8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tanınmış təhsil eksperti Etibar Əliyev təhsil problemləri mövzusunda "AzPolitika.info”-ya müsahibə verib.
Sozcu.info həmin müsahibəni oxucularına təqdim edir.
- Etibar müəllim, uzun illərdir təhsilimiz barədə yazır, araşdırma aparır, çıxışlar edir, hesabatlar hazırlayırsınız. Sizi çoxlarından ayıran bir cəhət var. Qüsurları hər zaman tənqid edirsiniz, həm də çox sərt, amma müsbət nəticələri və addımları da çəkinmədən deyirsiniz. Müşahidələrimizə görə son zamanlar təhsil sahəsində çatışmazlıqlar barədə tənqidləriniz çoxalıb. Səbəb nədir, təhsil ilinin yekunlarımı, qəbul imtahanlarındakı nəticələrmi, hamının diqqətlə izləmədiyi hansısa addımlarmı?
– Yenə də etiraf edirəm ki, son dövrlərdə Azərbaycan təhsilində xeyli faydalı işlər görülüb. Bunu hamı görməyə bilər. Hamı dərhal görə də bilməz. O da var ki, Təhsil Nazirliyinin gördüyü işləri onun uyğun qurumları nə dərəcədə cəmiyyətə çatdıra bilir. Yaxud, cəmiyyət nə qədər etimad göstərir deyilən sözlərə. Çünki təhsilimiz çox mürəkkəb mərhələlərdən keçib bu günəcən. Arxada çox ağır və utanc gətirən dövrlər olub. Bütün bunları yaxından izləmiş biri kimi mən yaxşı işləri, uğurları görməyə bilmərəm. Lakin neqativ hallar və çox sayda problemlər də qalmaqdadır. Bunları görmək və demək həm təhsil işini bilmək keyfiyyəti tələb edir, həm də vicdan və cəsarət. Yan keçmək olar, buna görə bəlkə də təhsil sektorunda səni daha çox istəyərlər, daha az qınayarlar. Amma təhsilimiz idarə edənlər də səmimi olaraq bir şeyi anlamalıdırlar, indi deyilməyən və həll olunmayan qüsurlar sonradan onların özünü də sıxan daha ciddi fəsadlara yol açacaq. Ən əsası budur ki, təhsilimiz itirəcək bu problemlərdən.
- Nədir bu problemlər?
– Təhsilimiz uzun illərlə tənəzzülə uğradı. Misir Mərdanovun getməsi ilə bu tənəzzül dayandırıldı. Mikayıl Cabbarov buna çalışdı və nail oldu. İndiki nazir Ceyhun Bayramov da bu xətti və bu niyyəti davam etdirir. Lakin tərəqqi üçün əngəl olan amillər var və bunlar da təhsil eksperti kimi məni narahat etməyə bilməz. Əsas neqativ hallar idarəetmədə görsənir. Kadrların iş bacarığı üçün seçilən kriteriyalar dəyişməlidir. Bu yöndə problemlər var. Bilirəm, konkretlik istəyəcəksiniz. Məsələn, son tənqidlərimdən birinin üzərində dayanaq. Tutaq ki, bir nəfərə bir neçə vəzifənin həvalə olunması. Bu, özünü doğrultmur. Təhsil çox ağır sahədir. Bəzən qiymətləndirmə, məzmun, nazirliyin tabeçiliyində olan məktəblərdə hansısa problem yarananda hamı gözünü bir nəfərə dikir. Biz bunu deyirik. Şəxsi məsələ deyil bu, bir kadrın üzərində dayanmaq deyil. Görün necə vəziyyət yaranıb ki, belələri özündən başqa heç kimi bəyənmir. Ekspert institutunu ələ salırlar. Söhbət konkret olaraq Emin Əmrullayevdən gedir. Yaxud, ixtisası qətiyyən uyğun gəlməyən, akkreditasiya prosesinin əlifbasını bilməyən birisi uyğun idarənin başına gətirilir. Soruşmaq ayıb olmasın, məqsədiniz nədir? İndi təsəvvür edin, Boloniya Bəyannaməsinə qoşulmağımızdan 14 il ötməsinə baxmayaraq, ölkənin təhsil müəssisələri hələ də normal akkreditasiya olunmayıb. Təhsilin keyfiyyətinin qiymətləndirilməsinin yeni mexanizmləri hazırlanmayıb. Özlərini yeni təfəkkür tərzinin daşıyıcısı, dil bilən kimi cəmiyyətə sırıyırlar, amma nazirliyin tabeçiliyində olan orta təhsil müəssisələrinə təqaüd yaşına çatmış, reputasiyası ləkəli adamları direktor təyin edirlər…
- Etibar müəllim, son dövrlər ən çox tənqid olunan sahələrdən biri dərsliklərlə bağlıdır. Təbii ki, əvvəllər də belə idi. Bəs niyə bu yöndə dəyişiklik olmadı?
– Dərslik məsələsi də bu işdən uzaq bir adama tapşırılıb. Bu adam həmin vəzifəyə təyin olunandan indiyə qədər dərslik siyasətində müsbətə doğru bir addım belə atılmayıb. İxtisasca iqtisadçı olan Elvin Rüstəmov Dünya Bankının "Təhsilin İnkişafı üzrə Layihə”sinin koordinatoru olub və bu adamın təhsilə ayrılan kreditin qaranlıq məcaraya yönəldilməsində müstəsna rolu olub. Bu və yuxarıda adını çəkdiyim məmurlar dialoq mühitini pozur, islahatların aparılmasına mane olurlar. Təhsil Nazirliyi bu cür adamların əlindən qapalı mühitə çevrilib. Hələ indiyə qədər təhsilimizin bu ağrılı sahəsində bir dəfə olsun normal diskussiya aparılmayıb. Orta statistik abituriyentin fənlər üzrə məktəb proqramının 42-67 faizini mənimsəməməsinin əsas səbəblərindən biri dərsliklərlə bağlıdır.
- Nədən təhsil naziri bu cür şəxslərlə işləməyə üstünlük verir?
– Bizim tənqidlər imkan yaradır ki, cənab nazir qüsurları görə bilsin. Hamı bilməlidir ki, dialoqsuz, alternativ fikirsiz biz inkişafa nail ola bilməyəcəyik. Bu yaxınlarda qaçqın məktəblərinin birinə getmişdik. Uşaqlar dəhlizdə dərs keçirdilər. Ancaq görün Əmrullayevlər nə ilə məşğul olurlar. Bu ilin mart ayında Rusiyanın "Alqoritm” şirkətinin "Rəqəmsal bacarıqlar” proqramı çərçivəsində informatikanın 5-6-cı siniflərə alternativ tədrisi üçün 50 müəllimi təcrübə mübadiləsi adı ilə 1 aylıq İsrailə aparıblar. Hər müəllimə 11.000 dolar vəsait xərclənib. Bizdə olan məlumata görə onların 30 nəfəriinformatika müəllimi olub. Və bu səfər tam nəticəsiz yekunlaşıb. Bu cür nəticəsiz təşəbbüslər xərcdən başqa bir şey deyil. Sözdə çox gözəl səslənir – "50 nəfər müəllimi İsrailə yolladıq”. Amma orta məktəb şagirdi də bilir ki, həmin xərcə İsraildən, Finlandiyadan, Fransadan, nə bilim ABŞ-dan, qonşu Türkiyədən az sayda kadr gətirib ölkənin bütün informatika müəllimlərinə 3 aylıq kurs keçmək olardı, yeni müvəqqəti fakültə yaratmaq olardı və hətta həmin kurslarda yeni təlimçilər də yetişdirmək olardı. Bəs Təhsil Problemləri İnstitutu və ya Pedaqoji Universitet nəyə gərəkdir? Cəsarət lazımdır desinlər ki, bəli, kadrlar yoxdur. Problem isə bu cür həll edilmir. 50 nəfəri İsrailə aparana kimi, 5 nəfəri bura gətirmək olar, oradakı şəraiti burada qurmaq olar. Gülməlidir axı.
- Qrant layihələri barədə də tənqidi qeydləriniz vardı. Cəmiyyətin bilmədiyi bir işdir. Nə baş verib?
– Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib. Deyilənlərdən bəlli olur ki, müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən ümumilikdə 878 layihə təklifi daxil olub. Brifinqdən öyrəndik ki, Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.
QHT sədri kimi məni düşündürən bir məsələni qeyd etmişəm. Təhsil Nazirliyi Təşkilat Komitəsi və Ekspert Qrupunun tərkibi barədə cəmiyyətə məlumat verməlidir. Əks təqdirdə layihələrin maliyyələşdirilməsi şübhə altına alına bilər. Söhbət 1 milyon manatvəsaitin xərclənməsindən gedirsə, hər şey şəffaf olmalıdır. Ötən illərin layihələrinin monitorinqi də açıqlanmalıdır. Onu da bilirik ki, məktəb direktorları və müəllimlərin qrant layihələri yazmaq qabiliyyətləri çox aşağı səviyyədədir. Bu işin əlifbasını belə bilmirlər. Ortaya çoxsaylı suallar çıxır. Suallardan biri budur: QHT-lərə Dövlət Dəstəyi Şurasından ekspert qismində kimlər dəvət olunub? Bu qurumda da təhsil üzrə ixtisaslaşmış QHT-lər demək olar ki, yox səviyyəsindədir. III qrant müsabiqəsidirsə, əvvəlkilərin nəticəsi dəyərləndirilməlidir. Hansı hədəflərə nail olunub, kimləri əhatə edib? Bunu monitorinq edənlər kimlər olub? Ümumiyyətlə, olunubmu? Çoxlu suallar var və onlara cavab verməyəndə bir də baxırsan ki, XIII qrant müsabiqəsi keçib, amma ortada kimlərinsə şəxsi faydalarından və qanqaralıqdan başqa heç nə yoxdur. Mən istəmirəm belə olsun. Yəni tənqidlərim həm də bunlarla bağlıdır.