Mingəçevirdə karantin qaydalarını pozan şadlıq sarayları aşkarlanıb, birinin sahibi barəsində isə cinayət işi başladılıb.Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən, toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şadlıq saraylarında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.Belə ki, “Əsgər” şadlıq evinin şərtlərə uyğun olaraq ümumilikdə 40 qonaq qəbul etmə imkanının olmasına baxmayaraq, toy mərasimində 110 nəfərin iştirak etdiyi, eləcə də orada olanların COVID-19 pasportu olmadığı aşkarlanıb.Obyekti işlədən Asif Mustafayev barəsində toplanan materiallar üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.“Miraj”, “Sevgi” və “Sərin” şadlıq saraylarında aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, tədbirdə icazə verilən saydan artıq qonağın iştirak etməsi müəyyən olunub. Yol verilən qayda pozuntuları ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.“Miraj” şadlıq sarayının icarədarı Elnur Allahverdiyev dörd min, “Sevgi” şadlıq sarayının icarədarı Tahir Əliyev beş min məbləğində cərimə olunub. “Sərin” restoranını icarə əsasında işlədən Rübail Abbasov barəsində toplanmış materiallar isə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, dörd min manat məbləğində cərimələnib.