar ki, o Tibb Universitetini bitirmiş həkim olsun”.
Səhiyyə Nazirliyi saxta cərrahlarla mübarizə apara bilərmi?
Özəl tibb müəssisələrində həkimlərin fəaliyyətinin qanuniliyini yoxlayan qurum isə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzidir. Mərkəz təkcə klinikaları yox, aptekləri, dərman idxalçılarını, estetik mərkəzləri də yoxlamaq səlahiyyətinə malikdir.
Mərkəzdən sorğumuza cavab olaraq bildirdilər ki, Azərbaycanda və ya xaricdə tibb üzrə təhsil almış həkimlərin ixtisas dəyişməsi, lisenziyası və sertifikatı Analitik Mərkəz tərəfindən verilmir:
"Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliyə müvafiq qaydada özəl tibb fəaliyyəti üzrə planlı (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar aparılır. Mərkəzi tərəfindən yalnız özəl tibb fəaliyyəti üzrə sahibkarlıq subyektləri qanunvericiliklə müəyyən edilən qaydada, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunu rəhbər tutularaq yoxlanılır.
Analitik Ekspertiza Mərkəzi əməkdaşları olan yoxlayıcılar tərəfindən səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə aşkar edilən bütün qanun pozuntuları ilə əlaqədar sahibkarlıq subyektlərinə inzibati qaydada tənbeh tədbirləri seçilərək barələrində tərtib olunan inzibati xəta haqqında protokollar Səhiyyə Nazirliyinin Hüquq şöbəsinə növbəti icraatı üçün təhvil verilir. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir".Yüzlərlə şikayət qarşılığında cəmi 22 cərimə
Mərkəzdən bildiriblər ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub:
"2024-cü il üçün ümumi statistika isə yalnız il bitəndən sonra hesablanır və o zaman təqdim edilə bilər. Ümumiyyətlə, özəl tibb müəssisələrində və aptek təşkilatlarında baş verən qanun pozuntularına rast gəldikdə vətəndaşlar AEM-in “bir pəncərə” sistemi, “qaynar xətt”i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının" Müraciət" bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir”.
Qeyd edək ki,Səhiyyə Nazirliyinin tibb kadrlarının vahid reyestrində plastik cərrah kimi qeydiyyatdan keçənlərin də plastik əməliyyat etməyə icazəsi var.
O ki qaldı, Azərbaycanda gəlirli sahə olduğu üçün saxta yolla özlərini plastik cərraha çevirənlər, bu məsələdə rol oynayan qurumlar və şəxslərə, artıq DİN və Baş Prokurorluq bununla bağlı yoxlamalara başlayıb. Ümumilikdə pozuntularla bağlı araşdırma zaman 18 halda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə həm hüquqi, həm də vəzifəli şəxslər barəsində inzibati icraatlar başlanıb.
Saxta həkimləri özəl klinikalar yetişdirir

Araşdırmanın nəticəsi olaraq, bu qənaətə gəlmək olar ki:
- Tibb Universitetinə daxil olmaq, bitirmək hələ həkim, xüsusən yaxşı həkim olmaq demək deyil
- Rezidenturasız ixtisaslı həkim və ya cərrah olmaq mümkün deyil
- Hər rezidenturanı bitirən plastik cərrah ola bilməz
- Həkimlər 5 il rezidenturada oxumağın dərdindən qısa yollar axtarır və tapır...
- Gündə bir qadını plastik əməliyyat etmək və ya bir burun əməliyyat etmək 1 il terapevt və ya nevroloq işləməkdən daha gəlirlidir.
- Azərbaycanda uzman olmaq üçün 4-5 il rezidenturada oxumaq lazımdır
- Bu sahəni xaosa çevirənlər özəl klinikalardır, çünki məhz özəl klinikalara lisenziyalar verildikcə saxta cərrahların sayı artır.



Oxşar Xəbərlər

Xəbər lenti