27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
(R) 28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizəd Aygün Süleymanlının "AzPolitika.info”-ya müsahibəsi
- Aygün xanım, siz aktiv jurnalistikadasınız, qəzetçilikdən siyasətə geçidiniz, parlament seçkisinə qoşulmaq qərarınız nə ilə bağlı oldu?
- Bir neçə səbəb sadalamaq olar. Ancaq ilk sırada bir ildən çoxdur davam edən islahat prosesi dayanır. Prezident İlham Əliyev 2018-ci ilin sonlarından başlayaraq Azərbaycanı yenidən şəkilləndirir. Söhbət həm hakimiyyət komandasından, həm də bütünlükdə idarəetmə təfəkküründən gedir. Bu gün biz hakimiyyət vitrininə baxdıqda ölkəmizin necə dəyişdiyini, yeniləndiyini aydın görə bilirik. Jurnalistlərin, xüsusən siyasət yazarlarının bu prosesləri daha yaxından izləmək, təhlil etmək, prosesin növbəti mərhələsini proqnozlaşdırmaq şansları daha yüksəkdir. Bizim təhlillərimiz onu göstərir ki, bu gün Azərbaycanda islahat mərhələsi sürətlə davam edir, eyni zamanda uzun illər idarəetmədə olub yeniliklərə ayaq uydura bilmədiyi üçün prosesi ləngitmək istəyənlər var. Buna görə də Prezidentin keçid siyasətinə tam dəstək verənlərin seyrçi mövqeyi qəbuledilməzdir. Azərbaycan dövlətini indikindən daha güclü, cəmiyyəti daha sağlam görmək istəyən bütün qüvvələr səfərbər olmalıdır. Açığı, islahat prosesinə var olduğum sahədə dəstək verməyi düşünürdüm. Parlament seçkisinə qatılaraq fəaliyyətimi daha da genişləndirmək təklifini doğma Maştağa kəndinin ağsaqqal və ziyalılarından aldım. Onlar israrla bildirdilər ki, ərazinin aid olduğu 28 saylı Sabunçu üçüncü Seçki Dairəsindəki mənzərə ölkədə gedən yeniləşmə prosesinin bizim kəndlərdən yan keçəcəyini vəd edir. Ərazini parlamentdə 2 dönəm təmsil edən və susqunluğu ilə ad-san qazanan deputatın yenidən namizdəliyini irəli sürməsi, digər iddialıların isə gücləri ilə istəklərinin üst-üstə düşməməsi 28-ci dairənin Milli Məclisdə daha bir dönəm "susması” anlamına gəlirdi. Bu durumda mən üzərimdə haqqı olan insanların israrlı təkliflərini geri çevirə bilməzdim.
- Rəqibiniz yetərincə güclüdür. "Azərittifaq”ın prezidentidir, universitet rektorudur. "Feysbuk” açıqlamalarınızdan da görünür ki, rəqabət ilk gündən ən qızğın şəkildə başlayıb...
- Mən Eldar Quliyevi ümumiyyətlə rəqib saymıram. O, hələ də ölkədəki proseslərdən və Prezident İlham Əliyevin başlatdığı yeniləşmə siyasətindən xəbərsizdir. 70 yaşı haqlayan, 4 dönəm Milli Məclis üzvü olan bu şəxsin atdığı bütün addımlar o qədər arxaik, o qədər primitivdir ki, ona hansı dildə cavab verəcəyimizi şaşırırıq. Seçki dövlətin ən önəmli tədbirlərindən biridir. Məsələ dövlət başçısının xüsusi nəzarətində olanda bu məsuliyyəti ikiqat artırır. Eldar Quliyev Azərbaycan cəmiyyətindən o qədər qopuq fiqurdur ki, sadə vətəndaşın belə fərq etdiyi tendensiyaları görməkdə çətinlik çəkir.
- Misallar çəkə bilərsinizmi?
- Məsələn, ona hələ də elə gəlir ki, seçki prosesini yönətmək üçün insana yalnız və yanız para lazımdır. Sağlam rəqabət, seçicini inandırmaq, etimadını qazanmaq, şəffaf seçki ilə dövlətin imicinə xeyir gətirmək, seçiciyə verilən vədləri yerinə yetirmək onun kitabında yoxdur. Eldar Quliyev və komandasına elə gəlir ki, səsləri seçki günü qazanmaq yox, seçkiyə qədər satın almaq lazımdır. Ona görə də bizim kimi qapı-qapı gəzib seçicilərlə görüşmək yerinə, tərəfdarları kənd çayxanalarında seçicilərə hər səs üçün 20 manat təklif edir. Seçicinin iradəsinə pulla, kiçik ərzaq bağlaması ilə müdaxilə mənəvi böhranın pik nöqtəsidir. Eldar Quliyev və çevrəsi az qala bizə "salam” verən hər kəsin evinə adam göndərir ki, "onunla təmas qurmayın”. Bizim reklam çarxlarımızı votsap statuslarında paylaşan şəxslərə zəng vurub tələb edirlər ki, təcili çarxlar silinsin. Şükürlər olsun, təhdidlərinə layiqli cavab alırlar. İnsan bu qədərmi özgüvənsiz olar? Aydındır ki, 2000-ci ildən Milli Məclisin mandatını daşıyan bu şəxs nə nüfuzuna, nə deputat kimi fəaliyyətinə güvənmədiyi üçün belə qara yollara əl atır. Ümumiyyətlə, islahatlara ayaq uydurmadığını etiraf edərək özünü buraxan Milli Məclis tərkibindəki şəxslərin yenidən deputatlığa iddia etməsi absurddur. İstisnalar var, təbii. Ancaq dördqat deputat Eldar Quliyev həmin istisnalar siyahısında deyil.
- Eldar müəllim eyni zamanda Kooperasiya Universitetinin rektorudur. Milli Məclisin rektor-deputatları millət vəkilliyindən getməli oldular. Sizcə, hansı səbəbdən Eldar Quliyevə belə imkanlar tanınır?
- Bu mənim üçün də qaranlıqdır. Seçki Məcəlləsinin nəzərdə tutduğu konkret qadağa bəlli deyil ki, ona nə üçün aid edilmir. Deyilənlərə görə, Eldar Quliyev seçkiöncəsi rektorluğu qızına verib. Bundan başqa, hər kəsə bəllidir ki, Eldar Quliev nəhəng biznes sahibidir. Qanun qanunverici orqanda çalışanların biznes strukturlarına rəhbərliyini də qadağan edir. Biz zamanlar Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyevin komandasının ən parlaq üzvlərindən sayılan Eldar Quliyevə eks-Mehdiyev dönəmində Seçki Məcəllərinin 2 maddəsi üzrə güzəştlərin səbəbi qaranlıqdır. Onun şəxsi, iddia elədiyi elmi fəaliyyəti, biznesi ilə qətiyyən ilgilənmirik. Bizi narahat edən odur ki, belə namizədlərin yenidən Milli Məclisdə təmsilçilik iddiaları vətəndaşın ölkdəki sürətli dəyişikliklərə inamını sarsıdır. Çox ümid edirik ki, fevralın 9-da Azərbaycan Milli Məclisi keyfiyyətcə yenilənəcək, mandatını biznesinə qalxan edənlər, seçiciyə 5 ildən bir görünənlər parlament binasına yalnız kənardan baxacaqlar. Həmin ərəfəyə qədər Eldar Quliyevə cənab Prezidentin parlament seçkilərin haqqındakı çıxışını dəfələrlə izləməyi tövsiyə edirəm. Prezident İlham Əliyev həmin çıxışında vətəndaşın gözünə seçkidən-seçkiyə görünən deputatların fəaliyyətini çox gözəl dəyərləndirib.
- Namizədlərdən bir çoxu rəqiblərini canlı dabata çağırır. Sizin əsas rəqiblərinizə belə bir təklif göndərmək fikriniz varmı?
- Elə sizin vasitənizlə Eldar Quliyevi onun seçdiyi media qurumunda debata dəvət edirəm. Buyursun, seçki marafonu vasitəsilə heç olmasa bir dəfə sivil davranış sərgiləsin. Yeri gəlmişkən, yanvarın 18-də Maştağa Mədəniyyət Evində seçicilərlə görüşündə səsləndirdiyi fikirlərlə bağlı ona konkret suallarım var. Deyir ki, dövlət Bakı kəndlərində kanalizasiya quraşdırılmasına 25 milyard vəsait ayırıb... Bu rəqəm haradan götürülüb? Onun ümumiyyətlə Azərbaycan dövlət büdcəsinin həcmindən xəbəri varmı? Daha sonra elan edir ki, Maştağadakı Ruhi Xəstəxanaya 1,5 kilometr məsafədən su çəkdirib. Məktəbləri o təmir edib, poliklinikanı o yaradıb, ümumiyyətlə 28-ci seçki dairəsinin ərazisində daş daş üstə qoyulubsa onun vəsaiti hesabınadır... Debata gəlsəydi, büdcə vəsaitləri hesabına həyata keçirilən dövlət proqramlarını nəyə görə öz adına çıxmasına aydınlıq gətirərdi.
- Seçicilərlə görüşlərdə gəldiyiniz nəticə necədir? Fevralın 9-da seçici fəallığı gözlənilirmi?
- Bu, namizədlərin davranışlarından birbaşa asılıdır. Əgər namizəd seçici ilə qanunsuz sövdələşməyə gedirsə, aydındır ki, bu, vətəndaşın seçki prosesinə inamına zərbə vurur. Biz hər görüşümüzdə seçiciləri inandırmağa çalışırıq ki, 9 fevral seçkisi Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı olacaq. Prosesin şəffaf keçirilməsi üçün biz hər bir vətəndaşı seçici fəallığına dəvət edirik, sivil seçki mədəniyyətinin formalaşmasını cəmiyyətimizin inkişafı üçün vacib olduğunu onlara izah edirik. Demək olar, hər evdən pozitiv qərarlarla ayrılırıq. Seçicilər dərk edir ki, 9 fevralda seçkiyə qatılmamaq yaşadığı bölgəni köhnə tendensiyalara məhkum etməkdir. Bu səbəbdən ümid edirəm ki, fevralın 9-da Azərbaycan seçicisi son illərin ən yüksək seçici fəallığını göstərəcək.
- Bir sıra dairələrdə inzibati resurslardan konkret namizədin xeyrinə istifadə ilə bağlı iddialar var. Siz belə hallarla qarşılaşmısınızmı?
- Eldar Quliyevin 18 yanvar tədbiri keçirilən məkan məktəblərin, poliklinika və xəstəxanaların hesabına doldurulmuşdu. Şəxsən məkanı izlədim, çox sayda məktəbli gördüm. Aydındır ki, məktəblilər deputatla görüşə könüllü gəlməmişdilər. Bundan başqa, məktəblərdə müəllimlərin hər birinə 200 şəxsiyyət vəsiqəsi toplanması haqqında göstəriş verildiyi haqqında informasilayar var. Aydın görünür ki, konkret qüvvələr sağlam rəqabət mühiti yaranmasına imkan vermək istəmirlər. Biz bütün mümkün vasitələrlə bu seçki pozuntularını faktlaşdırırıq. Yəqin ki, seçiyə yaxın Mərkəzi Seçki Komissiyasına konkret faktlar üzrə şikayətlərimiz olacaq.