8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Parisdə yaşayan jurnalist Elnur Məcidli sosial mediada məqalə ilə çıxış edib.
Sozcu.info həmin məqaləni təqdim edir:
Rauf bəy namizədliyini açıqlayan kimi, mən onun namizədliyini dəstəklədiyimi bildirmişdim.
Sırf Rauf bəyin sayəsində bu gün mediada, sosial şəbəkələrdə və ictimai müzakirələrdə 35 saylı Xətai seçki dairəsinə böyük maraq yaranıb.
Eyni seçki dairəsində rəqibi olan İqbal Ağazadənin ilk gündən narahatlığı və buna paralel olaraq sədri olduğu Ümid partiyasının üzvlərinin Rauf bəyə qarşı sözlü, yazılı tacizləri qəbuledilməzdir və uzunmüddət dostluqları olmuş birinə qarşı bu cür mövqe sərgiləməsi, anlaşılmazdır.
Rauf bəyə qarşı müxtəlif dövrlərdə, müxtəlif ittihamlar səslənib, müxtəlif cinahlardan təhqirlərə, təzyiqlərə məruz qalıb və hamısının öhdəsindən gələ bilib və bu gün də dimdik ayaqdadır.
Bu, əlbəttə kimlərisə narahat edə bilər. Bu da, təbiidir.
Lakin, siyasətdə belə bir əxlaq kodeksi, fəaliyyət normaları var.
Rauf bəyə qarşı dublikat namizəd çıxarma, seçiciləriylə görüşünə bir neçə provakator göndərib, çaxnaşma yaratma cəhdləri özünə demokrat deyən bir siyasətçiyə, bir partiya sədrinə əsra yaraşmır və ümumiyyətlə bu və bənzər hərəkətlər heç bir əxlaq normasına və əndazəyə sığmır.
Bu seçki hələ bitməsə də, İqbal Ağazadənin siyasətçi kimi tam protitipini ortaya çıxardı.
Seçki və əvvəlində Rauf bəyə qarşı səsləndirilən ittihamlara gəlincə,
1. Ən çox qaragüruh tərəfindən səsləndirilən ittihamlardan biri, Rauf bəyin öz siyasi mövqeyini dəyişməsiylə bağlıdır.
Bu ittihamı səsləndirənlər əvvəlcə öz keçmişlərinə baxmalı, AXCP sədrinin 2005-ci ilə qədər, Milli Şura sədrinin və Müsavat partiyasının üzvlərinin 2010-cu ilə qədər hakimiyyətin razılığıyla Milli Məclisdə oturduqlarını unutmamalıdırlar.
Siyasətdə, mövqe və partiya dəyişmək təbiidir, bəzən isə zərurətdir.
Kimisə satqınçılıqda ittiham etmədən öncə, illərlə hakimiyyətin əlinə işləmiş, müxtəlif məmurlarla separatist danışıqlar aparmış "müxalifət liderlərinə" baxmaq lazımdır.
Rauf bəy nəyi yaxud kimi satıb?
Bu suala tutarlı cavabınız varmı?
Rauf bəy heç kimi satmayıb, bu zamana qədər hansı addımı atıbsa, açıq şəkildə atıb. Öz liderinin, dostlarının arxasından iş çevirməyib.
Bir-iki demoqoq deyə bilər ki, inandığı dəyərləri satıb...
Əgər inandığınız dəyərlər, dəyərsizləşibsə, dəyərsizləşdiriblərsə, o artıq dəyər deyil, dəyməzdir.
Bu dəyməzləri isə satmırsan, sadəcə atırsan, tərk edirsən.
Rauf bəy, açıq şəkildə, öz qəzetini götürüb, özünə yeni səngər formalaşdırıb.
Bununla yanaşı, Rauf bəyin vaxtilə mənsubu olduğu Müsavat Partiyasının lideri İsa Qəmbərə qarşı hörməti hamıya aydındır.
Bu seçki dairəsində Müsavat partiyasının heç bir namizəd çıxarmaması, həm də eyni partiyanın Rauf Arifoğlu dəstəkləməsi deməkdir.
Bu baxımdan, 35 saylı Xətai seçki dairəsi ərazisində yaşayan keçmiş və hazırkı müsavatçıların böyük əksəriyyətlə Rauf bəyə səs verəcəkləri şübhəsizdir.
Təhlükəli və mənəviyyatsız o adamlardır ki, illərdir hakimiyyət daxilindəki qruplarla mazaqlaşmalarına baxmayaraq, hələ də müxalifət içində kök salıb, fədakar, cəfakar insanları aldatmaqla və onları ümidsizliyə sürükləməklə məşğuldular.
2. Nə üçün Rauf bəy seçkiyə İqbal Ağazadənin namizəd olduğu dairədən qatılır?
Yersiz sualdı, çünki Rauf bəy hansı dairədən seçkidə iştirak etsə, o dairənin hazırkı yaxud keçmiş tanınmış namizədləri eyni ittihamı səsləndirəcəkdi.
21 ildir yaşadığı ərazidən öz namizədliyini irəli sürmək, Rauf bəyin ən təbii haqqıdır.
Bu sualı səsləndirən Ümid partiyasının üzvlərinə 2013-cü il prezident seçkilərində müxalif düşərgənin vahid namizədi Cəmil Həsənli olmasına baxmayaraq, partiya sədrlərinin verdiyi namizədliyi xatırlatmaq istərdim.
Özünü müstəqil, müxalif adlandıran bir partiya sədri nə üçün bu addımı atmışdı, axı Cəmil Həsənlidən daha çox səs yığmağı mümkünsüz idi.
Bəs o zaman onun bu addımı nəyə hesablanmışdı, prezident seçkilərində iştirakı hakimiyyət daxilindəki bir qrupun sifarişiyləmi olmuşdu, müxalif elektrotdan cüzi də olsa səs qoparmağımı hədəfləmişdi?
Bu suallara İqbal Ağazadə cavab verməlidir.
3. Rauf bəyi, Əli Həsənovla zamanında əlaqəsi olduğuna görə, ona yaxın adamların Rauf bəyin seçki qərargahını ziyarət etməsiylə bağlı hədəfə alanlar var.
Əli Həsənova qarşı mənim tənqidi mövqeyimi hər kəs bilir, lakin unutmayaq ki, o, keçən ilin sonuna qədər prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsini daşıyırdı və ölkə mətbuatıyla əlaqəli şəxs idi.
Mətbuatla bağlı bir çox layihəyə nəzarət edirdi və bu fonda baş redaktorların, jurnalistlərin onunla əlaqə saxlaması təbii idi.
Əli Həsənov artıq vəzifədə deyil, bu barədə çox danışmağı uyğun görmürəm.
Ancaq, bu məqama diqqət çəkənlərə, İqbal Ağazadənin 2015-ci ilə qədər keçmiş MTN naziri Eldar Mahmudovun kölgəsində deputat seçildiyini də xatırlatmaq lazımdır.
Öz həqiqi vəzifəsini unudaraq, sahibkarlara, məmurlara xərac kəsən, jurnalistləri həbsə atdıran, istəmədikləri haqqında ölkə rəhbərliyinə donos ötürən, ölkənin təhlükəsizlik məsələlərini bir kənara buraxıb başı alverə qarışan, ölkədə xarici kəşfiyyat orqanlarının meydan sulamasına şərait yaradan biriylə adının hallanması İqbal Ağazadəni heçmi narahat etmədi?
Digər təəccüblü məsələ, sabiq MTN nazirinin həbs etdiyi, şantaj etdiyi, başına minbir oyun açdığı adamların bu gün Ümid partiyasının sədrini müdafiə etmələridir.
İqbal Ağazadəni MTN-lə bağlı fəaliyyətini başa düşdük, bəs sizi onunla nə birləşdirir?!
4. Eks vəzifə sahiblərinin, vurulmuş, qovulmuş, vəzifəsindən atılmış məmur-oliqarxların və onların əlaltılarının da Rauf Arifogluna nifrəti böyükdür.
Çünki, onlar özlərini bataqlığa yuvarladıqca, Rauf bəy zirvəyə doğru qalxmaqdadır.
Bu mənada bu paxıllığı, həsədi bəlkə də başa düşmək olar.
Onlardan fərqli olaraq, Rauf bəy yediyi qaba tüpürmür.
Buna görə də Rauf bəyə dəstək verən, hörmət edən yüzlərlə iqtidar nümayəndəsi ola bilər.
Lakin, Rauf bəyin ən böyük dəstəyi, arxası elə özüdür.
5. Rauf Arifoğlu ilə İqbal Ağazadə arasında seçim etmək gərəkirsə, birmənalı olaraq Rauf bəydən yana seçim edilməlidir.
Çünki, Rauf bəyə hakimiyyətin islahatçı qanadı, digər namizədə vurulmaqda olan və öz yerlərini qorumağa çalışan qocalar dəstək verir.
Rauf bəy, sadəcə seçkiyə köklənib, şəffaf seçki keçirilməsinin və kampaniya aparılmasının tərəfdarıdır.
İqbal Ağazadə isə, cığal, narazı uşaq rolundadı, rəqibinə qarşı kloun devşirməsindən isə, keçmiş MTN iyi gəlir, bu praktika ona heç də başucalığı və hörmət gətirmir.
Rauf Arifoglu peşəkar jurnalist və bacarıqlı menecerdir, artıq ortaya qoyduğu bir neçə əsər var, gəminin sükanındakı bir kapitan kimi, fırtınalardan, dalğalardan kollektivini qoruyaraq bu günə qədər gətirdiyi Yeni Musavat Qəzeti adlı bir gəmisi var.
Qarşı tərəfdə isə, öz fəaliyyətiylə cəmiyyətə bu günə qədər ancaq ÜMİDSİZlik yayan bir partiya sədri var.
Rauf bəy həm millətçidir, həm dövlətçidir, rəqibi isə, belə görsənirki, hələ də harda duracağını tam müəyyənləşdirməyib.
Bütün bu sadaladığım məqamlara və apardığım müqayisələrə görə Rauf bəy 35 saylı Xətai seçki dairəsindən millətvəkili olma şansını haqq edir.
Bir ay sonra bu seçki də arxada qalacaq, nəticələrini müzakirə edib bitirmiş olacağıq.
Lakin, sırf şəxsi eqosu və ambissiyalarına görə kirli seçki fəndlərinə əl atanların cəmiyyət içinə çıxmağa üzü və deməyə görəsən yenə də sözü olacaqmı?
Azad, şəffaf və ədalətli seçki hər birimizin arzusudur.
Qısa seçki prosesində bu qədər çirkinləşməyə və qara əməllərlə insanları seçkidən soyutmağa dəyməz.